Məhkəmə qərarları › İş №2(012)-5442/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5442/2022

17.10.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5442/2022 17.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişinin “xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 ərizəçinin himayəsinə verilməsi, uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsi və alimentin xx.xx.2022-ci il tarixdən hesablanması” hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Maraqlı şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Hazırda, tərəflər ayrı yaşayır, aralarında faktiki nikah münasibəti yoxdur, nikah formal xarakter daşıyır. Birgə nikahdan olan uşaqlar ərizəçinin himayəsindədir. Ərizəçi ailə münasibətlərindən irəli gələn mübahisənin həll edilməsi üçün Mediasiya Şurasına müraciət etmiş, mediasiya prosesindən keçərək xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən, uşaqların ərizəçinin himayəsinə verilməsi və uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsi və alimentin xx.xx.2022-ci il tarixdən hesablanması ilə bağlı razılığa gəlinmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir və uşaqların saxlanılması üçün aliment ödəmir. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili Vəkil2 ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra mediasiya prosesində uşaqların ananın yanında saxlanılması və alimentin tutulması barədə razılıq əldə olunmuşdur. Tərəflərin nikahının pozulmasına dair məhkəmə qətnaməsi çıxarılmış, lakin alimentin tutulmasının təmin edilməsinin məhkəmə qaydasında təsdiq edilməsi zəruriyyəti yaranmışdır. Uşaqlar hazırda, ərizəçinin yanındadır və şənbə günləri uşaqlarla maraqlı şəxsin müvəqqəti ünsiyyəti təmin edilmişdir. Maraqlı şəxs alimenti davamlı şəkildə ödəmir. Tərəflər arasında alimentlə bağlı mübahisə olmasa da, ərizəçi bunun məhkəmə qaydasında təsdiq edilməsini istəyir. xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanılmışdır, əgər mübahisə olsaydı, xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında maraqlı şəxs özü də uşaqların ananın yanında qalmasına və aliment ödənilməsi ilə bağlı hər hansısa bir mübahisənin olmadığını bildirmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişindən görünür ki, tərəflər arasında nikahın davam etdirilməsi şərtləri, uşağın ananın yanında saxlanılması, alimentin müəyyən edilməsi, uşaqla ünsiyyət, qızıl-zinət (1 ədəd nişan üzüyü, komplekt-1 ədəd üzük, 1 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 ədəd sırğa ) tələbinə dair mübahisə vardır. Barışığın şərtləri: 2.1 Maraqlı şəxs və Ərizəçi Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə bağlanmış AZ-İ № 290220 saylı nikahın pozulmasına razılaşırlar və buna görə ikinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldıracaq. 2.2. Tərəflər razılaşırlar ki, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anası Ərizəçi yanında qalsın. 2.3 Tərəflər razılaşırlar ki, xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Ərizəçi xeyrinə ödənilsin. Aliment 01 iyun 2022-ci il tarixdən hesablansın. Aliment məbləği Ərizəçi müvafiq bank hesabına ödənilsin. Sazişin 2.4. bəndinə əsasən, uşaqla ünsiyyət hüququna dair və qızıl-zinət tələbinə dair mübahisə ilə bağlı razılaşma əldə edilmədi. Sazişin 2.7. bəndinə əsasən, saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Sazişin 2.8. bəndinə əsasən, əgər saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. -Ərizəçi Maraqlı şəxs ünvanlandığı pretenziya məktubundan görünür ki, ərizəçi maraqlı şəxsi 3 gün müddətində barışıq sazişinin şərtlərinə uyğun olaraq aliment məbləğini ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. -5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 201093 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5645 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. -5 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-T № 201094 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1345 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. -Abşeron RPŞ tərəfindən Yaşayış yerindən kənarda 60 gündən yuxarı olduğu yer üzrə qeydiyyata alınan vətəndaş barəsində təqdim edilən xx.xx.2022-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Ərizəçi Abşeron rayonu Masazır ərazi dairəsi Masazır kəndi Ə.Vahid küçəsi 108 saylı evə xx.xx.2023-cü il tarixədək müvəqqəti qeydiyyata alınmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Ərizəçi Cəbrayıl rayonu Çullu kəndində, Maraqlı şəxs isə Füzuli rayonu Arayatlı ərazi dairəsi Arayatlı kəndində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuş və tərəflərin birgə nikah münasibətlərindən xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuşdur. Beləliklə, tərəflərin ailə nikah münasibətləri pozulduğundan ərizəçi mübahisənin məhkəmədən kənar qaydada həlli üsulu olaraq mediasiyaya müraciət etmiş və mediasiya prosesi zamanı tərəflər arasında barışıq sazişi bağlanılmışdır. xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişinə əsasən, tərəflər məhkəmə qaydasında nikahın pozulması, uşaqların ananın yanında qalması, onların yetkinlik yaşına çatana qədər qədər saxlanılması üçün hər ay hər bir uşağa görə 193 manat olmaqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda, Maraqlı şəxs tərəfindən alimentin ödənilməsi öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, aliment tələbinə dair barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlar, həmçinin, ərizəçinin izahatı əsasında barışıq sazişi üzrə Maraqlı şəxs aliment ödənişlərindən yayınması öz təsdiqini tapmışdır. Eyni zamanda, uşaqları saxlamaq, onları maddi cəhətdən təmin etmək bir valideyn kimi hazırki iş üzrə atanın da vəzifəsi olmasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, aliment ödənişlərindən yayınan maraqlı şəxs barəsində xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda, icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, uşaqların mənafeyini nəzərə alaraq, alimentin ödənilməsindən yayınan valideyn tərəfindən öhdəliyin icrasını təmin etmək məqsədilə, barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli 00960 saylı barışıq sazişinin 2.2 və 2.3-cü bəndlərinə əsasən, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 analarının himayəsinə verilməsi və uşaqların saxlanılması üçün müəyyən edilmiş, hər ay hər bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməsi barədə barışıq sazişinin şərti məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar