Məhkəmə qərarları › İş №2(012)-5573/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5573/2022

07.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5573/2022 07.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Komissiyasının 1998-ci il tarixli əmlakdan pay verilməsi barədə 49 nömrəli akta əsasən ona Abşeron rayonu, Mehdiabad qəsəbəsində ayrılmış torpaq sahəsinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi tərtib edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilməmiş, iddia ərizəsində iddia tələbi konkret və aydın göstərilməmişdir. Belə ki, iddia ərizəsində iddiaçı X1 Komissiyasının 1998-ci il tarixli əmlakdan pay verilməsi barədə 49 nömrəli akta əsasən ona ayrılmış torpaq sahəsinin başqa şəxslərə qanunsuz olaraq satıldığını göstərsə də, iddia ərizəsində həmin şəxsləri tələbin yönəldilməsi nəzərdə tutulan şəxslər kimi cavabdeh qismində göstərməmişdir. Həmçinin iddia ərizəsində cavabdeh qismində Cavabdeh göstərsə də, iddia ərizəsinin “xahiş edir” hissəsində ona qarşı yönələn hər hansı bir tələb göstərilməmişdir. Göründüyü kimi iddia tələbi qeyri-müəyyəndir, tələbin yönəlməsi nəzərdə tutulan şəxslər göstərilməmiş və onlar iddia ərizəsində cavabdeh qismində qeyd olunmamışlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir; 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir; 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumuna görə pul dövlət büdcəsinin vəsaiti hesabından ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi cəlb edilməklə) torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı iddia ərizəsinin verilməsinə görə ödədiyi 100 (yüz) manat dövlət rüsumuna görə pul geri ona qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Abşeron rayon Maliyyə İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar