Məhkəmə qərarları › İş №2(012)-4698/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4698/2021

20.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4698/2021 20.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin və buna uyğun çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı miras qalmış əmlakın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik şəhadətnaməsinin və buna uyğun çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3nın şəxsi mülkiyyətində olmuş və ondan miras qalmış əmlak olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsi və onun vərəsəsi kimi tanınması, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisin və bunun əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin X23 Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-1295A; Kod 30800118 nömrəli, 16.01.2006-cı il tarixdə 1226 nömrə ilə kitabda qeyd edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun doğma bacısı X3nın mülkiyyətindədir və ölümündən sonra ondan miras əmlak olaraq qalmışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə icra nümayəndəliyindən verilmiş 09.07.2021-ci il tarixli, 602 saylı arayışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Mehdi Hüseynzadə küçəsi, 5 saylı fərdi yaşayış evi bacısı, X3na məxsus olmuş və halhazırda həmin ünvan üzrə qeydiyyatda heç bir şəxs yoxdur. Miras qalmış sözügedən əmlak faktiki olaraq ona məxsus olsa da müvəqqəti olaraq bacısı, mərhum Günəş Nuriyevanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün şəxsən onun tərəfindən reyestr xidmətinə müraciət edilmişdir ki, həmin məsələlərdən də bütün ailə üzvləri xəbərdardır, yəni digər bacı-qardaşlar, yaxınları, dostları, qohumları, hətta qonşuları belə daima məlumatlı olmuşdur. X3 sağ olduğu müddətdə heç vaxt ailə həyatı qurmamış, hər hansı bir şəxslə nikahda olmamış, övladı yoxdur, ağır yataq xəstəsi olduğu üçün əvvəllər valideynlərinin, dünyalarını dəyişdikdən sonra isə daima onun himayəsi altında yaşamışdır. Bacısı mərhum Günəş Nuriyeva barəsində nikah haqqında akt qeydi aşkar edilmədiyi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.07.2021-ci il tarixli, 05/Q-898/69 saylı arayışla da təsdiq edilir. Mərhum X1 rayonu, Novxanı kəndi ünvanı üzrə daimi pasport qeydiyyatında olmuşdur. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə icra nümayəndəliyindən verilmiş 09.07.2021-ci il tarixli, 604 saylı arayışdan görünür ki, X3 daima öz ailə üzvləri: yəni. qardaşı kimi onunla, atası X6, anası X21, bacısı Kazımova (Nuriyeva) Məlahət Əlibala qızı, qardaşı X17, bacısı X18 ilə Abşeron rayonu Novxanı kəndində birgə yaşamışdır. Valideynləri atası X6 20.02.1986-cı il tarixdə, anası X21 04.09.1996-cı il tarixdə vəfat etmişdir, valideynlərinin birgə nikahlarından 4 bacı: 29.04.1955-ci il təvəllüdlü Kazımova (Nuriyeva) Məlahət Əlibala qızı; 16.09.1962-ci il təvəllüdlü X18; 22.04.1978-ci il tarixdə vəfat etmiş X12; 14.04.2009-cu il tarixdə vəfat etmiş 17.02.1960-cı il təvəllüdlü X16 və 2 qardaş: o, yəni xx.xx.1952-ci il təvəllüdlü İddiaçı və 20.12.1957-ci il təvəllüdlü X17 dünyaya gəlmişdir. X34 ağır xəstəliklərdən əziyyət çəkdiyi üçün 14.04.2009-cu il tarixdə dünyasını dəyişənə qədər və sonradan da o, faktiki olaraq özünə məxsus olan miras qalmış əmlak ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə həmişə sahiblik etmiş, mütəmadi olaraq gəlib-gedərək baş çəkməklə nəzarət və idarə etmiş, torpağın hasarını, eləcə də, evin bütün təmir işlərini özü həyata keçirmişdir, həmişə bacısının yanında olmağa, ona yardım etməyə çalışmış, qulluğunda durmuş, onun müayinə və müalicəsi üçün bütün xərcləri, vəfat etdikdən sonra da dəfn mərasim xərclərini şəxsən özü ödəmiş, qardaş kimi üzərinə düşən vəzifələri yerinə yetirmiş və bütün bunlar Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kəndi üzrə icra nümayəndəliyindən verilmiş 09.07.2021-ci il tarixli, 603 saylı, eləcə də, Novxanı bələdiyyəsindən verilmiş 09.07.2021-ci il tarixli, 217 saylı arayışlarla təsdiq edilir. X26 miras qalmış əmlak - ünvan 3 ünvanda yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ona məxsus olduğunu, tərəfindən bacısının adına müvəqqəti rəsmiləşdirildiyini bütün ailə üzvləri yaxşı bildikləri üçün vərəsə kimi də həmin miras əmlakı yalnız özü faktiki olaraq qəbul etmiş, digər vərəsələrin həmin əmlaka dair hər hansı iddia və tələbləri, maraqları yoxdur. Miras qalmış həmin əmlaka dair adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin reyestr xidmətində adına müvafiq qaydada qeydiyyata alınması barədə Sumqayıt Regional Asan Xidmət Mərkəzi Notariat Ofisi tərəfindən elektron notarial qaydada təsdiq edilmiş digər vərəsələr Kazımova (Nuriyeva) Məlahət Əlibala qızının (reyestrdə 8İ-17849 nömrə ilə qeyd edilmişdir), X7 (reyestrdə 8İ-17848 nömrə ilə qeyd edilmişdir) və X8 (reyestrdə 8İ-17847 nömrə ilə qeyd edilmişdir) etirazının olmaması barədə razılıq ərizələri hazırkı iddia ərizəsinə qoşma kimi əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Hal-hazırda da həmin miras qalmış əmlaktorpaq sahəsi və fərdi yaşayış evində heç kəs yaşamır, şəxsən özünün istifadəsində və sahibliyindədir. X26 miras qalmış həmin əmlak-torpaq sahəsi və fərdi yaşayış evinin adına qeydiyyata alınması məqsədi ilə “Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə”nin verilməsi üçün tərəfindən Sumqayıt "Asan Xidmət" mərkəzi Notariat ofisinə ərizə ilə müraciət olunsa da, notariat kontorunda miras qoyanın adına vərəsəlik işi açılsa da şəhadətnamənin verilməsindən imtina edilmiş və 22.06.2021-ci il tarixli, 1757 saylı məktubla məhkəməyə müraciət edilməsi ona tövsiyyə edilmişdir. Göründüyü kimi, miras qoyan şəxs mərhum Günəş Nuriyeva heç vaxt nikah münasibətlərində olmamış, övladları yoxdur və həmin əmlakın hər hansı şəxsə keçməsi ilə bağlı tərəfindən notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə verilməmişdir. Mərhumun valideynləri atası-Əlibala Nuriyev və anası-Nərgiz Nuriyeva dünyasını dəyişdiyi üçün hal-hazırda sağ olan bacı və qardaşlar qanun üzrə vərəsə hesab edilməlidir. Elə bu səbəbdən hesab edir ki, iddiaçı olaraq onun mərhum Günəş Nuriyevadan qalmış miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə tələbi tam qanuni və əsaslıdır. Yuxarıda qeyd etdiyi kimi, ünvan 4 ünvanında yerləşən miras qalmış əmlak yəni, 10 (on) sot torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin ona məxsus olmasını bütün ailə üzvləri bildikləri üçün digər vərəsələrin həmin əmlaka dair heç bir iddiaları, tələbləri yoxdur. Eyni zamanda, Novxanı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən və Novxanı bələdiyyəsindən verilmiş arayışlardan da açıq-aşkar görünür ki, mərhum G.Nuriyeva daima onun himayəsində olmuş, miras əmlakı faktiki olaraq o, qəbul etmiş, mütəmadi baş çəkməklə nəzarət və idarə etmişdir. O, 12 il bundan əvvəl vəfat etmiş bacısına məxsus miras əmlakın qəbul edilməsi ilə bağlı istənilən vaxt müraciət edilmənin mümkün olduğunu hesab etmişdir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdi. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kazımova Məlahət Əlibala qızı ifadəsində göstərmişdir ki, o, İddiaçı bacısıdır. X16 isə onun bacısı olmuşdur. Onlar ailədə dörd bacı və iki qardaş olmuşlar. Bacılardan Günəş və Həqiqət rəhmətə getmişlər. Hazırda atasından miras əmlak olaraq qalmış ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi bacısı Günəşin adına olmuşdur. Günəş xəstə olduğundan qardaşı Cəbrayılın evində qalırdı, ona Cəbrayıl qulluq göstərmiş, rəhmətə gedəndə də yanında məhz Cəbrayıl olmuşdur. Bu səbəbdən də Cərbayıl miras olaraq qalmış evdən qonşuluqda yaşayırdı, həmçinin o evə də nəzarət etmiş, bütün kommunal xərcləri də özü ödəmişdir. Cəbrayıl həm öz evini və həm də bacısı Günəşin adına olmuş evi öz evi kimi istifadə edirdi. Bu səbəbdən də bütün bacı və qardaşlar həmin evin İddiaçı adına keçməsinə etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, İddiaçı onun böyük qardaşıdır. ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi onun atasından miras olaraq bacısı Günəşin adına rəsmiləşdirilmişdir. Atasının torpaq sahəsinin yaxınlığında qardaşı Cəbrayıl da ev tikib yaşamış, kommunal xərclərini o, özü ödəmişdir. Bu səbəbdən də hər iki ev Cəbrayıl üçün demək olar ki, bir ev kimi olmuşdur. Bu səbəbdən də bütün bacı və qardaşlar həmin evin Cəbrayılın adına keçməsinə etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, İddiaçı onun böyük qardaşıdır. X16 isə onun bacısı olmuşdur. ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evi X11 atalarından miras əmlak olaraq qalmışdır. Həmin evdən qonşuluqda isə qardaşı Cəbrayıl yaşayırdı. Qeyd olunan evin kommunal xərclərini də Cəbrayıl ödəyirdi. Bacısı xəstə olduğundan qardaşı Cəbrayılın evində yaşayırdı və ona qardaşı qulluq göstərirdi. Eyni zamanda bacısı Günəşə atasından miras əmlak olaraq qalmış həmin evə də Cəbrayıl nəzarət edirdi, Həmçinin, qardaşı həmin evdə müəyyən təmir işləri də aparmışdır. Bacısı rəhmətə gedəndə onun yanında Cəbrayıl olmuşdur. Bu səbəbdən də Günəşin adına olmuş ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinə dair qalan bütün bacı və qardaşlar həmin əmlakın İddiaçı adına keçməsinə etiraz etməmiş və bu barədə ərizə təqdim etmişlər. Cavabdeh Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin tərəflərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Novxanı kənd qeydiyyat bürosu tərəfindən verilmiş 06.04.1952-ci il tarixli ИE № 819896 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 24.05.1952-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X14r. -X31 tərəfindən verilmiş 17.02.1960-cı il tarixli İ-ИE № 827968 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 08.02.1960cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 9 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X14r. -X31 tərəfindən verilmiş 22.09.1962-ci il tarixli AЗ № 225884 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X18 16.09.1962ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 62 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X14r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13.05.2007-ci il tarixli AZ-T № 023101 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 20.12.1957-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X6, anası X14r. -Abşeron rayon Novxanı kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş 21.06.2021-ci il tarixli AZ-T № 171600 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nurueva Məlahət Əlibala qızı 29.04.1955-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 3 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X13, anası X15r. -X31 tərəfindən verilmiş 10.03.1986-cı il tarixli İİİ-ЖГ № 325511 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 20.02.1986-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 02.10.1996-cı il tarixli İV-ЖГ № 452610 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X21 04.09.1996-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 03.05.2007-ci il tarixli AZ-İ № 876348 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 22.04.1978-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29.04.2009-cu il tarixli AZ-İ № 348793 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 29.04.2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 231 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -16.01.2006-cı il tarixli JN 1295A nömrəli Kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30.08.1999-cu il tarixli 28 nömrəli qərarı ilə Abşeron rayonu Novxanı kəndində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.10 ha torpaq sahəsi X5 mülkiyyətinə verilmiş və bu barədə 1226 nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 22.06.2021-ci il tarixli 1757 saylı məktubdan görünür ki, X9 14.04.2009-cu ildə vəfatı ilə əlaqədar Notariat ofisinə miras qoyanın adına vərəsəlik işi açılmış və miras qoyanın qardaşı İddiaçı mirasın qəbulu barədə ərizəsi qəbul edilmişdir. Vərəsəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 002 saylı arayışdan görünür ki, Abşeron rayonu Novxanı kəndində yerləşən M.Hüseynzadə küçəsində yerləşən ümumi sahəsi 106 kv.m olan üç otaqlı 5 saylı ev X11 məxsus olmuşdur. Həmin evdə qeydiyyatda heç kim yoxdur. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 603 saylı və Abşeron rayon Novxanı Bələdiyyəsi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 217 saylı arayışlardan görünür ki, İddiaçı həqiqətən bacısı mərhumə X16 14.04.2009-cu il tarixdə rəhmətə gedənə kimi qardaşının himayəsində olmuş, bacısının Abşeron rayonu Novxanı kəndi M.Hüseynzadə küçəsində yerləşən 0,10 ha torpağında yerləşən fərdi yaşayış evinə daim nəzarət etmiş və dəfn xərcini mərhumənin qardaşı İddiaçı özü çəkmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09.07.2021-ci il tarixli 604 saylı arayışdan görünür ki, həqiqətən də X3 aşağıdakı ailə üzvləri ilə birgə Abşeron rayonu Novxanı kəndində yaşamışdır.1. X6 (atası), 2. X22 (anası), 3. İddiaçı (qardaşı), 4. Kazımova Məlahət Əlibala qızı (bacısı), 5. X17 (qardaşı), 6. X18 (bacısı). -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10.07.2021-ci il tarixli 05/Q- 898/69 saylı arayışdan görünür ki, 08.02.1960-cı il tarixdə Abşeron rayonu Novxanı kəndində anadan olmuş X5 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 29.04.2009-cu il tarixədək Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X5 nikah haqqında akt qeydi aşkar edilməmişdir. Qeyd: X5 ölümü 29.04.2009-cu il tarixdə 31 nömrəli aktla Abşeron rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. -Sumqayıt Asan Xidmət Mərkəzində Notariat Ofisində Kazımova Məlahət Əlibala qızının, X8, X7 notarial qaydada təsdiq olunmuş 12.07.2021-ci il tarixli ərizələrindən görünür ki, onlar 14.04.2009-cu il tarixdə vəfat etmiş X3na məxsus olan Abşeron rayonu Novxanı kəndi ünvanında yerləşən (JN-1295A, Kod ********) 0.10 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestr xidmətində İddiaçı adına qeydiyyata alınmasına etiraz etməmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 30.08.2004-cü il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Nuriyev X10 rayonu Novxanı kəndində qeydiyyatdadır. -Sumqayıt ŞPİ tərəfindən verilmiş 22.07.2005-ci il tarixli AZE № 03728414 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Kazımova Məlahət Əlibala qızı Sumqayıt şəhəri məhəllə 3, 6/21 saylı evin 26 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 18.02.2013-cü il tarixli AZE № 13216078 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X2 rayonu Novxanı kəndində qeydiyyatdadır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 20.12.1957-ci il təvəllüdlü X17 Azərbaycan Respublikasının vətəndaşıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı, Kazımova (Nuriyeva) Məlahət Əlibala qızı, X17, X16, X18, X12 bir ailənin üzvləridir, onlardan X12 22.04.1978-ci il tarixdə, X16 isə 29.04.2009-cu il tarixdə vəfat etmişdir. X11 məxsus olmuş ünvan 5 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində yerləşən 106 kv.m olan üç otaqlı fərdi yaşayış evi X16 vəfat etdiyi gündən onun qardaşı İddiaçı faktiki sahibliyində olmuşdur. İddiaçı vərəsəlik işinin açılması üçün Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə müraciət etmiş və həmin qurumun 22.06.2021-ci il tarixli 1757 saylı məktubu ilə mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən həmin müddətin bərpası üçün məhkəməyə müraciət etməsi iddiaçıya tövsiyyə olunmuşdur. Hazırda, İddiaçı miras qalmış əmlakın faktiki olaraq qəbul edilməsinin tanınması, qanun üzrə vərəsəlik şəhadətnaməsinin və həmin şəhadətnamə əsasında çıxarışın verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsi və üzərində inşa edilmiş 3 otaqlı, 106 kv.m ümumi sahədən ibarət olan fərdi yaşayış evinin onun tərəfindən faktiki qəbul edilməsinin müəyyən edilməsini, onun vərəsə kimi tanınmasını, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında çıxarışın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, miras əmlak olaraq qəbul edilməsi xahiş olunan ünvan 6 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi X3nın adına 16.01.2006-cı il tarixli JN 1295A nömrəli Kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasənda qeydə alınmış və bu barədə 1226 qeydiyyat nömrəsi ilə rəsmiləşdirilmişdir. Lakin mərhumun sağlıq durumlarından dolayı həmin torpaq sahəsində yerləşən üç otaqlı 106 kv.m olan fərdi yaşayış evindən qonşuluqda yerləşən, hazırki iş üzrə İddiaçı məxus olan evdə yaşaması, ona iddiaçı tərəfindən qulluq göstərilməsi, eyni zamanda, miras əmlak olaraq qəbul edilməsi xahiş olunan evə dair kommunal xərclərin iddiaçı tərəfindən ödənilməsi, ev barəsində təmir-tikinti, artırma işlərinin iddiaçı tərəfindən həyata keçirilməsi şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, miras əmlak olaraq qəbul edilməsi faktı tələb olunan daşınmaz əmlak ünvan 5 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən üç otaqlı 106 kv.m olan fərdi yaşayış evi olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlar əsasında müəyyən etmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd 16.01.2006-cı il tarixli JN 1295A nömrəli Kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə olmuşdur ki, həmin sənəd əsasında da Abşeron rayonu Novxanı kəndində yerləşən cizgidə göstərilmiş sərhəd daxilində 0.10 ha torpaq sahəsinin X5 mülkiyyətinə verildiyi və bu barədə 1226 nömrəsi ilə qeydiyyata alındığı təsdiqlənmişdir. Lakin həmin torpaq sahəsi üzərində yerləşən üç otaqlı 106 kv.m olan fərdi yaşayış evinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də, məhkəmə, X3na məxsus olan torpaq sahəsi və üzərində yerləşən evə dair iddiaçının nəzarət etməsi, təmir-tikinti, artırma işlərinin həyata keçirilməsi, kommunal xərclərin ödənilməsi, həmin torpaq sahəsinin mülkiyyətçisi olmuş X11 qulluq göstərməsi, onun dəfn xərclərini ödəməsi iddiaçının həmin miras əmlaka faktiki sahiblik etməsi, miras əmlakı açıq-aşkar qəbul etmək niyyətinin olduğunu təsdiqləyir. Həmçinin, məhkəmədə şahid qismində dindirilmiş iddiaçının bacıları və qardaşının ifadəsindən, həmçinin, onların notarial qaydada təsdiq olunmuş ərizələrindən miras əmlak olaraq qəbul edilmiş torpaq sahəsinin iddiaçının xeyrinə imtina edilməsi təsdiq olunmuşdur. Bu səbəbdən də, məhkəmə iddiaçının iddia tələbinin miras əmlak olaraq qəbul edilməsi faktı nəzərdə tutulan yalnız torpaq sahəsinə münasibətdə təsdiq edir və X3nın şəxsi mülkiyyətində olmuş və ondan miras qalmış əmlak olan ünvan 1 ünvanında yerləşən 0,10 ha torpaq sahəsinin İddiaçı tərəfindən faktiki olaraq qəbul etməsi faktının tanınması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1243.1 maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixili Qərarındakı hüququ mövqeyə əsasən, həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin, G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2014-cü il tarixli Qərarındakı hüququ mövqeyə əsasən, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə iddiaçının iddia tələbinin “daşınmaz əmlaka dair mirasın qəbul edilməsi barəsində onun vərəsə kimi tanınması” hissəsində qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamə icra hakimiyyəti nümayəndəliyinin müstəsna səlahiyyəti olduğundan və daşınmaz əmlaka dair mirasın qəbul edilməsi faktı məhkəmə qaydasında təsdiqlənmiş işlər üzrə məhkəmə qətnamələri qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün əsas olduğundan məhkəmə iddia tələbini bu hissədə də əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə iddiaçının iddia tələbinin “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinin, daşınmaz əmlaka dair iddiaçının adına çıxarış verilməsi vəzifəsinin isə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulması” hissəsində qeyd edir ki, mirasın qəbul edilməsi faktı məhkəmə qaydasında təsdiq edilməsi barədə məhkəmə qətnamələri həmin daşınmaz əmlaklara dair şəhadətnamənin və çıxarışın verilməsinə əsas olduğundan və bu vəzifələrin icra edilməsi həmin vəzifə üzrə səlahiyyətli qurumların müstəsna səlahiyyəti olduğundan, məhkəmə qeyd olunan vəzifələrin icra etmək öhdəliyini daşıyan qurumların üzərinə həmin vəzifələrin icrası öhdəliyinin qoyulması üçün əsaslar görmədiyindən iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Belə ki, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli Qərarının: 2-ci bəndinə əsasən "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır: 3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir.

28. bəndinə əsasən notarius vərəsəlik, mülkiyyət hüququnu, ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin və sənədlərinin verilməsini, şəxsin sağ olması faktını, şəxsin müəyyən yerdə olması faktını, şəxsin fotoşəkildəki şəxslə eyniliyini, sənədlərin saxlanmaq üçün qəbul edilməsini təsdiq edərkən müvafiq şəhadətnamələr verməlidir.

92. bəndinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer hesab edilir.

95. bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Vərəsəlik şəhadətnaməsi tərtib edilərkən mirasın tərkibinə əmlak daxildirsə, şəhadətnamənin mətnində onun ümumi sahəsi (yaşayış və yardımçı sahələr, yaşayış otağının sayı), ünvanı, ümumi mülkiyyətdən ölənə çatası pay (hissə), hansı hüquq müəyyənedici sənədə əsasən miras qoyana məxsus olması, eləcə də həmin əmlakın yüklü olub-olmamasına dair arayış barədə məlumatlar (tarixi, nömrəsi və s.), qeyri-yaşayış və torpaq sahələrinə dair müvafiq məlumatlar göstərilməlidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun: 12.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. 12.2. maddəsinə əsasən dövlət reyestrindən elektron çıxarışın məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunvericiliyin tələblərinə istinad edərək məhkəmə tədqiq olunmuş sübutları ümumiləşdirib belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 16.01.2006-cı il tarixli JN 1295A nömrəli Kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X3nın adına 1226 qeydiyyat nömrəsi ilə təsdiqlənmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair İddiaçı mirası faktiki qəbul etməsi tanınmalıdır. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. 16.01.2006-cı il tarixli JN-1295A nömrəli Kod 30800118 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında X3nın adına 1226 qeydiyyat nömrəsi ilə təsdiqlənmiş Abşeron rayonu Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinə dair İddiaçı tərəfindən mirasın faktiki qəbul edilməsi tanınsın. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar