Məhkəmə qərarları › İş №2(012)-549/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-549/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-549/2021 05.05.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə 05 may 2021-ci il tarixdə, Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2ya qarşı kredit borcunun qaytarılması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 M/50304/61/4 saylı, 25.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nin xeyrinə 1608.7 manat əsas, 384.93 manat faiz borcu və 204.1 manat cərimə olmaqla, cəmi 2197.73 manat borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tələbin Cavabdeh2 məxsus ünvan 1 ünvanına yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan borcunun ödənilməsi; həmin mənzildə yaşayan Cavabdeh2 oradan çıxarılması; əmlakın boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 20.12.2017-ci il tarixli L004/2017/4 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış M/50304/61/4 saylı, 25.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 24% faizlə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında 21.12.2017-ci il tarixli ipoteka müqaviləsinə görə ünvan 1 ünvanı bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankla Cavabdeh1 arasında bağlanmış M/50304/61/4 saylı kredit müqavilələrinin təminatı qismində Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən dövlət qeydiyyatına alınmış 21.12.2017-ci il tarixli İpoteka müqaviləsinə və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18.05.2017-ci il tarixli, RX ******* №-li “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan ünvan 1 ünvanı bankın xeyrinə ipoteka ilə yüklü edilmiş və bu hüquqları müvafiq olaraq 22.12.2017-ci il tarixdə RX ******* saylı Çıxarışla qeydə alınmışdır. Cavabdehə edilmiş müraciətlərə baxmayaraq cavabdeh borc öhdəliklərini lazımınca icra etmir. Belə ki, onun 12.08.2020-ci il tarixə 1608.7 manat əsas, 384.93 manat faiz borcu və 204.1 manat cərimə olmaqla, cəmi 2197.73 manat banka borcu yaranmışdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etdiyini, lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməədiyini bildirdi. Məhkəmə iclasında digər Cavabdeh2 iddianın təmin edilməməsini məhkəmədn xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 20.12.2017-ci il tarixli L004/2017/4 saylı kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış M/50304/61/4 saylı, 25.12.2017ci il tarixli kredit sazişindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC tərəfindən 24 ay müddətinə illik 24% faizlə 5000 manat məbləğində kredit verilmişdir. İşin materiallarında olan ödəniş cədvəlindən müəyyən edilir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə aylıq 264.36 manat ödəniş etməsi müəyyən edilmişdir. İşin materiallarında olan 05.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı ASC-yə 25 dekabr 2019-cu il tarixə olan borcu 1608.7 manat əsas, 384.93 manat faiz borcu və 204.1 manat cərimə olmaqla, cəmi 2197.73 manat təşkil edir. İşin materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanı Cavabdeh2 mülkiyyətindədir. İşin materiallarında olan 21.12.2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka qoyan Cavabdeh2 borcalan Cavabdeh1 ipoteka saxlayan İddiaçı ASC qarşısında kredit üzrə öhdəliyinin təminatı kimi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 6, 45 saylı mənzili İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri qiymətləndirmə aktına əsasən 65000 manat təşkil edir. İşin materiallarında olan RX seriyalı, ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 İddiaçı ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 2652 nömrəli reyestr kitabının 247056 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşin materiallarında olan 03.07.2020-ci il tarixli bildirişdən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə ipoteka predmetinə tutma yönəldilməsi barədə bank tərəfindən xəbərdar edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Abşeron Ərazi İdarəsi tərəfindən “xxxx” ASC-yə göndərilən 15.07.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Cavabdeh2 məxsus ünvan 1 ünvana dair tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İşin materiallarında olan 113 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilən 19.12.2017-ci il tarixli arayışdan müəyyən edilir ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehlərdir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş və borcverən “xxxx” ASC-yə ödənilməli olan borc məbləğlərini ödəməmiş və bununla da o, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, cərimə) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 204.1 manat cərimənin məbləği azaldılmalı və 20 manat müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh1 və Cavabdeh2dan iddiaçının xeyrinə 1608.7 manat əsas, 384.93 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 2013,63 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Tərəflər arasında imzalanan 21.12.2017-ci il tarixli ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyərinin qiymətləndirmə aktına əsasən 65000 manat olması müəyyən edilmişdir. Tərəflər ipopteka predmetinin qiymətini mübahisələndirmir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında qanun”un 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1-ə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, həmin mənzildə yaşayan Cavabdeh2 oradan çıxarılmalı və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manatın yalnız 20 manat məbləğindəki hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 “xxxx” ASC-nin xeyrinə 1608.7 manat əsas, 384.93 manat faiz borcu və 20 manat cərimə olmaqla, cəmi 2013,63 manat və dövlət rüsumu üçün 20 manat məbləğində pul vəsaiti tutulsun. Tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1-ə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin, həmin mənzildə yaşayan Cavabdeh2 oradan çıxarılsın və həmin mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin edilməsin. ipoteka predmeti olan ünvan 1-in likvid dəyəri 65000 manat olaraq müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar