Məhkəmə qərarları › İş №2(012)-5506/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5506/2025

22.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5506/2025 22.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi (maraqlı şəxs Cavabdeh) “Barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək 22 yanvar 2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında maraqlı şəxslə aralarında bağlanmış MŞB/8/2025-00114 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Cavabdeh ilə 21 yanvar 2023-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdular. Nikahları 3 saylı Bakı ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış və bu barədə nikahın bağlanması haqqında qeydlər kitabında 21 yanvar 2023-cü il tarixdə 198 saylı qeyd aparılmışdır. Birgə nikahlarından 29 yanvar 2023-cü il tarixdə X4 adlı övladları doğulmuşdur.Lakin sonradan aralarında olan münasibətlər pozularaq dözülməz hal aldığından nikahın pozulması haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün mediasiya prosesinə müraciət etmişdir. 22 yanvar 2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşilatında aralarında MŞB/8/2025-00114 saylı barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinin 3-cü bəndinə əsasən birinci tərəf: Ərizəçi həmin saziş imzalandıqdan sonra ikinci tərəf: Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Cavabdeh ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək 246 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razılaşmış, eyni zamanda bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəyəcəyinə dair ikinci tərəf öz üzrəsinə öhdəlik götürməsi ilə razılaşmışdır. Lakin yuxarıda qeyd edilən şərtlərlə aralarında barışıq sazişi bağlanmış olsa da, Cavabdeh bu günədək sazişin 3-cü bəndində qeyd edilmiş aliment öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Dəfələrlə ərzəçinin ona etdiyi müraciət nəticəsiz qalmışdır və ərzəçi artıq övladının ehtiyyacını ödəməkdə çətinlik çəkir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Ərizəçi məhkəməyə ərizə təqdim edərək, 22 yanvar 2025-ci il tarixdə Bakı 8 saylı Mediasiya təşkilatında aralarında bağlanmış MŞB/8/2025-00114 saylı barışıq sazişinin 3cü bəndinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, barışıq sazişi bağlanan gündən aliment öhdəliyi maraqlı şəxs tərəfindən icra olunmur. Maraqlı şəxs Cavabdeh ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Ərizəçi ilə Cavabdeh arasında 22 yanvar 2025-ci il tarixli, MŞB\8\2025-00114 saylı barışıq sazişinin 3-cü bəndi aşağıdakı məzmuna və şərtə uyğun olaraq bağlanmışdır: Birinci tərəf: Məsiyeva X2 imzalandıqdan sonra ikinci tərəf: Cavabdeh ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf: Cavabdeh ona xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 1-dən 10-dək 246 manat sabit pul məbləğində aliment ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razıdır, eyni zamanda bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi və ona məxsus olan bank kartı hesabına ödəyəcəyinə dair ikinci tərəf öz üzərinə öhdəlik götürməsi ilə razıdır. - AZ-İV 878061 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə dünyaya gəlmişdir. Atası Cavabdeh, anası Ərizəçidır. - Abşeron RPŞ QvŞV bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyata alınmışdır. Ərizədən görünür ki, ərizəçi, maraqlı şəxsin müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin 3-cü bəndini könüllü qaydada icra etmədiyinə görə, barışıq sazişinin məcburi icrasının təmini məqsədi ilə barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən, mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən, tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. Həmin Qanunun 32.1.1-ci maddəsinə görə, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mediasiya prosesi nəticəsində bağlanan barışıq sazişinin forma və məzmunu ilə bağlı tələbləri müəyyən edən “Mediasiya haqqında” Qanunun 33-cü maddəsinə görə, barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır (33.1) və barışıq sazişində mübahisənin predmeti (33.1.3), mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri (33.1.5), barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri (33.1.6) göstərilir. Həmin Qanunun 33.3-cü maddəsinin tələbinə əsasən, barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 34-cü maddəsində göstərilir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır (34.1), barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur (34.2), əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər (34.3), Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) (34.4), barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur (34.5). Sadalanan maddi hüquq normalarından görünür ki, mülki mübahisələr mediasiya vasitəsilə mübahisə tərəfləri arasında bağlanan, mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdikləri şərtləri və həmin şərtlərin yerinə yetirilməsi üsul və müddətini nəzərdə tutan, imzalandığı andan tərəflər üçün məcburi xarakter daşıyan barışıq sazişi ilə həll oluna bilər. Tərəflərin imzaladıqları barışıq sazişi şərtləri onu imzalayan tərəflərdən biri tərəfindən pozularsa, digər tərəfin barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmək hüququ yaranır. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsinə dair prosessual normalar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40-7-ci fəslində nəzərdə tutulmuşdur. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-26-cı maddəsində nəzərdə tutulmuşdur ki, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu (355-26.1.1), barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı (355-26.1.2) hallarda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir Qeyd olunan maddi və prosessual hüquq normalarının təhlili göstərir ki, mübahisə tərəflərinin sərbəst iradəsi ilə mediasiya prosesi nəticəsində bağlanmış, lakin sonradan tərəflərdən biri tərəfindən könüllü icrasından tam və ya qismən yayınılan barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün sazişin şərtlərinin digər iştirakçı tərəfindən pozulduğunu iddia edən tərəfin aidiyyəti məhkəməyə ərizə ilə müraciət etməsi və məhkəmə tərəfindən həmin barışıq sazişində qanuna zidd halların və ya barışıq sazişinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığına dair halların aşkar edilməməsi, barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsi üçün qanuni əsas yaradır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə qeyd edir ki, ərizəyə baxılarkən MPM-nin 355-26-cı maddəsində göstərilən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina olunması üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi tərəfindən barışıq sazişinin müvafiq hissədə təsdiq olunması xahiş edildiyindən (3-cü bənd) qeyd olunan barışıq sazişi həmin hissədə təsdiq olunmalı və alimentin tutulması barışıq sazişinin bağlandığı vaxtdan hesablanmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 355-26.2-cü maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23- 355- 26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00114 saylı barışıq sazişı aşağıdakı hissədə təsdiq edilsin. (3-cü bənd) Tərəflər razılaşdılar ki, ikinci tərəf (Ata- Cavabdeh) birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2023-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ay 246 manat sabit pul məbləğində alimentin birinci tərəfə (Anaya- Ərizəçi) ödəyəcək. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar