Məhkəmə qərarları › İş №2(105)-1048/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1048/2024

04.07.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1048/2024 04.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi , İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Meyralı oğluna qarşı çıxarışın etibarsız hesab olunması və sair tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(067)- 290/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair vətəndaş X2 adına verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********49 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdehə məxsus “Leksus” markalı, ** FK *** dövlət nömrə nişanlı avtomobili 23000 manata almaq məqsədi ilə aralarında razılaşma olmuş, həmin puldan 13000 manatı on gün ərzində cavabdehə ödəmişdir. Sonradan cavabdehin oğlu avtomobilin satışına etiraz etdiyindən avtomobili cavabdehə təhvil vermiş, cavabdeh isə ödədiyi pulu qaytarmağa söz versə də, həmin pulu qaytarmamışdır. Məsələnin məhkəmə müstəvisinə çıxarmamaq üçün cavabdeh özü ona təklif etdi ki, Xaçmaz rayonu, Muxtadır qəsəbəsində onun mülkiyyət hüququ ilə 0.06 ha həyətyanı torpaq sahəsi vardır və həmin torpaq sahəsini borclu olduğu pul əvəzinə ona versin. O da cavabdehin bu təklifi ilə razılaşmışdır. Cavabdeh və onun həyat yoldaşı həmin 0.06 ha torpaq sahəsinə dair tanışı X3 notariat qaydada təsdiq edilmiş birgə baş etibarnamə verdilər. Lakin qısa müddətdən sonra onlar həmin etibarnaməni notariat orqanına ərizə verərək ləğv etdirdilər. Bundan sonra o pul tələbinə dair cavabdehə qarşı məhkəmədə müvafiq iddia qaldırdı. Bununla bağlı məhkəmə mübahisələri olmuş, cavabdeh ödədiyi pulun əvəzinə Xaçmaz rayonunun Muxtadir kəndində olan ona məxsus torpaq sahəsini ona verməyə söz vermişdir. Bu fakt Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 1777/2019 saylı, Sumqayıt Apellyasiya Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli, 2(105)- 4055/2019 saylı və həmin Məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(105)-2783/2020 saylı qətnamələrində öz əksini tapmışdır. Hazırda cavabdehə həmin torpaq sahəsinin adına keçirilməsini tələb etsə də, bundan imtina edir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh həmin torpaq sahəsini hansısa yolla vətəndaş X2 adına keçirmiş və göstərilən torpaq sahəsinə həmin şəxsin adına DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********49 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd etdiyi kimi cavabdehlə şifahi qaydada razılaşaraq əqd bağlamış, cavabdeh Xaçmaz rayonu, Muxtadir kəndində yerləşən Seriya RX N° ******* nömrəli çıxarışa əsasən ona məxsus 6 sot torpaq sahəsini ona verəcəyinə söz vermişdir. Lakin buna baxmayaraq əmlakı hal-hazıradək adıma rəsmiləşdirməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(067)-290/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh Meyralı oğluna qarşı çıxarışın etibarsız hesab olunması və sair tələbinə dair iddiasının təmin olunmaması, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Vüsalə Qasımova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(067)-290/2024 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə qət edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək qeyd etmişdir ki, məhkəmə Mülki Məcəllənin 324.1-ci, 385.1-ci, 442-ci, 443.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.1-ci, 88-ci və 217.3-cü maddələrinin tələblərini pozaraq işdə olan sübutlara obyektiv qiymət verməmiş, formal mülahizələrlə iddia tələbini rədd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh Meyralı oğluna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi Cavabdeh Meyralı oğlunun xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-4055/2019 saylı qətnaməsindən müəyyən olunur ki, Cavabdeh Meyralı oğlunun apelyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 14 avqust 2019cu il tarixli, 2(057)-1777/2019 saylı qətnaməsi qismən, pulun ödənilməsi ilə bağlı gecikdirilmiş 2 il 6 ay müddət üçün iilik 5% olmaqla 1437 manat pulun Cavabdeh tutulmasına aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək bu hissədə iddia təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Torpaq sahəsinin planı və ölçüsü sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən 0.06 ha torpaq sahəsinin planı və ölçüsü Cavabdeh Meyralı oğlunun adına işlənmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Çıxarışından müəyyən olunur ki, Xaçmaz rayonu Müqtədir qəsəbəsində yerləşən ilə 0.06 ha həyətyanı torpaq sahəsi X2 xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MMC-nin Hərrac Yekunları barədə 12/21 saylı Protokolundan müəyyən olunur ki: -Satılan əmlak: Cavabdeh Mehralı oğluna məxsus, Xaçmaz rayonu, Müqtədir qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsidir. -Hərracın keçirilməsinə əsas: Xaçmaz rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədi əsasında verilmiş Xaçmaz rayon İcra Şöbəsinin 18 may 2021-ci il tarixli, 355- 20 saylı sifarişi olmuşdur. - Qalib alıcı- X5. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında şifahi şəkildə cavabdehə məxsus “Leksus” markalı, ** FK *** dövlət nömrə nişanlı avtomobili iddiaçının alması ilə bağlı razılaşma olmuş, həmin pulun bir qismini on gün ərzində cavabdehə ödəmişdir. Sonradan cavabdehin oğlu avtomobilin satışına etiraz etdiyindən avtomobili cavabdehə təhvil vermiş, cavabdeh isə ödədiyi pulu qaytarmağa söz versə də, həmin pulu qaytarmamışdır. İddiaçı borc pulun müqabilində cavabdehə həmin torpaq sahəsinin adına keçirilməsini tələb etsə də, bundan imtina edir. Cavabdeh ona məxsus torpaq sahəsini satmış, hazırda mübahisə olunan torpaq sahəsi Çıxarış əsasında X2 mülkiyyətindədir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu qətnaməsində onunla əsaslandırmışdır ki, "xxxx" MMCnin Hərrac Yekunları barədə 12/21 saylı Protokol vasitəsilə X2 mülkiyyətinə keçmişdir. Hərracın yekunları mübahisələndirilməmiş və hərracın yekunları barədə protokol müvafiq qaydada əmlakın mülkiyyətçisi və əmlakın alıcısı tərəfindən imzalanmışdır. İddiaçı mübahisə olunan torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasını iddia edərək, çıxarışın etibarsız hesab olunmasını tələb edir. İddiaçı mübahisələndirilən çıxarışın etibarsız olmasını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim, mötəbər sübut təqdim edə bilməmişdir. Beləliklə, iş üzrə sübutlarla mübahisəli çıxarışın etibarsız olması halı təsdiq edilməmişdir. Çıxarışın etibarsız sayılması üçün məhkəmə gedişatı zamanı əsaslar müəyyən olunmadığından və məhkəmə iclasında öz təsdiqini tapmadığından iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə prosesi gedişində iddiaçı mübahisələndirilən çıxarışın, habelə onun əsasında verilmiş hüquqmüəyyənedici sənədin etibarsızlığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının mübahisələndirdiyi Çıxarış hərracın nəticələri əsasında Yekun protokolun imzalanması əsasında verilmişdir. Hərracın nəticələri ümümiyyətlə mübahisələndirməmişdir. Buna görə iddia tələbi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə nəticə etibari ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İş materiallarına əsasən mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyət hüququnun "xxxx" MMC-nin Hərrac Yekunları barədə 12/21 saylı Protokol vasitəsilə X4 məxsus olması müəyyən edilir. MPM-in 140-cı maddəsinin tələblərinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Mübahisə olduqda hüquqların dövlət qeydiyyatı haqqında çıxarışı etibarsız hesab edən tərəf onun düzgün etibarsızlığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə iddiaçı tərəfindən iddia ərizəsində qeyd edilən Xaçmaz rayonu, İstisu qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair X2 adına verilmiş xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, reyestr nömrəsi **********49 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki, əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi sənədlər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumpsiyanın əksini iddia edən tərəf kimi iddiaçı istinad etdiyi halları sübuta yetirməli olsa da, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.Həmçinin birinci instansiya məhkəməsində iddaçının nümayəndəsi və vəkili izahatında çıxarışın etibarsız hesab edilməsi və mülkiyyət hüququnun tanınması ilə bağlı hər hansısa bir rəsmi sənədlərinin olmadığını etiraf etmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmişdir. İddia tələbinin sübuta yetirilməsi iddaçının üzərinə düşdüyü və buna baxmayaraq, iddiaçı öz tələblərini sübuta yetirə bilmədiyi üçün birinci instansiyası məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(067)-290/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar