Məhkəmə qərarları › İş №2(012)-5617/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5617/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5617/2022 06.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi ilə, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayon 1 saylı Notariat Ofisinə və Cavabdeh2 qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında Abşeron rayon 1 saylı notariat ofisində xx.xx.2017-ci il tarixli ipoteka və kredit müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, ipoteka qoyan-Cavabdeh2 mülkiyyətində olan 0.012 ha torpaq sahəsini 3M-291 saylı kredit müqaviləsinə əsasən yaranmış 12000 manat borc öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın, yəni, iddiaçının xeyrinə ipoteka ilə yüklü etmiş, öhdəliyin icrası müddəti başa çatdığına və dəfələrlə borcu tələb etməsinə baxmayaraq, cavabdeh indiyə kimi hissə-hissə olmaqla, cəmi 3100 manat ödəmiş, 8900 manat borc qalmışdır. Cavabdehin sonuncu ödənişi xx.xx.2022-ci il tarixdə 500 manatdan ibarət olmuşdur. Göstərilən ipoteka müqaviləsinin 12.2-ci maddəsinə əsasən, bu müqavilə öhdəlikləri tam yerinə yetirilənədək hüquqi qüvvəyə malikdir. Buna baxmayaraq, cavabdeh müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Digər tərəfdən, ünvan 2tariat ofisi cavabdehə xx.xx.2017-ci il tarixli 3534 saylı məktubla bildiriş əsasında borcun 30 gün ərzində ödənilmədiyi təqdirdə icra qaydasında məcburi ödənişə yönəldiləcəyini bildirmiş, lakin müddət ötürüldüyündən 1 saylı notariat ofisi borcun məcburi ödənişə yönəldilməsini təmin etməmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, cavabdeh eyni zamanda, onun ailə üzvləri dəfələrlə borcun tezliklə ödənilməsi vədini vermiş, lakin vədinə əməl etməmişlər. O, dəfələrlə cavabdehə borcun ödənilməsi müddətində güzəşt etmiş, bu səbəbdən də borc ödənilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, bu neçə illər ərzində cavabdeh borcunu ödəmədəyindən ona təzminat da ödəməlidir. Onun eşitdiyinə görə, 3 il müddət başa çatdıqdan sonra onun tələb irəli sürmək hüququ yoxdur. Məhkəmə iclasından öncə cavabdeh ona istehza ilə gülərək iddia müddətini ötürdüyünü bildirmişdir. Bu səbəbdən də, o, cavabdehə 500 manat pul vəsaitini rəsmi qaydada ödəməyi təklif etmiş və cavabdeh ona 500 manat ödədiyi təqdirdə 2000 manat borcunu bağlamaq təklifini irəli sürmüşdür. O, cavabdehi məhkəməyə vermək naminə 500 manat verəcəyi təqdirdə 2000 manat məbləğlə borcunu bağlamaq yalanını demişdir. Cavabdeh ona pul ödədiyindən müddət həmin vaxtdan da hesablanmalıdır. Cavabdeh ona heç bir məbləğdə faiz ödəməmişdir. O, ümumiyyətlə cavabdehi tanımamışdır. Cavabdeh onun rəfiqəsi ilə şərikli şəkildə torpaq alıb-satmışlar. Onun rəfiqəsinin cavabdehdə pulu qaldığından borc vermək təklifini onun rəfiqəsi irəli sürmüşdür. Cavabdeh ya onun pulunu verməli, ya da tələb torpaq sahəsinə yönəldilməlidir. Bundan savayı, o, həddən ziyadə yol, mediasiya xərci və sairə məsrəflər çəkmişdir. Bu səbəbdən də həmin pul vəsaitlərini də cavabdehdən tələb edir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış kredit müqaviləsi iki ay müddətinə bağlanmış və xx.xx.2017-ci il tarixədək öhdəlik müəyyən edilmişdir. Həmin müddətdə iddiaçının dediyi kimi, cavabdeh 4000 ABŞ dolları pul vəsaitini vermiş, lakin ödəməni rəsmi qaydada verməmişdir və tərəflər arasında problem yaranmamışdır. Lakin ödəmələr 2021-ci ildən rəsmi qaydada başlamışdır. Maraqlıdır ki, uzun müddət keçdikdən sonra cavabdeh 2021-ci ildə rəsmi qaydada ödəməyə başlamışdır. İddiaçı iddia ərizəsini əsaslandırmır, nə istədiyini dəqiq deyə bilmir, ya pul vəsaiti, ya da torpaq sahəsini istəyir. Bu səbəbdən də, hesab edir ki, iddia tələbi əsaslı deyildir. Cavabdeh Abşeron rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Borcverən İddiaçı ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli reyestrdə 3M-290 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 12000 manat pulu borc verməyi, borc alan isə krediti xx.xx.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. -İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan-borclu Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını kredit müqaviləsinə əsasən, 12000 manat yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədilə Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən, 17000 manat müəyyən edilmişdir. Müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəlik yaxud onun bir hissəsi vaxtında icra olunmadıqda, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətləri ardıcıl olaraq iki dəfə pozulduqda, ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında ipoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başalayaraq 30 təqvim günü ərzində icra olunmadıqda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 892 saylı reyestr kitabının 19 saylı vərəqində, ********** qeydiyyat nömrəsi, **********18 reyestr nömrəsi ilə qeydiyyata alınmış Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixli 3M-290 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixədək İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən Cavabdeh2 ünvanlanmış xx.xx.2017-ci il tarixli 3534 saylı məktubdan görünür ki, ünvan 2tariat kontorunda xx.xx.2017-ci il tarixdə İddiaçı ilə bağlanmış 3M-290 saylı reyestr ilə kredit müqaviləsi rəsmiləşdirilmişdir. Həmin müqaviləyə əsasən, xx.xx.2017-ci il tarixədək ödənilməli olan 12000 manat ödənilməmişdir. 30 gün müddətinə müqavilədə göstərilən müvafiq məbləğ ödənilməzsə icra qaydasında məcburi ödənişə yönəldiləcəkdir. -Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında 12 avqust 2022-ci il tarixli 3213 saylı Qərardan görünür ki, İddiaçı icra qeydinin aparılması barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. Qərardan daha sonra görünür ki, ünvan 2tariat ofisinə Əzimova X2 rayon 1 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə 3M-290 reyestrdə qeyd edilmiş kredit müqaviləsi üzrə icra qeydinin aparılması ilə bağlı xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Təqdim edilən kredit müqaviləsindən görünür ki, borcalan Cavabdeh2 xx.xx.2017-ci il tarixə qədər krediti qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı qanunda nəzərdə tutulduğu müddətdə icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etməmişdir. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373.3-cü maddəsi ilə müəyyən edilmiş üç il iddia müddətləri keçənədək aparılır. -Ödəniş qəbzlərindən görünür ki, İddiaçı hesab nömrəsinə xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 200 manat, xx.xx.2021-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat, xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixdə 300 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 100 manat, xx.xx.2022-ci il tarixdə 200 manat və xx.xx.2022-ci il tarixdə 500 manat ödəniş edilmişdir. -Abşeron Rayon İcra Hakimiyyəti başçısının Mehdiabad qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1536 saylı arayışdan görünür ki, Musayev X3 rayonu Mehdiabad qəsəbəsi Yeni Məhəllə adlanan ünvanda qeydiyyatsız yaşayır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Nərimanov rayonu İ.Hidayətzadə küçəsi 49/51 saylı evin 11 saylı mənzilində, Cavabdeh2 isə Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndində qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmışdır. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, cavabdehə xx.xx.2017-ci il tarixədək qaytarılmaq şərtilə 12000 manat pulu borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında eyni tarixdə borcun təminatı olaraq ipoteka müqaviləsi bağlanmışdır. Lakin müqavilə üzrə müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq, cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya tam şəkildə geri qaytarmamış, nəticədə, iddiaçının kredit borcu ödənilmədiyindən tələbin ipoteka predmetinə yönəldilməsini məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi əsasında aldığı borcun qarşılığında mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsini borcverən qarşısında ipoteka ilə yüklü etmişdir. Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra “İpoteka haqqında Qanun” adlanacaq) 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən, Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsini İddiaçı qarşısında ipoteka ilə yüklü etməsi nəticəsində tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 17000 manat olması müəyyən edilmişdir. İddiaçının ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinin 9.1-ci bəndinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh2 İddiaçı aldığı krediti vaxtında və lazımi qaydada qaytarmadığından iddiaçı qarşısında kredit borcunun qaytarılmasına dair öhdəliyi yaranmış, ona görə də İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmini məqsədilə tutma ipoteka qoyulmuş, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsinə yönəldilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, reyestrdə 3M-290 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi məqsədilə tutma Cavabdeh2 mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən 0.012 ha torpaq sahəsinə yönəldilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar