Məhkəmə qərarları › İş №2(012)-6085/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6085/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6085/2022 23.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1956-cı il təvəllüdlü X4 Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsində yerləşən 8A saylı evdə xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərmişdir ki, o, xx.xx.1981-ci il tarixdə X6 ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Abşeron rayonu Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Həyat yoldaşının adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciətinə cavab olaraq həmin sənədin verilməsindən imtina olunmuşdur. Həkim arayışı olmadığına görə həyat yoldaşının adına o, ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O, Sumqayıt regional Asan xidmət Mərkəzində Qeydiyyat şöbəsinə həyat yoldaşının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmiş, lakin ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də göstərilənlərə əsasən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi 1 saylı Sumqayıt regional Asan xidmət mərkəzində Qеydiyyаt Şöbəsi xx.xx.2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi onun anası və X2 isə onun atasıdır. Onun atasının adı “Sənhan” olsa da, atası hərbidə olan vaxtda onun doğum haqqında şəhadətnaməsində ata adı “Sanqan” olmuş, sonradan atası sənədini tərcümə etdirmişdir. Atası hərbidən çıxandan sonra sənəd işləri ilə şəxsən özü məşğul olmuş və bu barədə onun başqa bir məlumatı yoxdur. Atası vəfat edən zaman o, atasının yanında olmuşdur. Vəfat etməmişdən 1 həftə əvvəl atası ona dizdən aşağı özünü idarə edə bilmədiyini bildirmişdir. O, atasına həkimə müraciət etməyi tövsiyyə etmiş, lakin atası həkimə getməyi sevmədiyindən imtina etmişdir. Atasının ağrısı olmasa da, ayağa qalxan zaman ona kömək lazım olurdu. Atası hərbiçi olduğundan xəstə olan zaman da şikayət etməzdi. Atası iki-üç gün yataqda olan zaman onlar bilirdilər ki, atasının xəstəliyi var. 2021-ci ilin sentyabr ayında atası xəstələnən zaman təxminən 20 gün yataqda olmuş, sonradan arıqlamış olsa da, sağalmışdır. Atası bir gün əvvəldən yatmış və ayağa qalxmamışdır. Lakin bununla belə, danışa bilməmiş, o, atasının danışığının zəifləməsindən şübhələnmiş, həkim çağırmağı təklif etsə də, atası imtina etmişdir. Atası vəfat edən zaman azan səsi gəlmiş, təxminən 5 radələrində atasının nəfəsinin gəlmədiyini görmüş və vəfat etməsinə əmin olmuşdur. O, tək övlad olduğundan yoldaşı ilə birlikdə valideynlərinə məxsus evdə valideynləri ilə birlikdə qalırdı. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, o, Ərizəçi kürəkəni olmaqla yoldaşı və ərizəçi ilə bir evdə yaşayırdılar. X6 vəfat edən zaman o, işdə olmuş, yoldaşı ona zəng edəndə evə gəlmişdir. Qaynatası hərbiçi olduğundan eyni zamanda, xəstəliyi olduqda belə həkimə getməzdi. Qaynatasının ölüm tarixini xatırlamasa da, təxminən iki ay müddət olardı, təcili tibbi yardıma o, zəng etmişdir. Mərhum bədbəxt hadisə nəticəsində vəfat etməmişdir. Mərhum avtovağzaldan Ceyranbatan qəsəbəsinə piyada gedəcək qədər möhkəm, iradəli insan idi. Bu səbəbdən də, ölümü də anidən olmuşdur. Mərhumun yas mərasimi Ceyranbatan qəsəbəsində olmuşdur, məclisi o, təşkil etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Gədəbəy rayonu Novo-İvanovka kənd inzibati ərazi nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 056095 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X12 xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 04 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Ələkbərova” soyadı verilmişdir. -Abşeron rayonu Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Təcili və X11 X3 görünür ki, X4 adına həmin tarixdə saat 06:05 radələrində ünvan 1 ünvanına çağırış daxil olmuş, həkimə qədər ölüm halı aşkar edilmiş, kişi cinsindən olan meyid üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməmişdir. -Abşeron rayonu Ceyranbatan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 119 saylı arayışdan görünür ki, Ərizəçi həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Ceyranbatan qəsəbə qəbiristanlığında dəfn edilmişdir. -İcbari Tibbi Sığorta üzrə X19 Ərazi Bölmələrini İdarəetmə X20 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Ələkpərovun ölümünün baş vermə səbəbi məlum olmadığından görə “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. -1 saylı Sumqayıt regional Asan xidmət mərkəzində Qеydiyyаt Şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-5005/76 saylı məktubdan görünür ki, ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. -Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZE № 17736347 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X1 rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsi 8A saylı evdə qeydiyyatda olmuşdur. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Ərizəçi Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsi 8A saylı evdə qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X6 ərizəçinin həyat yoldaşı olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X4 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahidlər də məhkəməyə verdikləri ifadələrində X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsində yerləşən 8A saylı evdə vəfat etməsini təsdiq etmişlər. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi həyat yoldaşının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə isə tamamilə sübuta yetirildi ki, həqiqətən də, ərizəçinin həyat yoldaşı X6 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsində yerləşən 8A saylı evdə vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsində yerləşən 8A saylı evdə vəfat etməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonunda anadan olmuş X4 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Ceyranbatan qəsəbəsi Seymur küçəsində yerləşən 8A saylı evdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar