Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-55/2023 26.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə nikahda olmuş, sonradan isə bu nikah pozulmuşdur. Eyni zamanda, birgə nikah dövründə əldə etdikləri Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsi hər birinə ½ hissə müəyyən edilməklə bölünmüşdür. Bu torpaq sahəsi üzərində fərdi yaşayış evi inşa etdirmişlər və əvvəllər o da ailəsilə birlikdə bu evdə yaşamışdır. Lakin ev inşa olunduqdan sonra sənədləşdirmə işləri tamamlanmamışdır. Hazırda isə Cavabdeh ½ hissədə xüsusi mülkiyyətində olan torpaq sahəsindən (həmçinin evdən) istifadəyə mane olur. Ona görə də mübahisəli əmlakın naturada bölünməsi və bu mümkün olmadıqda isə açıq hərrac vasitəsi ilə satılaraq hərracdan əldə olunmuş vəsaitin paylara mütənasib şəkildə ödənilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdikləri məhkəmə iclasında İddiaçı və onun vəkili-nümayəndəsi Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. İştirak etdikləri məhkəmə iclasında Cavabdeh və onun vəkili-nümayəndəsi Vəkil2 iddia ərizəsini qəbul etməyərək onun təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan **********11 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində olan 0,08 ha torpaq sahəsinin ½ hissəsi İddiaçı, ½ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Bu barədə İddiaçı adına torpaq sahəsinin AA 604829 saylı, xx.xx.2021-ci il tarixli plan və ölçüsü tərtib edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/4961 saylı rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin üzərində fərdi yaşayış evinin və köməkçi tikililərin olduğu və bölgü zamanı tikililərin payçılardan birinin sahəsinə düşəcəyi nəzərə alındıqda torpaq sahəsinin İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq İddiaçı və Cavabdeh paylarına düşən ½ hissəsinin naturada bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4757, 9/5241 saylı rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 180000 manat, likvid dəyəri təqribən 144000 manat məbləğində müəyyən edilir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-846/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi KİA-RİO” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah zamanı əldə edilmiş əmlak hesab edilməklə tərəflər arasında bölünməsi tələbinin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, VCavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsində (reyestr nömrəsi: **********11) İddiaçı payı 1/2 (ikidə bir) hissədə və VCavabdeh payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, ilk iddianın qalan hissədə, qarşılıqlı iddianın isə tamamilə təmin edilməməsi qət edilmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər birgə nikahda olarkən mübahisəli torpaq sahəsini əldə etmişlər. Bu torpaq sahəsində onların payları Abşeron Rayon Məhkəməsinin 2(012)-3825/2019 saylı, 15 noyabr 2019-cu il tarixli qətnaməsi ilə bərabər müəyyən edilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi və əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun 1/2 hissədə paylı mülkiyyətçisi olduğu Abşeron rayonu Fatmayı kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsinin naturada bölünməsi, natura qaydasında bölünməsi mümkün olmadıqda mübahisəli əmlakın açıq hərracda satılaraq hərracdan əldə olunmuş vəsaitin onun payına mütənasib şəkildə ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa mülki işlərə baxıldıqda yenidən sübut edilmir. İşdən göründüyü kimi, mübahisə predmetini təşkil edən əmlakda tərəflərin ideal payları artıq qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən müəyyən edilmişdir. Belə ki, həmin qətnamələrdən görünür ki, Vəliyeva (Əliyeva) Aytən Əlirza qızına tam mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsində (reyestr nömrəsi: **********11) İddiaçı payı 1/2 (ikidə bir) hissədə və VCavabdeh payı 1/2 (ikidə bir) hissədə müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İşdən görünür ki, mübahisəli əmlak hazırda yalnız Cavabdeh faktiki istifadəsindədir. Tərəflərin paylı mülkiyyətində olan bu əmlakın paylara uyğun naturada bölünməsi isə mümkün deyildir. Məhkəmə əmlaka dair kompensasiya məbləğləri ilə bağlı araşdırma aparmış və mütəxəssis rəyi ilə mübahisəli əmlakın dəyəri müəyyən edilmişdir. Bununla belə, kompensasiya yolu ilə mübahisəyə son verilməsinə tərəflər razı olmamışlar. Belə olan halda isə məhkəmə hesab edir ki, mübahisəli əmlak açıq hərracdan satılmalı və əldə edilmiş vəsait tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X2rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmənin qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçı iddiasının əsaslarına dair tələblərini qismən sübut edə bilmişdir. Bu baxımdan məhkəmə onun iddia ərizəsində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər iddianın qismən təmin edilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********11) açıq hərracda satılmalı, həmin əmlakın açıq hərracda satışından əldə edilən vəsait tərəflər arasında bərabər surətdə bölüşdürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 (100+100) manat pulun yarısı İddiaçı, yarısı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Birgə nikah zamanı əldə edilmiş Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsi (reyestr nömrəsi: **********11) açıq hərraca çıxarılaraq satılsın. Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,08 ha torpaq sahəsinin (reyestr nömrəsi: **********11) açıq hərracda satışından əldə edilən vəsait İddiaçı və Cavabdeh arasında bərabər surətdə bölüşdürülsün. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspert tədqiqatları üçün tələb olunan cəmi 200 manat pulun 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-55/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-55/2023
26.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver