Məhkəmə qərarları › İş №2(105)-1329/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1329/2024

16.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1329/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı üçüncü şəxs Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisi cəlb olunmaqla Cavabdeh qarşı vərəsəlik haqqında şəhadətnamənin və Reyestr çıxarışının ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-818/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı, məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi kimi Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisindən Cavabdeh adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin və həmin şəhadətnamə əsasında verilmiş reyestr çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 onun qardaşıdır. O, 18 dekabr 1997ci il tarixdə el adəti üzrə Quba rayonu, Nügədi kənd sakini Cavabdeh ilə ailə qurmuş, lakin aralarında rəsmi nikahları olmamışdır. Birgə yaşadıqları müddətdə onların övladı olmamışdır. Qardaşı xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. X12 Quba RAİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə 0.39 ha torpaq sahəsi verilmiş və adına JN-367 kod 30319018 saylı Dövlət Aktı tərtib edilmişdir. Ələkbər Qasımov vəfat etdikdən sonra Cavabdeh Ə.Qasımovla aralarında rəsmi nikah olmadığından, qeyd olunan torpaq sahəsini əldə etmək üçün Quba rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, ər-arvadqohumluq münasibətində olma faktının müəyyən olunmasını xahiş etmiş, Quba rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ilə Cavabdeh X10 ilə ar-arvad qohumluq münasibətində olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra bildiyinə görə Cavabdeh Quba Regional Asan Xidmət mərkəzində notariat ofisinə müraciət edərək X4 yeganə vərəsəsi kimi Vərəsəlik hüququ haqqında şəhadətnamə almış və həmin şəhadətnamə əsasında yuxarıda qeyd olunan torpaq sahəsinə dair Ələkbər Qasımovun vərəsəsi kimi öz adına Çıxarış almışdır. Bildirir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 2075/2023 saylı qərardadı ilə apelyasiya şikayəti əsasında Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ləğv olunmuşdur. Quba Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2021-ci il tarixli 3544 saylı məktubundan görünür ki, İddiaçı və X6 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi sırasına daxildir. Qeyd edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarili 2(027)-1583/2022 saylı qətnaməsi ləğv edildiyindən, Cavabdeh X4 vərəsəsi deyildir, onun adına Vərəsəlik hüququ haqqında şəhadətnamə və həmin şəhadətnamə əsasında verilmiş Çıxarış ləğv edilməlidir. Qeyd edir ki, Cavabdeh adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnaməni və Reyestr Çıxarışını əldə edə bilmir. Maddi imkanı olmadığından vəkillə müqavilə bağlaya və aidiyyət orqanlara sorğu verərək həmin sənədləri əldə edə bilmir Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-818/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin olunması, Quba rayonu, İ Nügədi kəndi ərazisində yerləşən 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin xx.xx.2005-ci il tarixdə vəfat etmiş X7 məxsus ½ hissəsinə dair Cavabdeh verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”-nin etibarsız hesab edilməsi, Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli çıxarışların həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Cavabdeh verilmiş hissədə ləğv edilməsi qət edilmişdir (hakim Aydın Babayev). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-818/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 18 dekabr 1997-ci il tarixdə el adəti ilə toy məclisi keçirməklə Quba rayonu , Nügədi kənd sakini X10 ilə Qeydiyyat İdarəsində qeydiyyata alınmadan vətəndaş nikahına girib ailə qurmuşdur. Toylarında iş üzrə iddiaçı da iştirak etməklə xeyir duasını vermişdir. İddia ərizəsində də bu faktı təsdiq edir. Quba Rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə birgə təsərrüfat olaraq onlara 0.39 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə "Torpağa Mülkiyyət Hüququna Dair" JN-367 kod 30319018 nömrəli Dövlət Aktı ilə mülkiyyətilərinə torpaq sahəsi ayrılmışdır. X15 kitabında 800 nömrə ilə 10 avqust 2001-ci ildə qeydiyyata alınıb. Həyat yoldaşı X10 xx.xx.2005-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra yoldaşının yeganə vərəsəsi olduğu üçün miras əmlakı adına rəsmiləşdirilməsi məqsədilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə zəruri sənədləri təqdim edilməsində iddiaçı ona kömək etmişdir. Quba Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(027)-1583/2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh X10 ilə ərarvad münasibətində olma faktı müəyyən edilmişdir. Bundan sonra iddiaçı birgə nikah dövründə həyətyanı torpaq sahəsi alaraq inşa etdikləri evi sonsuz olduğunu bildirərək öz adına keçirilməsi barədə xahişlər etmiş, lakin o, bu təkiflə razı olmamışdır. Bundan narazı qalan İddiaçı heç bir əsas olmadan, miras əmlaklarını əlindən almaq məqsədilə Quba Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(027)-1583/2022-ci il tarixli qətnaməsindən müddəti buraxmaqla, yenidən 17 ildən sonra qardaşı X10 haqqında Qeydiyyat İdərəsindən ölüm haqqında şəhadətnamə alaraq, icra nümayəndəliyindən qeyri qanuni arayış almaqla mərhumun vərəsəsi kimi vərəsəlik şəhadətnəməsi əldə etməklə apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsinin mülki kollegiyasının hakimi ilə yaxın münasibətlərindən istifadə edərək Quba Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(027)-1583/2022-ci il tarixli qətnaməsinin ləğv etdirməklə, ərizəsinin baxılmamış saxlanılması barədə xx.xx.2023-cü il tarixli, 2(105)2075) 2023-cü il tarixli qanunsuz qərardad əldə etmişdir. Beləliklə məhkəmə qərardadı ilə AR Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən (Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsə kimi həyat yoldaşı ilə birlikdə əldə etdikləri miras əmlakdan məhrum etmişdir. Halbuki miras qoyanın mülkiyyətində olan ev onun və qardaşının vəsati hesabına inşa edilmişdir. İddiaçının məqsədi onu öz evindən çıxartmaqdır. Məhkəmənin gəldiyi nəticə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış və yalnız baxılmamış saxlanılması barədə qərardada əsasən qətnamə qəbul etmişdir. Məhkəmə vətəndaş nikahı dövründə həyatyanı torpaq sahəsi alaraq tikdikləri evdə yaşamaqlarına baxmayaraq bu faktiki halları aydınlaşdırmamış və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verməmişdir. Məhkəmə yalnız iş materiallarındakı sənədləri sıralamaqla, onun qərardadla pozulmuş miras əmlaka 1-ci növbə vərəsəlik hüquqlarının pozulmasını nəzərə almadan, yəni işin mahiyyəti üzrə heç bir araşdırma aparmadan maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməməsi ilə qətnamə qəbul etmişdir. Buradan müəyyən olunur ki, birgə mülkiyyətləri olan evdən 1/2 hissəsi ona məxsus olsa da, 2-ci növbəli vərəsə olan iddiaçı qanunsuz miras əmlaka sahibliyi əldə edərək onu evindən qovmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq üçüncü şəxs Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-1583/2022 saylı qətnaməsi ilə ərizəçi Cavabdeh maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsinə qarşı “qohumluq faktının müəyyən edilməsinə" dair ərizəsi üzrə Cavabdeh X10 ilə ər-arvad-qohumluq münasibətində olması faktı müəyyən edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 2075/2023 saylı qərardadı ilə ərizəçi Cavabdeh (maraqlı tərəf Quba rayon Qeydiyyat şöbəsi) “qohumluq faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, 2(027)-1583/2022 saylı qətnaməsi ləğv olunmuş, ərizəçi Cavabdeh qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-367 KOD 30319018 saylı Dövlət Aktının surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 07 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0.39 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakini X10 və Cavabdeh mülkiyyətinə verilmişdir. Torpağın Mülkiyyətə verilməsinə dair JN-682F KOD 30319018 saylı şəhadətnamənin surətindən görünür ki, Quba rayon AİK-nın 23 mart 1999-cu il tarixli 06 saylı qərarı ilə Quba rayonu, İ Nügədi kəndi ərazisindən fərdi ev tikintisi məqsədilə 0.07 ha torpaq sahəsi Quba rayonu, İ Nügədi kənd sakini X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AZ-İ 153391 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2005-ci il tarixdə vəfat etmiş, ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 51 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Quba Rayon Notariusu tərəfindən Cavabdeh adına verilmiş xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”nin surətindən göründüyü kümi, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi Cavabdeh 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X7 çatan hissədən tam pay almalıdır. İş materiallarında olan Quba rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il və xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, X10 barəsində nikah haqqında akt qeydi və ailə üzvləri barədə heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********33 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.1387 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 372 nömrəli reyestr kitabının 39 nömrəli vərəqində qeydiyyata alınmışdır (i/v 99). İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********34 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, İ Nügədi kəndi ərazisindən 0.2499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 372 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır (i/v 105). İş materiallarında olan Quba regional Quba rayonu, İ Nügədi kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışlardan göründüyü kimi, X10 xx.xx.1958-ci ildə Quba rayonu, İ Nügədi kəndində anadan olmuş, xx.xx.2005-ci il tarixdə həmin kənddə vəfat etmişdir. Vərəsələri qardaşı-İddiaçı və bacısı- X3r. X4 dəfn xərclərini qardaşı İddiaçı çəkmişdir. İş materiallarına əlavə olunan Quba Regional “Asan xidmət” mərkəzindəki notariat ofisinini notariusu tərəfindən DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinə verilmiş məlumatda qeyd olunur ki, Quba RİHB-nin İ Nügədi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021 -ci il tarixli 532 nömrəli arayışa əsasən İddiaçı və X6 xx.xx.2005-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi sırasına daxildir. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Quba rayonu, İ Nügədi kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə X7 və Cavabdeh ümumi birgə mülkiyyətinə 0.39 ha torpaq sahəsi verilmişdir, X4 vəfatından sonra Cavabdeh qohumluq faktını Quba Rayon Məhkəməsinin 16 avqust 2022-cü il tarixli 2(027)-1583/2022 sayiı qətnaməsilə təsdiq etdirmiş və bu əsasla ona X4 vərəsəsi kimi 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X7 düşən hissəsini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında öz mülkiyyətinə qəbul etmişdir. Həmin şəhadətnamə əsasında Cavabdeh adına Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış tərtib olunaraq, onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.2022-ci il tarixli, 2V-1337 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”də 0.39 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7 çatan hissəsi üzrə verilməsi hissəsində vərəsəlik şəhadətnaməsinin və hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi ləğv edilməsi hazırki apellyasiya qaydası üzrə mübahisə predmetidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə görə miras fıziki şəxsin ölümü və ya məhkəmə tərəfındən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fıziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə görə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.2-ci maddəsinə görə ölənin bacıları və qardaşları ikinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır.Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Birinci instansiya məhkəməsi Cavabdeh ilə X4 nikahları dövlət qeydiyyatına alınmadığından və qohumluq faktı barədə qətnamə ləğv olunduğundan, Cavabdeh X4 vərəsəsi kimi müəyyən oluna bilməməsinə istinad edərək iddia tələbini cavabdehin adına verilmiş Vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi hissəsində təmin etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən də müəyyən olunur ki, iddiaçı ilə cavabdehin nikahı qeydiyyata alınmamış və onların birgə nikahdan övladları olmamış, həmçinin mərhum X4 dəfn xərclərini də iddiaçı çəkmişdir. Mülki Məcəllənin 1134-cü maddəsində vərəslərin dairəsi müəyyən edilmiş və 1159-cu maddəyə əsasən qanun üzrə vərəsələr sadalanmışdır.Hazırki işin hallarına əsasən də müəyyən edilir ki, cavabdeh X4 vərəsəsi kimi yuxarıda qeyd olunan qanunvericilik normlarındakı şəxslərin dairəsinə aid edilmir, həmçinin Cavabdeh X10 ilə ər-arvadqohumluq münasibətində olması faktının müəyyən edilməsinə dair iddiası hüquq haqqında mübahisə olduğna görə baxılmamış saxlanılmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Kontitusiya Məhkəməsinin qərarına əsasən ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir. Göründüyü kimi cavabdeh X4 vərəsəsi müəyyən olunmadığından Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin və həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə” əsasında Cavabdeh verilmiş Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********4 reyestr nömrəli çıxarışların ləğv edilməsinə dair birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-818/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar