Məhkəmə qərarları › İş №2(012)-5238/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5238/2021

25.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5238/2021 25.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «hüquqi əhəmiyyətli olan faktların müəyyən olunması» ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN-1294A saylı,30800118 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibi X2 məxsus olmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında izahatında bildirdi ki, onun tərəfindən 09 avqust 2021-ci il tarixdə ərizə ilə DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilərək, Abşeron rayonu, Novxanı kəndində yerləşən ona və ailəsinin digər üzvlərinə məxsus 0,12 ha torpaq sahəsinə dair əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi xahiş edilmişdir, müraciəti DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən 12.08.2021-ci il tarixli, **********09 qeydiyyat nömrəli bildiriş məktubu ilə cavablandırılaraq, “Aparılan araşdırma zamanı müraciət üzrə əlavə edilmiş JN-1294A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən hüquq sahibinin adı ilə şəxsiyyəti təsdiq edən sənəddə göstərilən ad arasında fərq olduğu aşkar edlmişdir. Belə ki, JN-1294A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquq sahibi “X7” göstərildiyi halda şəxsiyyəti təsdiq edən sənəddə “X5” kimi qeyd edildiyi aşkar edilmişdir”. Elə bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunun 5.3-cü maddəsinə əsaslanaraq ərizənin icrasından imtina edilmiş və şifahi olaraq bununla bağlı məhkəməyə müraciət edilməsi ona tövsiyyə edilmişdir. Qeyd edir ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,12 ha torpaq sahəsi və üzərində inşa edilmiş 1202.7 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi hal-hazırda ləğv edilmiş AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Abşeron rayon şöbəsi tərəfindən verilmiş JN-1294A; KOD 30800118 №-li, 16.01.2006-cı ildə 1225 nömrə ilə kitabda qeyd edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən, ona, mərhum həyat yoldaşı-X4, oğlu-X10 və oğlu-X8 məxsusdur, AR Prezidentinin müvafiq saylı Fərmanı ilə hal-hazırda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmiş və həmin Komitənin səlahiyyətlər ilk əvvəl Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə, daha sonra isə AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilmişdir. Dövlət tərəfindən verilmiş bütün rəsmi sənədlərdə mərhum həyat yoldaşının adı “Səməmbər” qeyd edilsə də, JN-1294A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənnin verildiyi 2006-cı ildə arvadımın adının səhvən “Sənubər” kimi yazıldığı tərəfimdən müəyyən edilmişdir. Bununla bağlı narazılıq bildirilsə də, dəfələrlə DTXK Abşeron rayon şöbəsinə gələrək ərizə və müraciətlər, çoxsaylı şikayətlər olunsa da, o vaxt şöbədə ona bildirdilər ki, bu cüzi bir qrammatik səhvdir, gələcəkdə ona heç bir problem yaratmayacaq, yarandığı halda da şöbədə özləri bu məsələni mübahisəsiz həll edə biləcəklər, eləcə də, həmin şəhadətnaməni dəyişmək və yaxud da hər hansı düzəlişlər etmək mümkünsüzdür və nöqsanın aradan qaldırılmasından imtina etdikləri üçün inanmaq məcburiyyətində qalmışdır və digər dövlət orqanlarına da şikayət etməmişdir. Lakin, bütün deyilənlərə baxmayaraq, JN-1294A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhdətnamədə mərhum həyat yoldaşının adı səhvən “Sənubər” yazıldığı üçün hal-hazırda özünə məxsus əmlakına sahiblik, istifadə etmək və sərəncam vermək barədə mülkiyyət hüquqlarından məhrum olmuş, ona qarşı süründürməçilik hərəkətlərinə yol verilir. Hal-hazırda DTXK Abşeron rayon şöbəsi də ləğv edildiyi üçün səlahiyyətləri ƏMDX-i Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə verildiyindən, işçilərin də həmin məsələlərdən məlumatsız olması səbəbindən əmlakıyla bağlı hüquqları məhdudlaşdırılır. Qeyd edir ki, dövlət tərəfindən verilmiş bütün rəsmi sənədlərdə yəni, -mərhum X1 ölüm haqqında AZ-İİ № 199130 saylı, 24.08.2021-ci il tarixli şəhadətnamədən; -Nikahın bağlanması haqqında Ц-ЖГ № 316482 saylı, 10.06.1979-cu il tarixli şəhadətnamədən; -X9 28.11.1984-cü il tarixli doğum haqda şəhadətnamədən; -X6 Xİİİ-ЖГ № 283199 saylı, 11.02.1988-ci il tarixli doğum haqda şəhadətnamədən açıq-aşkar görünür, eləcə də, Novxanı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilmiş 671 saylı, 09.08.2021-ci il tarixli arayışla; -Novxanı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyindən Ərizəçi adına verilmiş ailə tərkibi haqqında 759 saylı, 31.08.2021-ci il tarixli arayışla təsdiq olunur ki, mərhum həyat yoldaşının adı “Səməmbər” olsa da, JN-1294A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhvən “Sənubər” kimi qeyd edilmişdir. Mərhum həyat yoldaşının adının “Səməmbər” olması ilə bağlı bütün ailə üzvləri yəni, bacıları-29.04.1955-ci il təvəllüdlü Kazımova (Nuriyeva) Məlahət Əlibala qızı və 16.09.1962-ci il təvəllüdlü Nuriyeva Yaqut ƏJibala qızı və qardaşı-20,12.1957-ci il təvəllüdlü X13, eləcə də, digər çoxsaylı yaxınları, dostları, qohumları, hətta qonşuları belə yaxşı bilir və əgər ehtiyac olsa hamısı gəlib məhkəmədə ifadə verib təsdiq edə bilərlər. Yuxarda qeyd etdiyi və hazırkı ərizəyə əlavə edilmiş rəsmi sənədlərdən açıq-aşkar göründüyü kimi, mərhum həyat yoldaşının adı, familiyası və atasının adı “X5” olduğu halda JN-1294A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhdətnamədə adı səhvən “Sənubər” kimi yazılmışdır ki, bu da ona məxsus əmlakıyla bağlı gələcəkdə mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək barədə qanuni hərəkətlərin həyata keçirilməsində bir çox problemlər yaratdığından hüquqi faktın müəyyən edilməsi ilə bağlı tələbi tam qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid X14 ifadəsində bildirdi ki, onun anası Nuriyeva Səməmbər 2020-ci ilin oktyabr ayında vəfat etmişdir. Onun anasının adı Səməmbər olmuşdur və o, Sənubər adlı şəxsi tanımır. Əzirəçi Ərizəçi isə onun doğma atasıdır. Anasının adının torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv yazılmasından onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, anası Nuriyeva Səməmbər 2020-ci ildə vəfat etmişdir. Lakin anasının adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə Səməmbər əvəzinə səhvən Sənubər olaraq göstərilmişdir. İş materiallarında olan Ц-ЖГ № 316482 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi ilə X5 10 iyun 1979-cu il tarixdə nikahlarını bağlamışlar və bu nikah 2088 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ № 199130 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 14.10.2020-ci ildə dünyasını dəyişmişdir. İş materiallarında olan 16.01.2006-cı il tarixli JN-1294A saylı,30800118 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 30 avqust 1999-cu il tarixli 28 saylı qərarı ilə verilmiş 0,12 hektar ölçüsü olan torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi,xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin(həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini və iş materiallarını araşdıraraq, hesab edir ki, Ərizəçi həyat yoldaşının adı JN-1294A saylı,30800118 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə səhv olaraq X7 olaraq göstərilmişdir. Lakin tərəflərin nikah haqqında şəhadətnaməsində və X1 ölüm haqqında şəhadətnaməsində X5 olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149-150, 216-220, 307,308, 311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. JN-1294A saylı,30800118 kod nömrəli “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də göstərilən hüquq sahibi X2 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar