Məhkəmə qərarları › İş №2(012)-5789/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-5789/2023

17.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-5789/2023 17.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi barışıq sazişinin təsdiq edilməsi ilə bağlı xüsusi icraat qaydasında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, mediasiya prosesinin (mediator X2) nəticəsində onunla Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB\9\2023-01512 saylı barışıq sazişinin Cavabdeh tərəfindən birgə nikahlarından anadan olmuş övladı, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay Cavabdeh əmək haqqının 25%-nin onun xeyrinə ödənilməsi hissəsində təsdiq edilməsi, həmin aliment məbləğinin barışıq sazişinin imzalandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən etibarən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, barışıq sazişinə əsasən birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün onun himayəsinə verilməsi, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay əmək haqqının 25 %-ni ona ödəməsi barədə razılığa gəlmişlər. Mediator səhvə yol verərək alimentin hansı tarixdən etibarən tutulmasını barışıq sazişində qeyd etməmiş, həmin hissəni qeyri-müəyyən saxlamışdır. Bu vəziyyət birgə nikahlarından anadan olmuş uşağın mənafeyinə ziddir və onun hüquqlarını kobud şəkildə pozur. Mediasiya təşkilatında onlara bildirilmişdir ki, alimnet barışıq sazişi imzalandığı tarixdən etibarən onun xeyrinə ödəniləcək. Cavabdeh isə barışıq sazişinin şərtlərinə əməl etmir. Uşaq hazırda onun himayəsində qalır və Cavabdeh uşağın saxlanılması üçün heç bir aliment ödəmir. Məhkəməyə müraciət edərkən ödəməli olduğu dövlət rüsumu ilə bağlı ona məlumat verilməsinə baxmayaraq, dövlət rüsumunu ödəməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh izahatında göstərmişdir ki, barışıq sazişinə əsasən birgə nikahlarıdan anadan olmuş övladı xx.xx.2018-ci il təvəllüdlü X6 ilə görüşə həftədə 2 dəfə şərait yaradılmalıydı. Buna baxmayaraq sentyabr ayından övladı X4 ona göstərilmədiyindən aliment pulunu ödəmədiyini bildirdi. O, aliment pulunu ödəməkdən boyun qaçırmır .Barışıq sazişinə razılaşdırılmış formada o da, övladını görmək istəyir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci madəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən, dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi ona dövlət rüsumunun ödənilməsibarədə məlumat verilməsinə baxmayaraq mövcud iddia ərizəsi üzrə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödəmədiyindən və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəsinə əlavə etmədiyindən, ərizə baxılmamış saxlanılmalıdır. Göründüyü kimi, ərizə Azərbaycan Respublikası MPM-nin 150.1.2-cu maddəsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli xx.xx.2021-ci il tarixli qərarının 5-ci bəndi ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında dəyişikliklər edilərək, 5.1-ci bəndə əsasən 2-ci bənd aşağıdakı redaksiyada verilmişdir: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyində mövcud ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar