Məhkəmə qərarları › İş №2(012)-5082/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5082/2022

03.11.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5082/2022 03.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə Sumqayıt Asan Xidmət mərkəzi notariat ofisində bağlanmış AN-İ № ******* saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə ilə verilmiş 0.0121 ha torpaq sahəsinin və onun üzərindəki tikilinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Nəsimi rayonu 4cü mkr, H.Seyidzadə küçəsi 3 saylı evin 53 saylı mənzilində qeydiyyatda olduğunu bildirərək mülki işin aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, təqdim etdiyi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, hazırda, Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, H.Seyidzadə küçəsi 3 saylı evin 53 saylı mənzilində qeydiyyatda olmaqla həmin ünvan üzrə yaşayır. Hazırda, iddiaçının mülkiyyətində olan mənzilin üzərində həbs vardır. Bu səbəbdən də, o, Abşeron rayonu ərazisinə qeydiyyata düşə bilməmişdir. Bu səbəbdən də, hesab edir ki, mülki iş aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və ərizəyə münasibət bildirərək izahatında göstərmişdir ki, o, həmçinin, cavabdeh Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yaşayır. Eyni zamanda, himayəsində azyaşlı uşaqları olduğundan uşaqlarını məktəbə aparıb-gətirir. Bu səbəbdən də, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə mütəmadi olaraq gedib-gəlmək imkanı yoxdur. Ona görə də ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin ərizəsini, mülki iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, H.Seyidzadə küçəsi 3 saylı evin 53 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1 maddəsinə əsasən, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin: 40.1. maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, daşınmaz əmlakın olduğu yer üzrə verilən iddia tələbləri 1) mülkiyyət hüququnun tanınması, 2) qeyri-qanuni sahiblikdən götürülmə, 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulduğu hallarda mümkündür. Hazırki iddia tələblərindən məlum olduğu kimi isə, mübahisə predmeti daşınmaz əmlak deyil, həmin əmlak barəsində bağlanılmış alqı-satqı müqaviləsinin ləğvidir ki, həmin iddia tələbi də ümumi aidiyyət qaydalarına uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı ünvan üzrə məhkəmədə baxılmalıdır. Eyni zamanda, iddiaçı qanunsuz sahiblikdən geri qaytarılmasını tələb etdiyi tikiliyə münasibətdə hüquqmüəyyənedici sənədlərini məhkəməyə təqdim etmədiyindən ərizə əsaslıdır, ona görə də təmin edilməli, hazırki iş üzrə cavabdeh Bakı şəhəri Nəsimi rayonu 4-cü mkr, H.Seyidzadə küçəsi 3 saylı evin 53 saylı mənzilində qeydiyyatda olduğundan, ümumi aidiyyət qaydalarına uyğun olaraq iddia tələbi cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində, yəni Bakı şəhəri Nəsimi rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsinin və tikilinin qanunsuz sahiblikdən geri qaytarılması tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar