Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5426/2025 26.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, anası xx.xx.1925-ci ildə anadan olmuş Əminə Abdulraqim qızının xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum Əminə Abdulraqim qızı onun anası olmuşdur. Anası xx.xx.1990-cı il tarixdə Abşeron rayonu Xırdalan şəhərində rəhmətə getmiş və həmin tarixdə Xırdalan qəbiristanlığında dəfn edilmişdir. Bununla bağlı Xırdalan şəhər bələdiyyəsindən alınmış arayışı və anasının qəbrinin şəkillərini də məhkəməyə təqdim edir. O, anasının ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən imtina verilmişdir. İmtinanın səbəbi kimi ölüm haqqında tibbi şəhadətnamənin təqdim edilməməsi göstərilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, xəstəxana tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Bildirir ki, anasının vəfat etməsinin müəyyən edilməsi faktı ona anasının ölümü haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Həmin şəhadətnamə isə atasının adına olan bağ sahəsinin vərəsəlik işinin aparılması üçün lazımdır. Odur ki, vəfat etmə faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin müəyyən edilməsinə zərurət meydana gəlmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur və onları uzun illərdirki tanıyır. Belə ki, ərizəçinin anası Əminə Abdulraqim qızı 1990-cı illərin qış aylarında yaşadığı evdə öz əcəli ilə dünyasını dəyişmişdir. Mərhumun ölümünə səbəb hər hansı bədbəxt hadisə və xəsarət alması nəticəsində deyil, yalnız xəstəlik nəticəsində təbii ölüm olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid2 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qonşusudur və onlarla münasibətləri çox yaxşı olmuşdur. Belə ki, ərizəçinin anası Əminə Abdulraqim qızı 1990-cı ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etmişdir. Mərhumun ayın hansı günüdə rəhmətə getməsi yadında deyildir. Mərhumun ölümünə səbəb xəstəliyi olmuş, bioloji ölüm olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Maraqlı şəxs tərəfindən verilmiş İİ-412657 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci il tarixində anadan olmuşdur. X1, anası isə Əminə Abdulraqim qızıdır. -Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-2666/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 18-1-20/2-X-42-3532/2025 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası” nın təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Əminə Abdulraqim qızının ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəfilərindən verilmir. -Abşeron rayonu Xırdalan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, XB- 382 №-li arayışdan görünür ki, Əminə Abdulraqim qızı xx.xx.1990-cı ildə Xırdalan qəbirstanlığında dəfn olunmuşdur. -Əminə Abdulraqim qızına məxsus baş daşına aid fotoşəkildən görünür ki, Əminə Abdulraqim qızı xx.xx.1990-cı ildə vəfat etmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Əminə Abdulraqim qızı ərizəçinin anası olmuş, sonuncu xx.xx.1990-cı il tarixdə vəfat etmişdir. Əminə Abdulraqim qızının vəfat etməsi faktı ərizəçinin izahatı və şahid ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər məhkəməyə verdiyi ifadəsində Əminə Abdulraqim qızının xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi ölüm haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında tədqiq edilmiş halları, tədqiq olunmuş sənədlər, Abşeron rayonu, Xırdalan şəhəri ünvanının məlumatı və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı Əminə Abdulraqim qızı xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1925-ci il tarixdə anadan olmuş Əminə Abdulraqim qızının xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1925-ci il tarixdə anadan olmuş Əminə Abdulraqim qızının xx.xx.1990-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ünvanında vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-5426/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5426/2025
26.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver