Məhkəmə qərarları › İş №e-2(012)-4467/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4467/2025

07.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4467/2025 07.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh X1 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «cehiz əşyalarının mənzildən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus və iddia ərizəsində qeyd edilmiş cehiz əşyalarının ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km, blok 63, 25/33 nömrəli mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı övladı Məmmədov Vüsal Fazil oğlu ilə Cavabdeh xx.xx.2021-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşdurlar. Ailə qurduqdan sonra cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km, blok 63, 25/33 nömrəli mənzilə gəlin köçmüş və həmin mənzilə özünə məxsus cehiz əşyalarını gətirmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(125)-5785/2023 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X11 ilə Cavabdeh arasında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixli, 62 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Nikahın pozulmasından iki ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdehözünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus evdən çıxarmamışdır. Dəfələrlə cavabdehdən cehizlərin çıxarılması xahiş olunmuş, lakin cavabdeh hər dəfə cehizlərin çıxarılmasından imtina etmişdir. Hazırda iddiaçıya məxsus mənzildə cavabdehin aşağıdakı əşyaları vardır: Yataq mebeli: yeni dolab, çarpayı, güzgü, tumboçka, ortada 1 dənə yumru xalça, şüşə lüstur; Digər otaqlar: 6 ədəd oturacaq stollar, divanın oturacaq hissələri, qonaq otağındaki tumboçkanın üstündəki 2-3 ədəd şüşə qablar, aynanın pərdəsi, balaca xalça, koridor palazı, doroşka, 5 ədəd mətbəx oturacaqları, mətbəx mebelindəki qablar, tozsoran, qabaq stolu, divan, tumboçka, ayaqqabı dolabı (içi boş), güzgü, divarda dolab, qonaq otağında şamlı lüstur; Mətbəx: mətbəx mebeli, kiçik masa, 1 ədəd oturacaq, paltaryuyan maşın, qaz üstü, buz dolabı, mebelin içində gündəlik işlədilən cüzi qablar, çörək qabı, plastmas ləyənlər, aliminium qazanlar, şüşə rumkalar, pərdə, ütü altı, şüşə lüstur, balkonda dolab (içərisində uşağın 3-4 ədəd paltarı). Cavabdehə məxsus yataq otağında digər əşyalar da vardır, lakin cavabdeh otağı kilidləyib özü ilə apardığından əşyaların adını qeyd edilməsi mümkün olmamışdır. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 nümayəndəsi Nümayəndə2 izahatında sözügedən evin müqavilə əsasında cavabdehin keçmiş qayınanası olan İddiaçı verildiyini bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Cavabdeh X3 xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, o, İddiaçı oğlu ilə 2021-ci ildə ailə qurduqda ona məxsus cehiz əmlakları sözügedən evə getmişdir. Onunla həyat yoldaşı 2023-cü ildə boşanmışdırlar. Hazırda o, atasının evində yaşayır. Onun bir övladı vardır və məhz uşağa görə bu mənzildə yaşamaq hüququ əldə etmək istəyir. Daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh X3 məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, səhhətində olan problemlər ilə bağlı hazırda atasının yaşadığı Gəncə şəhərində olduğunu və müalicə aldığını, həmçinin məhkəmədə ona qarşı qaldırılmış iddiaya etiraz etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmiş, qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan satıcı "xxxx" ASC ilə alıcı İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14805 nömrəli mənzilin alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı "xxxx"ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın 63 blok, 25 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 65,27 kv.metr olan mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 2508 nömrəli maliyyə arayışının surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km. ünvanında "xxxx" ASC tərəfindən inşa olunmuş 7-ci (qeyri-yaşayış daxil olmaqla 8-ci) mərtəbə, 65,27 kv.metr ümumi sahəsi olan, alqı-satqı müqaviləsində göstərilən (köhnə) bina 1, blok 63, 25/33 saylı, (yeni) bina 22, blok 63, 197 saylı mənzilin 14805 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-5785/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh arasında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixli, 62 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olmasının izah edilməsi və iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 100 manat xərc və məhkəməyə ödədiyi 50 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 465974 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh nikahı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5785/2023 saylı qətnaməsinə əsasən pozulmuş, nikaha 03 noyabr 2023-cü il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 675 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, «ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55,80 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Məhkəmə iddiaçının vəkili-nümayəndəsi və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb bütün sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı oğlu Məmmədov Vüsal Fazil oğlu ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış, həmin vaxtdan cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km, blok 63, 25/33 nömrəli mənzilə gəlin köçmüş və özü ilə cehiz kimi daşınar əmlak gətirərək evdə yerləşdirmişdir. Daha sonra iddiaçının oğlu ilə cavabdeh arasında münasibətlər kəskinləşdiyindən cavabdeh gəlin köçdüyü evi tərk etmiş, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5785/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilmiş, iddiaçı X11 ilə Cavabdeh arasında Gəncə şəhər Qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixli, 62 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 14805 nömrəli mənzilin alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı "xxxx"ASC Bakı şəhərində, Abşeron rayonu ərazisində Xırdalan qəs., Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın 63 blok, 25 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 65,27 kv.metr olan mənzili alıcı İddiaçı satmağı, alıcı İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüş, "xxxx" ASC tərəfindən İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli, 2508 nömrəli maliyyə arayışının surətindən göründüyü kimi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km. ünvanında "xxxx" ASC tərəfindən inşa olunmuş 7-ci (qeyri-yaşayış daxil olmaqla 8-ci) mərtəbə, 65,27 kv.metr ümumi sahəsi olan, alqı-satqı müqaviləsində göstərilən (köhnə) bina 1, blok 63, 25/33 saylı, (yeni) bina 22, blok 63, 197 saylı mənzilin 14805 saylı, xx.xx.2012-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, «ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 55,80 kv.m olan mənzil dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025-ci il tarixdə mülkiyyət hüququ üzrə İddiaçı adına dövlət qeydiyyatına alınmışdır. Cehiz əşyalarını götürməsi ilə bağlı dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Cavabdeh iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarına hörmətlə yanaşmamış və cehiz əşyalarını iddiaçının mülkiyyətində olan evdən götürməkdən imtina etmişdir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququnun mühüm elementləri olan sahiblik və istifadə hüququndan məhrum olmuşdur. Həmçinin məhkəmədə müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinə hüququ heç bir şəkildə, o cümlədən müqavilə şərtləri ilə məhdudlaşdırılmayıb, onun öz mülkiyyətindən sərbəst istifadə etməsi başqa şəxslərin hüquqlarını pozmur və hüquqdan sui-istifadə deyildir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilmiş Cavabdeh məxsus cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km, blok 63, 25/33 nömrəli mənzildən (Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, «ünvan 2 ünvanında yerləşən mənzildən) çıxarılmalıdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri və Azərbaycan Respublikası Mülki Məcəllənin 152, 157-ci maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada məhkəmə nəzərə alır ki, işdə olan mötəbər sübutlarla sübuta yetirilir ki, boşaldılması tələb edilən mənzilə iddiaçının hüququ heç bir şəkildə məhdudlaşdırılmamışdır, cavabdehin isə hər hansı bir hüququnun olması müəyyən edilmir. Göstərilən xüsusatlar və işin faktiki halları onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüququna malik olmaqla hazırki iddianı qaldırmaq üçün subyektiv hüquq və vəzifəsinin daşıyıcısıdır. Cavabdehin isə mübahisə predmeti olan daşınmaz əmlaka müdaxiləsi mülkiyyətçi kimi iddiaçının qanunla qorunan mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh məxsus Yataq mebeli: yeni dolab, çarpayı, güzgü, tumboçka, ortada 1 dənə yumru xalça, şüşə lüstur; Digər otaqlar: 6 ədəd oturacaq stollar, divanın oturacaq hissələri, qonaq otağındaki tumboçkanın üstündəki 2-3 ədəd şüşə qablar, aynanın pərdəsi, balaca xalça, koridor palazı, doroşka, 5 ədəd mətbəx oturacaqları, mətbəx mebelindəki qablar, tozsoran, qabaq stolu, divan, tumboçka, ayaqqabı dolabı (içi boş), güzgü, divarda dolab, qonaq otağında şamlı lüstur; Mətbəx: mətbəx mebeli, kiçik masa, 1 ədəd oturacaq, paltaryuyan maşın, qaz üstü, buz dolabı, mebelin içində gündəlik işlədilən cüzi qablar, çörək qabı, plastmas ləyənlər, aliminium qazanlar, şüşə rumkalar, pərdə, ütü altı, şüşə lüstur və balkonda dolabdan (içərisində uşağın 3-4 ədəd paltarından) ibarət olan cehiz əşyaları İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7 km, blok 63, 25/33 nömrəli mənzildən (Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Sumqayıt şossesi 7-ci km, «ünvan 2 ünvanında yerləşən mənzildən) çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar