Məhkəmə qərarları › İş №2(012)-92/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-92/2023

10.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-92/2023 10.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı2 vəkili, eyni zamanda, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Mahmudova (Mehdiyeva) Solmaz Natiq qızına, Cavabdeh4 və Cavabdeh2 qarşı payın naturada ayrılması və girişçıxışın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh2 qarşı payın naturada ayrılması və giriş-çıxışın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 0.109 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********23 reyestr nömrəli çıxarışla müəyyən edilmiş 0.01558 ha və 0.02334 ha olmaqla, ümumilikdə, cəmi 0.03892 ha payların naturada ayrılması və ayrı-ayrılıqda giriş-çıxışın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı2 vəkili, eyni zamanda, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 0.069 ha torpaq sahəsinə və həmin sahədə yerləşən fərdi yaşayış evlərinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********86 reyestr nömrəli çıxarışla müəyyən edilmiş 0.00898 ha və 0.01654 ha olmaqla, ümumilikdə, 0.02552 ha payların naturada ayrılması və ayrı-ayrılıqda giriş-çıxışın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, **********23 reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ində yerləşən 0.109 ha torpaq sahəsinə İddiaçı2 0.01558 ha, İddiaçı1 isə 0.0233 ha payları müəyyən edilmişdir. Bununla yanaşı, mübahisəli torpaq sahəsinə cavabdehlər Cavabdeh1 0.02334 ha, X1 0.01558 ha, Cavabdeh4 0.01558 ha və Cavabdeh2 isə 0.01558 ha payları müəyyən edilmiş və xx.xx.2016-cı il tarixli çıxarışla qeydiyyata alınmışdır. Hazırki vəziyyətdə sözügedən torpaq sahəsinin və onun üzərində yerləşən fərdi yaşayış evlərinin naturada bölünməsinə, hissələrə ayrılmasına və ayrı-ayrılıqda girişçıxışın müəyyən edilməsinə zərurət yaranmışdır. Bu səbəbdən də, iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Həmçinin, paylı mülkiyyətdə olan torpaq sahəsindən bir hissə iddiaçıların iradəsi əleyhinə olaraq, özgəninkiləşdirilmişdir. Belə ki, iddiaçılar paylarına uyğun hissələrin ayrılacağı vədi ilə aldadılmışdır. Bu səbəbdən də, torpaq sahəsinin ümumi ölçüsü 0.069 ha təşkil edir və iddiaçıların daşınmaz əmlak üzərində payları 0.00898 ha və 0.01654 ha olmaqla, ümumilikdə, 0.02552 ha təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı2 vəkili, eyni zamanda, İddiaçı1 nümayəndəsi-vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mülki iş üzrə məhkəməyə daxil olmuş ekspert rəyindən də göründüyü kimi, əmlakın naturada bölgüsü mümkün deyildir. Bu səbəbdən də, hesab edir ki, qəbul olunmuş Plenum qərarları vardır. Hazırki iş üzrə mübahisə tərəfləri bir-biri ilə barışmaz mövqedədir. Bu səbəbdən də, paylı mülkiyyətin mülkiyyətçiləri paylı mülkiyyətin ayrılmasını tələb edə bilər. Qeyd edir ki, iddiaçı tərəfə ekspert rəyi izah olunmuş, ona görə də növbəti çıxış yolu əmlakın açıq hərraca çıxarılıb satılmasının təmin edilməsidir. Ona görə də, əlavə və ya təkrar ekspert rəyi iddiaçı tərəf üçün əhəmiyyət kəsb etməyəcəkdir. Bununla belə, mülki işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə aktının çıxarılmasını xahiş edir. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, X2, Cavabdeh4 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsinin 0.01558 ha hissəsi Cavabdeh2, 0.01558 ha hissəsi İddiaçı2, 0.02334 ha hissəsi İddiaçı1, 0.01558 ha hissəsi X1, 0.01558 ha hissəsi Cavabdeh4 və 0.02334 ha hissəsi isə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********23 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 881 nömrəli reyestr kitabının 95 nömrəli vərəqində qeydə alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, A № 100572 saylı plan və ölçünün surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Sumqayıt “Asan Xidmət” Mərkəzi tərəfindən xx.xx.2016-cı il tarixdə 2V-819, 2V-818 reyestr nömrəsi ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” olmuşdur. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-3212-4411/2023 saylı məktuba əsasən: -Satıcılar Cavabdeh1, Cavabdeh2, X4, İddiaçı2, Cavabdeh4 və İddiaçı1 ilə alıcı X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, satıcılar ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.109 ha torpaq sahəsinin 0.04 ha hissəsini alıcıya 5500 manat dəyərində satmışlar. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 1ində yerləşən ümumi sahəsi 0.069 ha torpaq sahəsinin 0.00898 ha hissəsi Cavabdeh2, 0.00898 ha hissəsi İddiaçı2, 0.01654 ha hissəsi İddiaçı1, 0.00898 ha hissəsi X1, 0.00898 ha hissəsi Cavabdeh4 və 0.01654 ha hissəsi isə Cavabdeh1 adına ********** qeydiyyat nömrəsi, **********86 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1197 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydə alınmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5747 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1ində 0.109 ha torpaq sahəsi üzərində yerləşən, iddiaçılar İddiaçı2 məxsus 0.01558 ha torpaq sahəsinin və İddiaçı1 məxsus 0.02334 ha torpaq sahəsinin onların paylarına uyğun naturada bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı2 Abşeron rayonu, Novxanı ərazi dairəsi, Novxanı kəndi, M.Hüseynzadə küçəsi, 35 saylı evdə, İddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci Mədən küçəsi, 71-ci korpus, 203 saylı evdə, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan 1ində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə əlaqədar aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarı”ndakı hüquqi mövqeyə görə, Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 213.1. maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, paylı mülkiyyət hüququ əsasında mənsub olan və daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən, mübahisəli torpaq sahəsi olan 0.069 ha torpaq sahəsinin 0.00898 ha hissəsi Cavabdeh2, 0.00898 ha hissəsi İddiaçı2, 0.01654 ha hissəsi İddiaçı1, 0.00898 ha hissəsi X1, 0.00898 ha hissəsi Cavabdeh4 və 0.01654 ha hissəsi isə Cavabdeh1 adına qeydə alınmışdır. Hazırda, iddiaçılar onlara məxsus olan payın naturada ayrılmasını və giriş-çıxışın müəyyən edilməsini məhkəmədən xahiş etmişlər. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza əsasında məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/5747 saylı rəyinə əsasən, mübahisəli torpaq sahəsinin paylara uyğun bölünməsinin texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini, məhkəmə araşdırması zamanı tədqiq olunmuş ekspert rəyini nəzərə alaraq hesab edir ki, ünvan 1ində yerləşən, tərəflərə paylı mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsinin naturada bölünməsi mümkün olmadığından iddia tələbi əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 100 manat iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216- 236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Mahmudova (Mehdiyeva) Solmaz Natiq qızına, Cavabdeh4 və Cavabdeh2 qarşı payın naturada ayrılması və girişçıxışın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaiti iddiaçılar İddiaçı2 və İddiaçı1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar