Məhkəmə qərarları › İş №2(105)-604/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-604/2025

01.04.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-604/2025 01.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı və X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “mirasın qəbul edilməsi vaxtının uzadılması, yaşayış evinin və həyətyanı torpaq sahəsinin ½ hissəsinə vərəsəlik əsasında mülkiyyət hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 09 fevral 2025-ci il tarixli, 2(027)-926/2009 nömrəli qərardadından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X3 iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Quba rayonu, Afurca kəndində yerləşən bir mərtəbəli, ümumi və yaşayış sahəsi 27 kv.m olan, iki yaşayış otağından ibarət yaşayış evinin və həmin evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə hər birinin vərəsəlik əsasında mülkiyyət hüququnun müəyyən edilməsi və mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsində adlarına qeydə alınaraq reyestrdən çıxarış verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba Rayon Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli, 2(027)-926/2009 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, X4 miras qalmış Quba rayonu, Afurca kəndində 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi və yaşayış sahəsi 27 kv.m, bir mərtəbəli, iki otaqlı yaşayış evinə vərəsəlik hüquqları əsasında, evin yerləşdiyi 0,10 ha həyətyanı torpaq sahəsinə isə qanuni istifadəçiləri kimi İddiaçı və X2 bərabər paylarda mülkiyyət hüquqlarının tanınması və yaşayış evinin və torpaq sahəsinin ½ hissəsinə onların mülkiyyət hüquqlarının qeydə alınaraq daşınmaz əmlakın dövlət reyesterindən çıxarışın verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixdə X8 məhkəməyə ərizə ilə müraciət edərək 12 noyabr 2009-cu il tarixli, 2(027)-926/2009 nömrəli qətnamənin hazırki vaxtadək icra edilmədiyini bildirmiş və icraya yönləndirilməsini xahiş etmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdə ölmüş və X8 onun arvadıdır. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubu ilə müvafiq qətnamə icra edilməsi üçün cavabdehə göndərilmişdir. Bundan sonra cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(027)-926/2009 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə hesab etmişdir ki, apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ərzində verilməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə şikayət verərək Quba Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(027)-926/2009 saylı qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, daşınmaz əmlaka mülkiyyət hüquqlarının dövlət qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Ərazi İdarələri tərəfindən aparılır. Belə halda təbii ki, qəbul olunmuş məhkəmə qətnaməsi onların hüquq və vəzifələrinə toxunur. Birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin hansısa hallarda başqa cür hesablanmasına dair (məs: əgər prosesdə şikayət verən tərəfin nümayəndəsi iştirak etmişsə yaxud proses iştirakçılarına qətnamə elan olunmuşsa, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi və s.) qanunvericilikdə başqa göstəriş yoxdur. Əksinə, apellyasiya şikayəti vermə müddətinin qətnamənin rəsmi qaydada verildiyi andan hesablanmasına dair qanunda düzünə göstəriş vardır. Tərəflərin məhkəmə prosesində iştirak edib-etməməsi, yaxud qətnamənin proses iştirakçılarına elan olunmasının, məhkəmə tərəfindən qətnamənin qəbul edilmə tarixi apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən 1 aylıq müddətin axımına heç cür təsir etmir - həmin müddətin axımı qətnamə rəsmi qaydada verildiyi günü andan başlanır. Quba Rayon Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli qətnaməsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə 06 dekabr 2024-cü il tarixində Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-926/2009 nömrəli məktubu və poçt zərfi ilə daxil olmuşdur. Həmin müddətədək qətnamənin mövcudluğundan məlumatları olmamışdır və apellyasiya şikayətinin verilməsi üçün 1 (bir) aylıq prosessual müddət buraxılmamışdır. Apellyasiya şikayəti isə 29 dekabr 2024-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemi ilə verilmişdir. Quba Rayon Məhkəməsinin qərardadında göstərilənlərin tam əksinə olaraq bu işdə qərardaddan şikayətinin müddətin buraxılması halı mövcud deyildir-şikayət vaxtında verilmişdir. Quba Rayon Məhkəməsinin 18 fevral 2025-ci il tarixli, 2(027)-926/2009 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında mübahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin və hüquqi müəyyənlik prinsipinin təmin olunmasına yönəlmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. (“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 6 iyun 2014-cü il tarixli qərarı) İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 12 noyabr 2009-cu il tarixli, 2(027)-926/2009 nömrəli qətnaməsi xx.xx.2009-cu il tarixli müşayiət məktubu ilə cavabdehə göndərilmiş və bununl bağlı iş materiallarında xx.xx.2009-cu il tarixli AKZ/5№745000 saylı poçt qəbzi mövcuddur (iş vərəqi, səhifə 35). Qətnamə xx.xx.2009-cu il tarixdə qüvvəyə mindiyindən İddiaçı vərəsəsi X6 müraciəti əsasında birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2025-ci il tarixdə icra vərəqəsi verilərək icraya yönəldilmişdir. Cavabdeh isə hazırda qətnamənin qəbulundan uzun müddət keçdikdən sonra ondan məlumatlı olmamasını bildirərək apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Konstitusiya Məhkəməsinin qərarında qeyd edilən mövqelər nəzərə alınmaqla, hazırkı iş üzrə12 noyabr 2009-cu il tarixli qətnamədən cavabdeh tərəfindən 15 ildən artıq müddət keçdikdən sonra verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında yenidən baxılması hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə hakim apellyasiya şikayətini geri qaytarır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin dəlilləri əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Quba Rayon Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(027)-926/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar