Məhkəmə qərarları › İş №e-2(006)-3118/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3118/2024

20.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3118/2024 20.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi İddiaçı xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada verilmiş borc hesabına 35 000 (otuz beş min) manat, 600 qramlıq qızıl hesabına 36 600 (otuz altı min altı yüz) manat, yas mərasiminə xərclənmiş pul hesabına 6500 (altı min beş yüz) manat, qəbir daşı hesabına 4000 (dörd min) manat, bank krediti hesabına 2500 (iki min beş yüz) manat, 84 600 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6556,50 manat faiz məbləği, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 363,47 manat dövlət rüsumu olmaqla, cəmi 91.519,97 (doxsan bir min beş yüz on doqquz) manat pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 əlavə cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, Cavabdeh4 əlavə cavabdeh kimi tanınmışdır. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı bacanağı X13 2021-ci ilin yanvar ayında iddiaçıya müraciət edərək borcu olduğu bir sıra şəxslərin ondan öz pullarını tələb etdiklərini bildirmiş və ona köməklik etməsi üçün 15 000 manat məbləğində pulu borc olaraq ona verməsini xahiş etmişdir. İddiaçı əvvəlcə 15 000 manat məbləğində pulu, daha sonra isə Bayram Babayevin borclu olduğu qonşu Aynurə Ağayeva adlı qadına 20.000 manat məbləğində pulun verilməsi üçün köməklik göstərmişdir. Sözügedən vaxtlarda Bayram Babayev “mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” xəstəliyindən əziyyət çəkmiş, onun müalicəsi və müayinəsi üçün İddiaçı hər dəfə xeyli miqdarda Bayram Babayevə borc pul vermişdir. Bundan sonra Bayram Babayev dəfələrlə müxtəlif məqsədlər üçün iddiaçıdan yenə borc pul istəmiş, iddiaçı isə yoldaşına və qızına məxsus olan 600 qramlıq qızıldan istifadə edərək və qızının adına 5000 manat məbləğində bankdan kredit götürərək Bayram Babayevə köməklik etmişdir. İddiaçı qızının adına götürdüyü kreditin bir hissəsi ayda 200 manat olmaqla cavabdehlər tərəfindən ödənilmiş, lakin digər hissəsi isə iddiaçının qızının pensiya kartına yönəldilmişdir. Bayram Babayev iddiaçıdan aldığı borc pulları onun adına olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 4 nömrəli evin 37 nömrəli mənzilinə çıxarış verilən kimi həmin mənzili satıb onun satışından əldə olunan pul hesabına qaytaracağına dair iddiaçıya söz vermişdir. Belə ki, 039281 nömrəli xx.xx.1990-cı il tarixli orderə əsasən Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi ev 4, 37 nömrəli, 2 otaqdan ibarət, 47,0 kvm olan mənzil X10 verilmiş, ailə tərkibi arvadı Cavabdeh1, qızları Cavabdeh3 və X3 ibarət olmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi ev 4, 37 nömrəli mənzil X9 xüsusi mülkiyyətinə verilmişdir. X4 “mədəaltı vəzi başının bədxassəli yenitörəməsi” xəstəliyindən 30 noyabr 2022-ci il tarixdə ölmüş və onun ailə üzvlərinə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsinin 08 dekabr 2022-ci il tarixli ölüm haqqında şəhadətnaməsi verilmişdir. İddiaçı mərhumun ölümündən sonra onun Heydər məscidində keçirilən yas mərasiminə 3500 manat, mərhumun evində keçirilən yas mərasiminə isə 3000 manat məbləğində pul xərcləmişdir. Mərhumun arvadı Cavabdeh1 ərinin ölümündən bir il müddət keçdikdən sonra İddiaçı müraciət edərək ərinin məzarına bir il müddətində qəbir daşı qoydura bilməməklərini bildirmiş, iddiaçı isə qəbir daşının qoyulması üçün 4000 manat məbləğində pul sərf etmişdir. Göründüyü kimi, İddiaçı Bayram Babayevin sağlığında özünə, ölümündən sonra isə onun ailə üzvlərinə xeyli miqdarda borc pul vermişdir. Lakin mərhumun birinci növbə vərəsələri, hazırkı iş üzrə cavabdehlər həmin borcu qaytarmaqdan imtina edirlər. Cavabdehin etirazı: Cavabdeh4 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək edərək bildirmişdir ki, İddiaçı ona və digər cavabdehlərə qarşı irəli sürdüyü borc iddiasını qəbul etmir. İddiaçı və onun vəkili məhkəməyə atası X9 ona borclu olduğunu təsdiq edəcək heç bir sübut təqdim etməmişdir, çünki belə bir borc yoxdur və bunu cavabdehlər Cavabdeh1 və Cavabdeh3 ilə aralarındakı sövdələşməyə əsasən Cavabdeh1 və Cavabdeh3 saxta şahidliyi ilə sübut etməyə çalışırlar. Mərhum atası dövlət tibb müəssisəsi olan Milli Onkologiya Mərkəzində müayinə və müalicə alıb. İddia ərizəsində ən absurd borc tələbi atasınının ölümündən sonra onun Heydər Məscidində keçirilən yas mərasiminə (3500 manat), evdə keçirilən yas mərasiminə (3000 manat), baş daşının salınmasına (4000 manat) sözdə xərclənmiş pulun artıq vəfat etmiş bir adamın borcu olaraq göstərilməsidir. Sanki atası ölümündən sonra İddiaçı borc alınmasını vəsiyyət edib. İddia ərizəsində qeyd olunub ki, atası bacanağından borc alıb və daha borcunu qaytarmadan vəfat edib. Bu halda İddiaçı atasının sözdə mərasim xərclərini ödəməsi cəfəng bir iddiadır və bir daha bildirir ki, bu borc iddiası Cavabdeh1 və qohumu arasındakı razılıq əsasında onun vərəsəlik payının borca yönləndirilməsi üçün qaldırılıb. Keçən məhkəmə iclasında da qeyd etdiyi kimi, hansı səbəbdən üç hazırlıq məhkəmə iclasına cəlb olunmayıb, baxış iclasından bir əvvəlki hazırlıq iclasına cəlb olunmuşdur. Cavabdeh3 bildirdiyi kimi iddiaçı onun yaxın qohumudur, belə olan halda onun varlığı barədə məlumatlıdır. İddiaçı onun anasının qohumları ilə yaxın qohumluq əlaqəsi var. İddiaçı qızı onu tanıyır, bir neçə dəfə qarşılaşmışlar. Yəni, iddia ərizəsi kimi onun barəsində məlumatı da son anda bilməkləri də yalandır. Odur ki, məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh1 əri X13 5 il kəskin onkoloji xəstəlikdən əziyyət çəkmişdir və bu dönəmdə gəlir mənbəyi olmamışdır. Kimyəvi terapiya üçün müalicə vasitələri ödənişli şəkildə “Ülkər” Aptekdən alınırdı. Bakıdan hər dəfə Türkiyəyə gedən şəxslərə Türkiyədəki aptekdən dərmanları almaları üçün ödənişlər olunurdu. Cavabdeh4 iddia edir ki, onun atası ilə sıx təması olub. Atası ağır xəstəlikdən əziyyət çəkəndə maraqlanmayıb, indi pay istəyirsə, atası o vəziyyətdə olanda gəlib tələb edərdi. Atası ölən gün belə xəbəri yox idi, qızı zəng vurub onu çağırıb. Mərhum 3 ay ağır şəkildə yataq xəstəsi olub. İkincisi, Babayev Bayramın şəxsi kitabçasında kimdən nə qədər borc pul və qızıl götürdüyü qeyd olunmuşdur. Cavabdeh4 onlarla yaşamayıb, hardan bilə bilərdi ki, kimdən nə borc alıblar. İddiaçı onun bacısının əridir, onun çətin vəziyyətində əllərindən tutmuşdur. Ərinin qəbir daşını sifariş verəndə də İddiaçı iştirak etmişdir. Bəhmənin qəbrini sifarişində iştirak etməsini sifariş götürən şəxs təsdiq edə bilər. Əlavə olaraq, Babayev Bayram öz xətti ilə yazıb ki, o, xəstədir hər dəfə 3200 manat kimyəvi terapiyaya pul verir və yaşamaq istəyir. Bu xəstənin sağlığında olan ürək sözləridi. 400 manat aylıq məvacibi olan adam 3200 manatı necə verirdi?! İddiaçı həmişə onların evində süfrə başında olub, bu barədə şəkillər təqdim edilə bilər. O, öz adına da kredit götürüb ərinə kömək məqsədilə vermişdir və hələ də hər ay təqaüdündən 250 manat tutulur. Onkoloji xəstəsi olan bilər ki, bu xəstəliyə nə qədər pul xərclənir. Qızları da adına pul götürülüb atalarına baxmağa məcbur idilər. Bəs Cavabdeh4 atası ilə necə sıx əlaqədə olub ki, atasından pay istəməyib və ölməyini gözləyib. Cavabdeh4 anası 5 dəfə rəsmi nikaha daxil olub və onun yaşamağı üçün 3 evi və avtomobili də vardır. Bayram Babayevin isə avtomobili yox idi və borca görə hər şey satılmışdır. Ərindən yalnız bir ev və borclar qalmışdır. Burdan da kim ona deyir ki ata payı verilməyəcək, amma o da atasının qızıdır, atasının xəstəliyində və çəkilmiş əziyyət və borclara sahib çıxmalıdır, heç olmasa qəbrinin divarları hələ də natamamdır, onun xərcini çəksin. Vərəsəliyi qebul edirsə, əziyyətini qəbul etsin. Evini nə satır, nə də kiminsə adına rəsmiləşdirir. Əlavə olaraq qızı Aygünün borcu deyildir. Qızının qızıllarını qaytarmaq adı ilə götürdü ki, pula ehtiyacı var idi ve rəsmi öz xətti ilə götürdüyü qızılların siyahısını əlavə edir. Qızıllar Fineks banka qoyulub. Kağızda öz xətti görülür ki, Nabatın adına 9000 manat, Aynurun adına Beynəlxalq Bankdan 7824 manat kredit götürmüşdür. Onkoloji xəstə havadan yaşaya bilməzdi, tək pet analizi 1500 manat idi, 4 defe pet analizinə girib 10 min manat təkcə Onkologiya Xstəxanasında əməliyyatına xərclənib. Heydər məscidində də tam yasın ödənişi də İddiaçı etmiş ve axıra kimi yasda iştirak etmişdir. Daha sonra Cavabdeh1 məhkəməyə müraciət edərək göstərmişdir ki, hazırkı mülki iş üzrə cavabdehlər Bayram Babayevin birinci növbə qanun üzrə vərəsələridir. Bu səbəbdən iddiaçı onun birinci növbə qanun üzrə vərəsələrinə qarşı pul tələbinə dair iddia qaldırmışdır. Cavabdeh1 ilə digər vərəsələr arasında miras qoyanın borclarının ödənilməsi ilə əlaqədar narazıdırlar, fikir ayrılığı yaranmışdır. Belə ki, miras qoyan X9 borclarının həddən artıq çoxluğu buna səbəb olmuşdur. Vərəsələr borcları ödəməkdən yayınırlar. Halhazırda həmin borclarla bağlı məhkəmə işləri vardır. Cavabdeh1 daimi qazanc mənbəyi yoxdur, bu səbəbdən miras qoyan B.Babayevin borclarını ödəməyə imkanı çatmır. İddiaçı X6 mərhum ərinə verdiyi borcların, onun xəstəliyi və dəfni ilə əlaqədar çəkdiyi xərclərin həqiqətə uyğun olduğunu təsdiq edir. Lakin maddi imkanının olmaması, borcların çox olması, getdikcə yeni iddia tələblərinin ortaya çıxması səbəbindən İddiaçı borclarını ödəməkdən imtina edir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştiarak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia ərizəsinə etiraza uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia ərizəsini qəbul edərək tələb olunan borcun bütün cavabdehlərdən müştərək qaydada tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: 26 Bakı Komisarlığı tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 039281 saylı orderin surətinə əsasən, Bakı şəhəri (Karqanova) Rəsul Rza kücəsindəki 04 saylı evin 37 saylı mənzili X10 verilmişdir. Onun ailə üzvləri arvadı Cavabdeh1S, qızları Babayeva A.B və Babayeva A.B qeyd olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışının surətinə əsasən, Bakı şəhəri, Rəsul Rza kücəsindəki 4 saylı evin 37 saylı mənzilin mülkiyyətçisi X11r. Səbail Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 278408 saylı ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X13 xx.xx.2022-ci il tarixdə mədəaltı vəzi başının bədxassəli yenitörəməsindən vəfat etmişdir. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən təqdim olunmuş vərəsəliklə bağlı notariat işinin materiallarından görünür ki, Cavabdeh3, X7, Cavabdeh2 və Cavabdeh1 sonuncu yaşayış yeri olan Bakı şəhəri, Rəsul Rza küçəsindəki 4 saylı evin 37 saylı mənzili olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 qalmış miras əmlakın qəbul etməsini və şəhadətnamə verilməsini xahiş etmişlər. Bakı şəhəri 14 saylı Notariat Ofisi Cavabdeh4 xx.xx.2023-cü il tarixli 2695 saylı məktub ünvanlayaraq vərəsələrlə aralarında baş vermiş anlaşılmazlığı aradan qaldırdıqdan sonra müraciət etməsi tövsiyə olunmuşdur. Notariat işindən görünür ki, Cavabdeh1 ərizə ilə notariat ofisinə müraciət edərək vərəsələrlə arasında miras qalmış əmlakla əlaqədar ixtilaf yarandığından vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini mübahisə məhkəmədə həll olunana kimi dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair mülki işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5501/2024 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsini İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(103)3603/2024 nömrəli qərarddaına əsasən, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-5501/2024 nömrəli qərarından Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması iclası xx.xx.2024-cü il tarixə saat 10:55-ə təyin edilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllə Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Mülki Prosessual Məcəllə Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 106.4. Məhkəmə faktın etiraf olunmasının işin hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Maddə 191.4. Məhkəmə iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini qəbul etmədikdə, tərəflərin barışıq sazişini təsdiq etmədikdə və ya mübahisə mediasiya vasitəsilə həll edilmədikdə bununla bağlı əsaslandırılmış qərardad çıxarır və işə mahiyyəti üzrə baxılmasını davam etdirir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada mərhum X1 ona verilmiş borc hesabına 35 000 (otuz beş min) manat, 600 qramlıq qızıl hesabına 36 600 (otuz altı min altı yüz) manat, bank krediti hesabına 2500 (iki min beş yüz) manatın, X9 ölümündən sonra yas mərasiminə xərclənmiş pul hesabına 6500 (altı min beş yüz) manat, qəbir daşı hesabına 4000 (dörd min) manat, bundan başqa 84 600 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6556,50 manat faiz məbləği, məhkəmədə iddianın qaldırılması üçün ödənilmiş 363,47 manat dövlət rüsumu olmaqla, cəmi 91.519,97 (doxsan bir min beş yüz on doqquz) manat pul vəsaitinin tutulmasını xahiş edir və iddiasını Bayram Babayevin iddiaçıdan aldığı borc pulları onun adına olan Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 4 nömrəli evin 37 nömrəli mənzilinə çıxarış verildikdən sonra həmin mənzili satıb onun satışından əldə olunan pul hesabına qaytaracağına dair ona söz verməsi, hazırda isə cavabdehlərin mərhumun birinci növbə vərəsələri kimi həmin məbləğləri ona qaytarmalı olması ilə əsaslandırır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə ünvanladıqları yazılı ərizələrində, Cavabdeh3 isə məhkəmə iclaslarında audio-video yazının aparıldığı şəraitdə iddianı tam şəkildə etiraf edərək, həqiqətən İddiaçı tərəfindən X10 iddia ərizəsində göstərilən məbləğlərin, özlərinə isə yas mərasimləri və qəbir daşının qoyulması ilə bağlı pulların verildiyini, lakin həmin borcları qaytarmaq üçün maddi imkanlarının olmadığını bildirirlər və borcu qaytarmaq iqtidarında olmamalarının səbəbini mərhumun ölümündən sonra çoxlu sayda borc məsələlərinin ortaya çıxması və bu barədə məhkəmə işlərinin olması ilə əlaqələndirirlər və bütün bunlara baxmayaraq iddianın təmin olunmasını məhkəmədən xahiş edirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, cavabdehlərdən Cavabdeh1 mərhum - xx.xx.2022-ci il tarixdə vəfat etmiş X9 arvadı, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 onların qızlarıdır. Digər Cavabdeh4 isə Bayram Babayevin başqa qadından olan qızıdır. Cavabdehlər arasında X8 miras qalmış Bakı şəhəri, Rəsul Rza küçəsindəki 4 saylı evin 37 saylı mənzilinə dair mübahisə mövcuddur və onlar vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə əlaqədar notariat ofisinə ərizə ilə müraciət etmişlər. Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Cavabdeh4 məktub ünvanlayaraq vərəsələrlə aralarında baş vermiş anlaşılmazlığı aradan qaldırdıqdan sonra müraciət etməsini tövsiyə etmişdir. Bundan sonra iddiaçı Cavabdeh4 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı miras əmlakda payın müəyyən olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işin icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi tələbinə dair inzibati iş üzrə çıxarılmış qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin maddənin tələbi baxımından hazırkı iş üzrə cavabdehlər vərəsəlik hüququ haqqında şəhadətnamə almasalar da, notariat ofisinə müvafiq ərizə ilə müraciət etməklə mirası qəbul etmiş sayılırlar və vərəsələr kimi miras qoyanın öhdəlikləri üzrə də hər birinin payına mütənasib surətdə məsuliyyət daşıdıqlarından, miras qoyanın ölümündən sonra dəfn xərclərinə münasibətdə isə miras şəriki kimi birgə cavabdehlik daşımalı olduqlarından iddiaya cavab verməli olan şəxslərdir. Vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması onlar üçün yalnız miras əmlakdakı paylarının həcminin müəyyən edilməsi baxımından əhəmiyyət kəsb edəcəkdir. İddia ərizəsində tələb olunan məbləğlərin bir qismi X1 ona verildiyi iddia edilən pul vəsaitləri, digər qismi isə ölümündən sonra dəfn və yas mərasimlərinə çəkilmiş xərclərlə bağlıdır. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduğu halda, borc müqaviləsinin yazılı formada bağlanılması imperativ şəkildə göstərilmişdir. Mərhumun İddiaçı aldığı pul vəsaitlərini qaytaracağına dair hər hansı bir öhdəlik götürməsi barədə işdə heç bir sübut yoxdur. Onlar arasında öhdəlik və ya borc münasibətləri yaranmamışdır. Ona görə mərhumun sağlığında verilməsi bildirilən pul vəsaitinin qaytarılması ilə bağlı iddiaya borc münasibətləri çərçivəsində baxılması yolverilməzdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir. Göründüyü kimi cavabdehlər Bayram Babayevin birinci növbə vərəsələri olmaqla, mərhumdan miras qalmış əmlaka dair aralarında mübahisə vardır. Daha dəqiq desək, sözügedən mübahisə yalnız Cavabdeh4 münasibətdə mövcuddur. Belə ki, işin faktiki halları mərhumun arvadı Cavabdeh1, qızları Cavabdeh3 və Cavabdeh2 Cavabdeh4 mirasdan pay almasına mane olmaq və ya onun mirasdakı payını azaltmaq niyyətində olmaları qənaətinə gəlməyə əsas verir. Belə ki, cavabdehlər 91.519,97 manatın ödənilməsinə dair iddia tələbini etiraf etməklə (hətta bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6556,50 manat faiz məbləğinin tələb olunmasını mübahisələndirmədən), mərhumun borclarının süni surətdə çoxaldılması istiqamətinə yönəlmişlər. Bunu həmçinin hazırkı iddia üzrə sübutetmə yükünün iddiaçının üzərinə düşməsinə baxmayaraq məhkəmə iclaslarında Cavabdeh3, məhkəməyə ünvanladığı müraciətlərində isə Cavabdeh1 bu yükü öz üzərinə götürərək cavabdeh kimi öz müdafiələrini həyata keçirmək əvəzinə, həqiqətən X12 Sadiqiyə borclu olmasını hər vəchlə sübut etməyə çalışmaları, məhkəmə icraatının iddiaçı və cavabdehlər arasında çəkişmə əsasında həyata keçirilməli olduğu halda, hazırkı icraatın cavabdehlərlə Cavabdeh4 çəkişməsi fonunda aparılması təsdiq edir. Belə ki, onlar mərhumun sağlığında müalicəsi ilə bağlı çəkdiyi xərclər üçün zəruri olan pul vəsaitinin borc alınaraq xərcləndiyini bildirdikləri mərhumun “borc kitabçası”ndakı əlyazmaları məhkəməyə təqdim etməklə, dəfn və yas mərasimlərinə verilən pulun həqiqətən İddiaçı tərəfindən verilməsinin təsdiq edilməsi üçün mərasim evindəki videogörüntülərin əldə olunması, qəbir daşının sifarişini qəbul edən şəxsin şahid qismində dindirilməsini təklif etməklə iddianın əsaslı olması istiqamətində fəaliyyət göstərirlər. İddianın etirafı faktının məhkəmə tərəfindən qəbul edilməməsinin digər səbəbi ondan ibarətdir ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərkən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 cavabdehlər qismində göstərmiş, yalnız məhkəmə hazırlıq iclasında məhkəmənin elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən mərhumun daha bir qızının olması bildirildikdən sonra onun əlavə cavabdeh kimi işə cəlb olunmasına dair vəsatət verilmiş, halbuki mərhumun bacanağı, yəni ona yaxın olan şəxs kimi İddiaçı İndira X2 olmasından məlumatlı idi. Belə olan halda əgər iddiaçının məqsədi mərhuma verdiyini iddia etdiyi pul məbləğlərini və ölümündən sonra çəkdiyi xərcləri mərhumun vərəsələrindən almaq idisə, birinci növbə vərəsə olan Cavabdeh4 nəyə görə öncədən cavabdeh kimi cəlb etməməsi qeyd edilənlərin, yəni, cavabdehlərin iddiaçı ilə danışığa girib hazırkı iddianı qaldırmasına nail olaraq məhkəmə qətnaməsi əsasında mərhumun xeyli miqdarda borcunun olmasını təsbit etməklə, Cavabdeh4 mirası qəbul etməkdən yayındırmaq, həmin “”borcları” miras əmlaka yönəltmək” məqsədinə xidmət edir. Göründüyü kim cavabdehlərdən üçünün iddianı etiraf etməsinin digər Cavabdeh4 mənafeyinə toxunduğu, işin hallarının gizlədilməsi məqsədilə edildiyi aydın şəkildə müşahidə edilir. Cavabdeh3 və Cavabdeh1 İddiaçılə münasibətlərinin çox yaxşı olduğunu, onu böyükləri kimi qəbul edərək mərhuma və onlara kifayət qədər maddi köməklik etdiyini danmadıqlarını bildirirlər. Münasibətlərin bu cür yaxşı səviyyədə olması halında müvafiq pulların məhkəmə qaydasında tələb olunmasına nə qədər zərurət olması işdən məlum deyil. İşdən də görünür ki, mərhumun digər qızı Cavabdeh4 miras əmlakda payın müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən və iş üzrə icraat, çıxarışın mübahisələndirilməsinə dair inzibati işə baxılanadək dayandırıldıqdan sonra - xx.xx.2024-cü il tarixdə hazırkı iddia irəli sürülmüşdür. X15 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, həmin ildə el-adəti ilə yas mərasimləri keçirilmiş və bir müddət sonra mərhuma baş daşı qoyulmuşdur. Eyni zamanda Cavabdeh1 məhkəməyə göndərdiyi etirazı iddia tələbinə qarşı deyil, digər Cavabdeh4 iddiaya etirazında irəli sürdüyü dəlillərinə münasibət bildirilməsindən ibarətdir ki, bu da onların Hacıyevaya qarşı barışmaz mövqedə olduqlarını göstərməklə, xəstəlik dönəmində atasına qulluq etməyən övlad kimi onun miras əmlakdan digər vərəsələrlə bərabər pay tələb etməsini yolverilməz hesab edirlər. Nəzərə alınmalıdır ki, hazırda irəli sürülən iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Cavabdehlərdən üçünün iddianı etirafı faktı məhkəmə tərəfindən qəbul edilmədiyindən, iddia ümumi qaydada sübuta yetirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi X1 ona pul verməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də həmin hissədə iddia təmin edilməməlidir. İddianın yas mərasimlərinin təşkil olunması və qəbir daşının qoyulması ilə əlaqədar çəkilmiş xərclərin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırda irəli sürülən iddianın bu hissəsi miras kütləsi ilə bağlı olduğundan miras şərikləri kimi mərhumun ailə üzvlərinin mirasdan imtina, məcburi paydan məhrumedilmə yaxud ləyaqətsiz vərəsə sayılma nəticəsində vərəsə statusunu itirdikləri müəyyən edilmədiyindən, onlar birgə cavabdeh qismində çıxış edirlər. Çünki miras kütləsinin miras şəriklərinin birgə mülkiyyətində olduğu dövrdə şəriklər arasında birlikdə tərəf olmaq məcburiyyəti vardır. Bu halda mübhisəyə baxan məhkəmə miras şəriklərinin hamısı üçün eyni bir qərar çıxarır. Vərəsələrin biri haqqında iddianın rəddinə, digəri haqqında təmin olunmasına qərar verilə bilməz. Yəni mübahisə predmeti olan hüquq münasibəti (hüquq və öhdəlik) üzərində birgə tərəf olan şəriklərin bir-birindən fərqli hərəkət etmələrinə imkan olmadığı kimi, məhkəmə də onların biri və ya bəziləri haqqında digərlərindən fərqli bir qərar çıxara bilməz. 1157-ci maddə hüquqi təbiəti etibarilə əmredici (məcburi) normadır, miras qoyan və ya vərəsələr öz iradələri ilə bu rejimi aradan qaldıra bilməzlər. Göründüyü kimi, hələ bölüşdürülməmiş miras kütləsindən normada qeyd olunan zəruri xərclər çıxılmalıdır. Hər nə qədər gözlənilən payları olsa da, miras şərikliyi mərhələsində şəriklərin müəyyənləşmiş payları yoxdur, hər şərikin hüququ bütün miras kütləsinə şamil olunur. “Şəriklik” ifadəsi, qanuna əsasən yaranmış, paylar müəyyən olunana və miras bölüşdürülənədək olan hüquqi vəziyyətin - ümumiliyin iştirakçılarının birgə mülkiyyətçi olmalarına dəlalət edir. Bu mənada dəfnlə bağlı çəkilən xərclərin ödənilməsi hissəsində də hazırda cavabdeh kimi göstərilən mərhumun ailə üzvləri iddiaya cavab verməli olan şəxslərdir. Lakin bu hissədə sözügedən xərclərin (10500 manat) çəkildiyinin cavabdehlərdən yalnız üçü tərəfindən etiraf edilərək, digər Cavabdeh4 tərəfindən təkzib edilməsi, eyni zamanda xərclərin çəkilməsi ilə bağlı hər hansı sübutun təqdim edilməməsi həmin xərclərin müştərək qaydada miras şərikləri kimi cavabdehlərdən tutulmasını istisna edir. Eyni zamanda iddiaçı həmin xərclərin onun tərəfindən çəkilməsini bildirsə də, bunun qohumluq münasibətlərindən irəli gələrək ailəyə dəstək məqsədilə edildiyini yaxud həmin məbləğləri geri qaytarmaq şərtilə ödəməsini müəyyən etmək mümkün olmamışdır. O da qeyd olunmalıdır ki, iddiaçının və Bayram Babayevin ailə üzvlərinin (cavabdehlər Cavabdeh1 və Cavabdeh3) özlərinin bildirdiyinə görə mərhumun İddiaçı də daxil olmaqla başqa şəxslərə də kifayət qədər borclarının olduğunu, lakin həmin pulların qaytarılmadığını bildikləri halda Heydər Məscidində və evdə yas mərasiminin təşkil edilməsinə 6500 manat, qəbir daşının qoyulmasına 4000 manat xərcin çəkilməsinə nə qədər zərurətin olması müəyyən edilmir. Odur ki, bu hissədə də iddianın təmin edilməməsini məhkəmə məqsədəmüvafiq hesab edir. İddia tələbinin “84 600 manat məbləğin iddiaçıya vaxtında verilməməsinə görə bank uçot dərəcəsinə uyğun olaraq (illik 7,75 faizlə), 6556,50 manat faiz məbləğinin tutulması”na dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu tələb əsas tələb - 84 600 manat məbləğin ödənilməsi tələbi ilə bağlıdır və onun təmin olunub-olunmamasından asılıdır. İddia tələbi həmin hissədə təmin edilmədiyindən bu hissədə də rədd edilməsini məhkəmə məqsədəuyğun hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar