Məhkəmə qərarları › İş №2(012)-618/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-618/2024

02.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-618/2024 02.02.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1620 manat dəyərində, 18 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan sırğa, üzük, bilərzik dəsti, 680 manat dəyərində, 18 qram çəkidə, 585 əyarlı, Rusiya istehsalı olan, 5 ədəd brilyant qaşlı nişan üzüyü, 1000 manat dəyərində “Embavood” mebel yataq dəsti, 750 manat dəyərində “Embavood” mebel qonaq dəsti, 65 manat dəyərində lüstur, 1000 manat dəyərində yataq otağı və qonaq otağı üçün tül ilə birlikdə 8 metrlik kapsella pərdə, 200 manat dəyərində 2 nəfərlik yun döşək, 150 manat dəyərində 2 nəfərlik yun yorğan, 100 manat dəyərində 1 nəfərlik döşək, 80 manat dəyərində 1 nəfərlik yorğan, 40 manat dəyərində 4 ədəd sintifon balış, 40 manat dəyərində 2 ədəd qaz tükündən balış, 190 manat dəyərində 3 ədəd pakrıval, 150 manat dəyərində qırmızı rəngli xalça (3x2), 120 manat dəyərində qırmızı rəngli xalça (2x1), 160 manat dəyərində 2 nəfərlik pastel dəsti, 80 manat dəyərində 1 nəfərlik pastel dəsti, 120 manat dəyərində 12 ədəd əl-üz dəsmalı, 50 manat dəyərində 12 ədəd qarışıq dəsmal, 60 manat dəyərində 2 ədəd süfrə, 60 manat dəyərində 12 ədəd çay dəsmalı, 20 manat dəyərində naçnik, 30 manat dəyərində gəlin lampası, 300 manat dəyərində 2 ədəd şuba-palto, 35 manat dəyərində 2 ədəd ayaqqabı, 10 manat dəyərində uşaq maşını, 150 manat dəyərində uşaq kalyaskası, 10 manat dəyərində uşaq səbəti, 380 manat dəyərində “LC” kompüter və kompüter stolu, 150 manat dəyərində zal üçün ağ-qara böyük xalça, 100 manat dəyərində divan üstü örtük, 20 manat dəyərində 2 ədəd divan üstü döşəkçə, 300 manat dəyərində soyuducu, 70 manat dəyərində çörək bişirən duxovka, 80 manat dəyərində mikrodalğalı soba, 35 manat dəyərində Tefal çaynik, 50 manat dəyərində sok çəkən, 120 manat dəyərində 2 ədəd ütü, 100 manat dəyərində ət çəkən, 30 manat dəyərində epilyator, 70 manat dəyərində tozsoran, 80 manat dəyərində qazan dəsti, 250 manat dəyərində 48 ədəd boşqab dəsti, 60 manat dəyərində 12 ədəd xrustal stəkan və nəlbəki dəsti, 120 manat dəyərində çamadan qaşıq dəsti, 250 manat dəyərində madonna servis, 30 manat dəyərində güldan, 70 manat dəyərində 2 ədəd meyvə vazı, 15 manat dəyərində 2 ədəd qənd qabı, 60 manat dəyərində bakal və rumkalar, 10 manat dəyərində ləpə qabı, 25 manat dəyərində 6 ədəd çərdək qabı, 35 manat dəyərində kompot qabı dəsti, 20 manat dəyərində şirəli vedrə, 5 manat dəyərində kapron süzgəc, 10 manat dəyərində çömçə, 20 manat dəyərində 3 ədəd kapron stol, 30 manat dəyərində 12 ədəd kasa dəstindən ibarət qızıl-zinət və cehiz əşyaları və ya onların dəyəri, habelə ödənilmiş 120 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 2020-ci il tarixdə faktiki ailə münasibətlərinə daxil olmuşdur. Əvvəllər ailə münasibətləri normal olmuş, mehriban yaşamışlar. Lakin bir müddət sonra cavabdehlə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailəsinə qarşı olan etinasızlığı və onu evdən əsassız yerə qovması olmuşdur. Ona toy zamanı cavabdeh tərəfindən qızıl-zinət əşyaları verilmişdir. Bundan əlavə cehiz əşyalarını cavabdehlərə məxsus evdən götürə bilməmişdir. Buna səbəb cavabdehin sözügedən əşyaları verməməsidir. Cavabdehdən ona məxsus qızıl-zinət əşyalarını və cehizlərini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək əşyaları və qızılları ona verməkdən yayınıb. Ona məxsus qızıl-zinət əşyalarının və cehizlərin başqa yolla alınması mümkün olmadığı üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, qızı İddiaçı cavabdehlə ailə həyatı qurarkən ərizədə qeyd olunan əşyaları cehiz aparmışdır. Hazırkı vaxtadək həmin əşyalar cavabdehə məxsus evdədir. Bundan əlavə qızına cavabdehlə evlənərkən qızıl-zinət əşyaları hədiyyə edilmişdir, həmin əşyalar da cavabdehdədir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyalarından yalnız 1 ədəd nişan üzyü alınmış, həmin üzüyü saxlamaq üçün anasına vermiş, toy-nişana gedərkən iddiaçı üzüyü anasından alaraq taxıb getmiş, sonra yenə saxlamaq üçün anasına qaytarmışdır. Lakin hazırda həmin üzüyü iddiaçı gedərkən özü ilə aparmışdır. Ərizədə qeyd olunan sırğa, üzük, bilərzik dəsti ümumiyyətlə alınmamışdır. Fotoşəkildə iddiaçının üzərində olan sırğa-üzük dəsti isə qızıl deyildir. Cehiz əmlaklardan isə 1 ədəd qırmızı rəngli xalça, 1 ədəd şuba-palto, 1 ədəd soyuducu, 1 ədəd ütü, 1 ədəd epilyator, 1 ədəd uşaq səbəti və 1 ədəd kapron süzgəcdan başqa qalan əşyalar evdədir və həmin əşyaları iddiaçıya qaytarmağa etiraz etmir. Odur ki, iddianı qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən, qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 1 (bir) ədəd fotoşəkildən görünür ki, həmin şəkildə iddiaçı iddia tələbində tələb etdiyi qızıl-zinət əşyalarından istifadə etmişdir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 87 saylı rəyindən görünür ki, sırqa, üzük, bilərzik dəsti - 18 qram, 585 əyarlı Rusiya istehsalı olan 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 18 qram çəkidə olan qızılın qiyməti - 1.620 manat, 1 ədəd brilyant qaşlı, Rusiya istehsalı 5 ədəd briliyant qaşları olan, 1 qram qızılın alış qiyməti 80 manat, satış qiyməti 90 manat olmaqla 18 qram çəkidə olan nişan üzüyünün qiyməti 680 manat, ümumilikdə 2300 manat, 56 adda cehiz əmlaklarının ümumilikdə dəyəri 7665 manat müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh 2020-ci il tarixdə faktiki nikaha daxil olmuşlar. Tərəflər nikaha daxil olduqdan sonra iddiaçı Cavabdeh yaşadığı evə gəlin köçmüş və özünə məxsus olan cehiz əmlaklarını, hədiyyə qismində verilmiş qızıl-zinət əşyalarını həmin mənzilə gətirmişdir. Tərəflər arasında ailə münasibətləri kəsildiyindən iddiaçı ona hədiyyə şəkilində verilmiş, iddia ərizəsində qeyd edilmiş qızıl-zinət və cehiz əyalarının cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərlə bağlı qeyd edir ki, iddia tələbində göstərilmiş bir ədəd qızıl nişan üzüyü həqiqətən iddiaçıya hədiyyə şəkilində verilərək üzərinə taxılması cavabdehin etirafı ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh məhkəmə iclasında verdiyi ifadəsində də, iddiaçıya 1 ədəd nişan üzüyündən ibarət qızıl-zinət əşyasının hədiyyə şəkilində verilməsini təsdiq edilmişdir. Digər qızıl-zinət əşyasının, yəni sırğa, üzük, bilərzik dəstinin ümumiyyətlə alınmadığını, fotoşəkildə iddiaçının üzərində olan sırğa-üzük dəstinin isə qızıl deyil, bijuteriya olduğunu bildirmişdir. Lakin iddiaçının nümayəndəsi həmin nişan üzüyünü iddiaçının özü ilə evlərinə aparmadığını desə də, cavabdeh tərəfi həmin üzüyü iddiaçı tərəfindən evdən çıxarkan apardığını bildirmişdir. Göründüyü kimi hər iki tərəf qızıl-zinət əşyalarının evdən aparılıb-aparılmamasını təkzib edir. Eyni zamanda iddia tələbində göstərilmiş cehiz əyaları ilə əlaqədar tərəflərin izahatından müəyyən olunur ki, hər iki tərəf iddiaçı tərəfindən cehiz kimi əmlakların aparıldığını qeyd etmiş olsa da, cavabdeh tərəf izahatında cehiz əşyalarından 1 ədəd 150 manat dəyərində qırmızı rəngli xalça (3x2), 2 ədəd şuba-palto, 1 ədəd soyuducu, 2 ədəd ütü, 1 ədəd epilyator, 1 ədəd uşaq səbəti və 1 ədəd kapron süzgəcin ümumiyyətlə olmadığını bildirmişdir. Lakin həmin ütü və şuba-paltonun isə hərəsindən 1 ədəd olduğunu etiraf etmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göründüyü kimi qanunvericilik iddianın sübut edilməsi vəzifəsini iddiaçının üzərinə qoyur. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia tələbində göstərilmiş qızıl-zinət əşyaların cavabdehin evində qalmasını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşməsinə baxmayaraq sübut edə bilməmiş, yalnız onun tərəfindən təqdim edilmiş fotoşəkil ilə sübut etməyə çalışmış, lakin digər tərəf isə həmin qızıl-zinət əşyalarından yalnız 1 ədəd nişan üzüyünün alındığını etiraf etmişdir. Ona görə də iddianın qızıl-zinət tələbi hissəsi qismən təmin edilməli, 1 ədəd 680 manat dəyərində, 585 əyarlı brilyant qaşlı nişan üzüyü və ya onun dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçı digər qızıl-zinət əşyalarının, yəni üzük, sırğa, bilərzik dəstinin həqiqətən də cavabdehlər tərəfindən hədiyyə şəklində alındığını, həmin əşyaların qızıldan olmasını, həmçinin qeyd olunan əşyaların cavabdehdə olmasını sübut edə bilmədiyindən iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə, iddia tələbinin cehiz əşyalarının qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddia ərizəsində qeyd olunan cehiz əşyalardan 1 ədəd 150 manat dəyərində qırmızı rəngli xalça (3x2), 1 ədəd soyuducu, 1 ədəd epilyator, 1 ədəd uşaq səbəti və 1 ədəd kapron süzgəcdən başqa, qalan əmlakların hazırda cavabdehin yaşadğı evdə olması və həmin əmlakları cavabdeh tərəf könüllü olaraq iddiaçıya qaytarılmasına razı olmasını etiraf etdiyindən, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir, yəni ər-arvadın hər birinin əmlakıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2. maddəsində göstərilir ki, nikaha girənədək ər-arvadın hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Beləliklə yuxarıda göstərilənləri ümumiləşdirib və qanununun qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh iddiaçıya məxsus 1 ədəd 680 manat dəyərində 585 əyarlı, brilyant qaşlı nişan üzüyü, “Embavood” mebel yataq dəsti, “Embavood” mebel qonaq dəsti, lüstur, yataq otağı və qonaq otağı üçün tül ilə birlikdə 8 metrlik kapsella pərdə, 2 nəfərlik yun döşək, 2 nəfərlik yun yorğan, 1 nəfərlik döşək, 1 nəfərlik yorğan, 4 ədəd sintifon balış, 2 ədəd qaz tükündən balış, 3 ədəd pakrıval, qırmızı rəngli xalça (2x1), 2 nəfərlik pastel dəsti, 1 nəfərlik pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd qarışıq dəsmal, 2 ədəd süfrə, 12 ədəd çay dəsmalı, naçnik, gəlin lampası, 1 ədəd şuba-palto, 2 ədəd ayaqqabı, uşaq maşını, uşaq kalyaskası, “LC” kompüter və kompüter stolu, zal üçün ağ-qara böyük xalça, divan üstü örtük, 2 ədəd divan üstü döşəkçə, çörək bişirən duxovka, mikrodalğalı soba, Tefal çaynik, sok çəkən, 1 ədəd ütü, ət çəkən, tozsoran, qazan dəsti, 48 ədəd boşqab dəsti, 12 ədəd xrustal stəkan və nəlbəki dəsti, çamadan qaşıq dəsti, madonna servis, güldan, 2 ədəd meyvə vazı, 2 ədəd qənd qabı, bakal və rumkalar, ləpə qabı, 6 ədəd çərdək qabı, kompot qabı dəsti, şirəli vedrə, çömçə, 3 ədəd kapron stol və 12 ədəd kasa alınıb İddiaçı qaytarılmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 70 (yetmiş) manat məbləğində dövlət rüsumu və 50 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1. maddəsinin tələbindən görünür ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun 3.4. maddəsinə əsasən, mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. Qanunun tələblərindən göründüyü kimi, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarət olduğundan və mediasiya prosesinin keçirilməsinə görə ödənilmiş dövlət rüsumu məhkəmə xərclərinə aid edilmədiyindən iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus 1 ədəd 680 manat dəyərində 585 əyarlı, brilyant qaşlı nişan üzüyü, “Embavood” mebel yataq dəsti, “Embavood” mebel qonaq dəsti, lüstur, yataq otağı və qonaq otağı üçün tül ilə birlikdə 8 metrlik kapsella pərdə, 2 nəfərlik yun döşək, 2 nəfərlik yun yorğan, 1 nəfərlik döşək, 1 nəfərlik yorğan, 4 ədəd sintifon balış, 2 ədəd qaz tükündən balış, 3 ədəd pakrıval, qırmızı rəngli xalça (2x1), 2 nəfərlik pastel dəsti, 1 nəfərlik pastel dəsti, 12 ədəd əl-üz dəsmalı, 12 ədəd qarışıq dəsmal, 2 ədəd süfrə, 12 ədəd çay dəsmalı, naçnik, gəlin lampası, 1 ədəd şuba-palto, 2 ədəd ayaqqabı, uşaq maşını, uşaq kalyaskası, “LC” kompüter və kompüter stolu, zal üçün ağ-qara böyük xalça, divan üstü örtük, 2 ədəd divan üstü döşəkçə, çörək bişirən duxovka, mikrodalğalı soba, Tefal çaynik, sok çəkən, 1 ədəd ütü, ət çəkən, tozsoran, qazan dəsti, 48 ədəd boşqab dəsti, 12 ədəd xrustal stəkan və nəlbəki dəsti, çamadan qaşıq dəsti, madonna servis, güldan, 2 ədəd meyvə vazı, 2 ədəd qənd qabı, bakal və rumkalar, ləpə qabı, 6 ədəd çərdək qabı, kompot qabı dəsti, şirəli vedrə, çömçə, 3 ədəd kapron stol və 12 ədəd kasa və ya onların dəyəri alınıb İddiaçı qaytarılsın. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumun alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar