Məhkəmə qərarları › İş №2(012)-6034/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6034/2021

11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6034/2021 11.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) X1 kаtibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Babayev Səyyar Babaş oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Babayev Səyyat Babaş oğlundan İddiaçı xeyrinə 85 000 manat pul vəsaitinin günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 50 000 ABŞ dolları borc pulun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 1 ünvanında olan 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 nömrəli fərdi yaşayış evinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş “Babayev Səyyar Babaş oğlu”nun “Cavabdeh” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbləri saxlanılmaq şərtilə cavabdehin kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ilə cavabdeh Babayev Səyyat Babaş oğlu arasında 21.01.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinə görə iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci il tarixə qədər qaytarılmaqla 85 000 manat günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 50 000 ABŞ dolları borc pul verilmişdir. Kredit öhdəliyinin təminatı üçün cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında olan 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 nömrəli fərdi yaşayış evi 21 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş, iddiaçı qarşısında borcun ödənilməsinə dair öhdəliyi yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka müqaviləsinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə tutma ipoteka predmeti olan əmlaka yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yönəldilməlidir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, O, iddiaçi İddiaçı ilə 21.01.2020-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. O, əmisi oğlu Etibarın vasitəsi ilə iddiaçını tanımışdır. Belə ki, ona 15 günə qaytarılmaq şərtilə 40000 manat borcun verilməsi təklif olunmuşdur. Kredit müqaviləsi üzrə Etibar onun 85000 manat kredit götürməsini istəmiş, lakin həmin pul məbləğindən ona yalnız 10000 mnat pul vəsaiti qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 21.01.2020-ci il tarixli reyestrdə 3M-159 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsinin surətindən görünür ki, borcverən borcalana 85000 manat pulu günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 50000 ABŞ dolları məbləğində borc verməyi, borc alan krediti 21.04.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. -İpoteka saxlayan İddiaçı ilə ipoteka qoyan və borclu Cavabdeh arasında bağlanmış 21.01.2020-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını Bakı şəhəri 14 saylı notariat ofisində 21.01.2020-ci il tarixdə rəsmiləşdirilmiş 3M/159 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ünvan 2 ünvanında 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv/m olan 103 nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 250000 manat müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 27.06.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışış surətindən görünür ki, Cavabdeh adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın Dövlət reyestrində 217 saylı reyestr kitabının 57 saylı vərəqində qeydiyyata alınmış Abşeron rayonu Masazır kəndi Ramiz Mirişli küçəsi 103 saylı fərdi yaşayış evi 21.01.2020ci il tarixli 3M/159 reyestr nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi 21.01.2020-ci il tarixdən 21.04.2020-ci il tarixədək İddiaçı qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 439.1-ci maddəsinə əsasən, pul öhdəliyi manatla ifadə edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı 21.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 21.04.2020-ci il tarixədək qaytarılmaq şərtilə 85000 manat pulu günün məzənnəsinə uyğun olaraq ABŞ dolları ekvivalenti ilə 50000 ABŞ dolları məbləğində borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında eyni tarixdə borcun təminatı olaraq ipateka müqaviləsi bağlanmışdır. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya tam şəkildə geri qaytarmamış, nəticədə iddiaçının kredit borcunu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında həmçinin, müəyyən olunmuşdur ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsi əsasında aldığı borcun qarşılığında mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evini borcverən qarşısında ipoteka ilə yüklü etmişdir. Həmçinin, Mülki Məcəllənin: 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. 319.1-ci və 319.6-cı maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İpoteka haqqında Qanun adlanacaq) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmini üsulu kimi mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evini İddiaçı qarşısında ipoteka ilə yüklü etməsi nəticəsində tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 250000 manat olması müəyyən edilmişdir. İddiaçının ipoteka hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İpoteka haqqında Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində qeyd edir ki, iddia tələbində Cavabdeh məxsus Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyəri 250 000 manat müəyyən edildiyindən cavabdehə məxsus fərdi yaşayış evinin 250 000 manat müəyyən olunmaqla açıq hərracdan satılması qərarına gəlir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh İddiaçı aldığı krediti vaxtında və lazımi qaydada qaytarmadığından iddiaçı qarşısında kredit borcunun qaytarılmasına dair öhdəliyi yaranmış, ona görə də İddiaçı xeyrinə Cavabdeh 21.01.2020-ci il tarixli kredit müqaviləsinə əsasən, 50000 ABŞ dolları pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 manat olmaqla pul vəsaiti tutulmalı, tutma ipoteka qoyulmuş Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinə yönəldilməli, fərdi yaşayış evi satış qiyməti 250 000 manat olmaqla açıq hərracda satılmalmalı, satışdan əldə olunmuş vəsaitdən cəmi 50000 (əlli min) ABŞ dolları pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 (səksən beş min) manat İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə eyni zamanda Cavabdeh iddiaçıya ödənilməli olan pul məbləğinin ödənilməsi üsulu və qaydasını araşdıraraq hesab edir ki, tərəflər arasında borc hüquq münasibətləri ABŞ dolları ilə yaranmış olsa da, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan olunduğundan və pul öhdəliyi manatla ifadə edilməli olduğundan iddiaçıya ödənilməli olan pul vəsaiti manatla ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 21.01.2020-ci il tarixli, reyestrdə 3M-159 nömrə ilə qeydiyyata alınmış kredit müqaviləsi üzrə 50000 (əlli min) ABŞ dolları pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 (səksən beş min) manat olmaqla pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Tutma Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinə yönəldilsin. Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Masazır kəndi R.Mirişli küçəsində yerləşən 0.0838 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 279.3 kv.m olan 103 saylı fərdi yaşayış evinə tutma yönəldilsin, həmin fərdi yaşayış evinin satış qiyməti 250000 (iki yüz əlli min) manat olmaqla açıq hərracda satılsın, satışdan əldə olunmuş vəsaitdən cəmi 50000 (əlli min) ABŞ dolları pul vəsaiti Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə, yəni 85000 (səksən beş min) manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar