Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5456/2024 03.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış 29 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, Maraqlı şəxslə 2012-ci ildə el adəti ilə evlənmişlər və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü Yunis adlı bir uşaq olmuşdur. Uşaq olduqdan iki ay sonra cavabdeh onları tərk edib getmişdir və nikah pozulduqdan sonra o, körpə uşaqla xəstə valideyinlərinin himayəsində yaşamışdır. Maraqlı şəxs ona 2020-ci ilədək heç bir maddi köməklik göstərmişdir. Yalnız bundan sonra aliment tələbi ilə məhkəməyə müraciət etmişdir və Abşeron Rayon Məhkəməsinin 07.08 2020-ci il tarixli qətnaməsi ilə aliment tələbinə dair iddia təmin edilərək, maraqlı şəxsdən hər ay 170 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. Hazırda qanunvericilikdə uşağın saxlanması xərci Prezidentin 26 dekabr 2023 il tarixli Fərmanı ilə artırılaraq 235 manat müəyyən edilmişdir. Uşaq böyüdükcə onun saxlanılması xərcləri də artır. Uşağa görə məhkəmənin müəyyən etdiyi məbləğdən əlavə aliment ödənilməsini cavabdehə təklif etsə də, o, bundan imtina etmişdir. Uşağın təminatını ödəməkdə çətinlik çəkir, cavabdehin ödədiyi aliment isə uşağın saxlanılması üçün yetərli deyildir. Maraqlı şəxslə alimentin artırılaraq 235 manat müəyyən edilməsi barədə Mediasiya Şurasında razıla gəlmiş və bu barədə 29 iyul 2024-cü il tarixdə barışıq sazişi imzalamışlar. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməmiş və nəinki artırılmış alimenti, heç əvvəlki qətnamə ilə müəyyən olunmuş alimenti də ödəməmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 13 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş MŞB/13/2024-00909 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Abşeron Rayon Məhkəməsi tərəfindən 2(012)- 2845/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamə ilə müəyyən edilmiş 170 manat alimentin 235 manat məbləğinə artırılmasına və aliment məbləğinin 2024-cü ilin avqust ayından başlayaraq hər ayın 1-10-u aralığında Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməsi barədə razılığa gəlmişlər. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2845/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, 22 avqust 2014-cü il təvəllüdlü X2 anası, yəni iddiaçı Ərizəçi yanında qalması müəyyən edilmiş, 22 avqust 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Maraqlı şəxs iddiaçı Ərizəçi xeyrinə hər ay 170 manat alimentin tutulması və alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi 03 iyul 2020-ci il tarixdən hesablanması qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş 22 avqust 2014-cü il təvəllüdlü X1 üçün alimentin artırılması barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü aliment öhdəliklərini orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Saziş icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: “xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat aliment məbləği 2024-cü ilin avqust ayından başlayaraq hər ayın 1-10-u aralığında Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilsin.” Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-5456/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5456/2024
03.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver