Məhkəmə qərarları › İş №2(012)-5705/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-5705/2021

30.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-5705/2021 30.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyaların qaytarılması” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona mənsub 1 ədəd sepdən, 1 çüt sırğadan, 1 ədəd qolbağdan, 1 ədəd üzükdən ibarət olan briliyant komplekt dəstini (ümumi dəyəri 5500 manat) və 1 ədəd bir ədəd gümüş qolbağın (dəyəri 50 manat) alınaraq ona qaytarılması və ya ümumi dəyəri olan 5550 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Cavabdeh ilə 19 iyul 2019-cu ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından 13 aprel 2020-ci ildə anadan olmuş X5 adlı bir övladları var. Nikahları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5107/2021 saylı 13.07.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdeh tərəfindən ona məxsus cehiz əmlakları geri qaytarılsa da bilərəkdən toyda ona hədiyyə qismində verilmiş 1 ədəd sepdən, 1 çüt sırğadan, 1 ədəd qolbağdan, 1 ədəd üzükdən ibarət olan briliyant komplekt dəstini (ümumi dəyəri 5500 manat) və 1 ədəd gümüş qolbağı (dəyəri 50 manat) ona təhvil verməkdən imtina etmişdir. Qeyd etmək istəyir ki, ona məxsus qızıl zinyət əşyaları cavabdeh tərəfindən götürülmüşdür. Dəfələrlə ona məxsus qızıl zinyət əşyalarını tələb etsə də həmin əmlakı geri qaytarmaqdan imtina edir. Cavabdehlə aralarında olan mübahisənin mediasiya prosesində həlli üçün müraciət etsə də cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, evdə olmayanda iddiaçı gəlib bütün əşyalarını götürüb getmişdir. Toydan əvvəl onun anası iddiaçıya qızıl almışdır, o, iddiaçıya qızıl almamışdır. İddiaçı evi tərk edərkən həmin qızılları da aparmışdır. Onda qızıl yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəməyə şahid qismində cəlb edilmiş X6 məhkəmə iclasında ifadəsində bildirdi ki, İddiaçı onun keçmiş gəlinidir. O, sözügedən qızılları toydan əvvəl 2100 manata iddiaçıya almışdır. O, heç vaxt iddiaçıya gümüş qolbaq verməmişdir. İddiaçı qızılları özü ilə aparmışdır. İddiaçı 14.05.2021-ci ildə evi tərk etmişdir. Evi tərk edəndən sonra iddiaçı və iddiaçının anası evə gələrək bütün əşyaları aparmışdırlar. Odur ki, sözügedən qızıllar iddiaçıdadır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkməsinin 2(001)-5107/2021 saylı, 13.07.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 19 iyun 2019-cu il tarixdə Sumqayıt “ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1679 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 13 aprel 2020-ci il təvəllüdlü X2 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, X1 08 iyun 2021-ci il tarixdən başlayaraq 13 aprel 2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. qət edilmişdir. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia ərizəsində göstərilən qızıl-zinət əşyalarının mövcudluğu, həmin əşyaların cavabdehdə olması və dəyəri ilə bağlı sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı bununla bağlı izahatından başqa hər hansı bir mötəbər sübuta istinad etməmişdir. İddiaçının izahatı digər mötəbər sübutlarla təstiqini tapmadığından məhkəmə həmin izahata tənqidi yanaşaraq iddia tələbinin rədd edilməsi nəticəsinə gəlmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı Cavabdeh ona mənsub 1 ədəd sepdən, 1 çüt sırğadan, 1 ədəd qolbağdan, 1 ədəd üzükdən ibarət olan briliyant komplekt dəstini (ümumi dəyəri 5500 manat) və 1 ədəd bir ədəd gümüş qolbağın (dəyəri 50 manat) alınaraq ona qaytarılması və ya ümumi dəyəri olan 5550 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar