Məhkəmə qərarları › İş №2(012)-62/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-62/2022

22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-62/2022 22.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6, Cavabdeh1 iştirakı ilə İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X7 qarşı borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 22 aprel 2022-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC cavabdeh Malikova Ruhəngiz Mütəllim qızına qarşı ipoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Malikova Ruhəngiz Mütəllim qızından 16.196,44 manat əsas, 8222,05 manat faiz, 9106,24 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2457 manat məbləğ olmaqla, cəmi 35.981,73 (otuz beş min doqquz yüz səksən bir manat, 73 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Malikova Ruhəngiz Mütəllim qızına məxsus olan, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi ev 12-də yerləşən 141,1 kv.m. ümumi, 81,1 kv.m. yaşayış, 60 kv.m. köməkçi sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evinin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Malikova Ruhəngiz Mütəllim qızının borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin X2 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Malikova Ruhəngiz Mütəllim qızı arasında bağlanmış 13.06.2014-cü il tarixli, 269 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) ödənilmək şərtilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Malikova Ruhəngiz Mütəllim qızı ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Malikova Ruhəngiz Mütəllim qızına məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi ev 12-də yerləşən 141,1 kv.m. ümumi, 81,1 kv.m. yaşayış, 50 kv.m. köməkçi sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri Banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Malikova Ruhəngiz Mütəllim qızı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun Banka ödənilməmiş 16.196,44 manat əsas, 8222,05 manat faiz, 9106.24 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2457 manat məbləğ olmaqla, cəmi 35.981,73 (otuz beş min doqquz yüz səksən bir manat, 73 qəpik) manat borcu mövcuddur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İşin məhkəmə baxışında müəyyən edildi ki, Malikova Ruhəngiz Mütəllim qızı 02 fevral 2017-ci il tarixdə ölmüşdür. İddiaçı isə hazırkı iddia tələbi ilə cavabdehin ölümündən sonra 17.07.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Malikova Ruhəngiz Mütəllim qızı öldüyündən onun qanuni vərəsələri əri X13, oğlanları X11 və X5 16.196,44 manat əsas, 8222,05 manat faiz, 9106,24 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2457 manat məbləğ olmaqla, cəmi 35.981,73 (otuz beş min doqquz yüz səksən bir manat, 73 qəpik) manat kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun X3, X4 və X5 tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ipoteka qoyulmuş Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi ev 12-də yerləşən 141,1 kv.m. ümumi, 81,1 kv.m. yaşayış, 60 kv.m. köməkçi sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evə tutma yönəldilsin, həmin əmlak açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin X3, X4 və X5 tutularaq Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək, cavabdehlər X11 və X1 Əliyarov olması müəyyən olunduğundan cavabdehlər X11 və X1 Əliyarov kimi oxunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X14 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qismən qəbul edib, faiz və cərimə borcunun təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borclu Malikova Ruhəngiz Mütəllim qızı arasında bağlanmış 13.06.2014-cü il tarixli 269 nömrəli kredit müqaviləsinə əsasən bank borcalana 36 ay müddətinə, illik 25% (iyirmi beş faiz) ödənilmək şərtilə, 20.000 (iyirmi min) manat kredit verilmişdir. İş materiallarında olan 13.06.2014-cü il tarixli 269 nömrəli İpoteka Müqaviləsinə əsasən müəyyən edilir ki, ipoteka predmeti olan Malikova Ruhəngiz Mütəllim qızına məxsus Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 12-də yerləşən 141.1 kv.m ümumi, 81.1 kv.m yaşayış, 60.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı ev 13.06.2014-cü il tarixli 269 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 50.000 (əlli min) manat məbləğində qiymətləndirilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi, ev 12-də yerləşən 141.1 kv.m ümumi, 81.1 kv.m yaşayış, 60.0 kv.m yardımçı sahədən ibarət 3 otaqlı ev 10.06.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Malikova Ruhəngiz Mütəllim qızının adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX 4 saylı Ərazi İdarəsindən ünvanlanmış 29.06.2020-ci il tarixli məktubdan görünür ki, Malikova Ruhəngiz Mütəllim qızının mülkiyyətində olan, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində 12 nömrəli ev üzərində tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınmasını xahiş etmişdir. İş materiallarında olan 17.06.2020-ci il tarixli xəbərdarlıq məktubun surətindən görünür ki, həmin tarixdə cavabdeh Malikova Ruhəngiz Mütəllim qızına kredit borcunun 3 (üç) gün müddətinə ödənilməsi barədə Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xəbərdar olunmuşdur. İş materiallarında olan 19.06.2020-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 09.06.2020-ci il tarixinə Malikova Ruhəngiz Mütəllim qızına 13.06.2014-cü il tarixli, XAT**********7710000 saylı kredit müqaviləsi üzrə 16.196,44 manat əsas, 8222,05 manat faiz, 9106,24 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 2457 manat məbləğ olmaqla, cəmi 35.981,73 (otuz beş min doqquz yüz səksən bir manat, 73 qəpik) manat borcu vardır. İş materiallarında olan 13.04.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 02.07.2017-ci il tarixinə Malikova Ruhəngiz Mütəllim qızına 13.06.2014-cü il tarixli, XAT**********7710000 saylı kredit müqaviləsi üzrə 17.423,77 manat əsas, 6031,18 manat faiz, 242 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 46 manat məbləğ olmaqla, cəmi 23.742,95 (iyirmi üç min yeddi yüz qırx iki manat doxsan beş qəpik) manat borcu vardır. İş materiallarında olan 18.04.2022-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, 02.07.2017-ci il tarixinə Malikova Ruhəngiz Mütəllim qızına 13.06.2014-cü il tarixli, XAT**********7710000 saylı kredit müqaviləsi üzrə 17.723,77 manat əsas, 4503,79 manat faiz, 0 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 0 manat məbləğ olmaqla, cəmi 22.227,56 (iyirmi iki min iki yüz iyirmi yeddi manat əlli altı) manat borcu vardır. İş materiallarında olan Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.02.2017-ci il tarixli AZ-İ № 853645 seriyalı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Malikova Ruhəngiz Mütəllim qızı 07.02.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan 08.07.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin ödənilməsi bağlı 30 manat dövlət rüsumu ödənilmişdir. Abşeron rayon Məhkəməsinin 26.10.2021-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş 24.12.2021-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında, 141.1 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin bazar dəyərinə uyğun 75000 AZN (yetmiş beş min manat) likvid qiymətinin dəyəri 60.000 AZN (altmış min) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, “Zaminbank" Açıq Səhmdar Cəmiyyəti ilə Malikova Ruhəngiz Mütəllim qızı arasında bağlanmış 13.06.2014-cü il tarixli, 269 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) ödənilmək şərtilə 20.000 (iyirmi min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, cavabdeh Malikova Ruhəngiz Mütəllim qızı ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Malikova Ruhəngiz Mütəllim qızına məxsus olan Bakı şəhəri, Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsi ev 12də yerləşən 141,1 kv.m. ümumi, 81,1 kv.m. yaşayış, 50 kv.m. köməkçi sahəsindən ibarət 3 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X10 Mütəllim qızı 07.02.2017-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra onun qanuni vərəsələri əri X13, oğlanları Cavabdeh1 və Cavabdeh2 ipoteka predmeti olan evdə yaşamaqla mirası faktiki olaraq qəbul etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Lakin nəzərə alınmalıdır ki, vərəsələr miras əmlak ilə bağlı sərəncam hüququnu bir çox hallarda mirasın açıldığı andan həyata keçirə bilmirlər. Belə ki, Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Göründüyü kimi, qanunverici vərəsələrə miras açıldığı gündən üç ay ərzində mirası qəbul etmək imkanı vermiş və bu müddətin altı aya qədər uzadılmasını istisna etməmişdir. Bu baxımdan vərəsələr, bir qayda olaraq, miras açıldığı gündən altı ay ərzində əmlaka dair sərəncam vermək hüququna malik olmadığından, miras qoyanın kreditorları qarşısında öhdəliklərinin icrasını həyata keçirə bilmirlər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Azərbaycan Respublikası Mərkəzi X12 2008-ci il 18 noyabr tarixli 34 nömrəli Protokolu ilə təsdiq edilmiş “Banklarda kreditlərin verilməsi” Qaydalarına uyğun olaraq hər bir bank kredit riski və kreditlərin verilməsi üzrə bankların daxili strategiya və qaydalarına dair minimum tələbləri müəyyən edən bankdaxili qaydalarında kreditlərin verilməsi meyarları, onların ödəniş müddətləri və şərtləri, borcun tutulması, ayrı-ayrı kreditlər və onların müxtəlif növləri üzrə faiz dərəcələrinin hesablanması, güzəştlər, kreditlərin növlərindən və gecikdirilmə müddətindən asılı olaraq faizləri hesablanmayan statusa keçirilməsi halları və s. məsələləri tənzimləyən müddəalar nəzərdə tutmalıdır. Göründüyü kimi, borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar. Dəbbə puluna görə zamin və vərəsələrin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Öhdəliyin icrasının təmini üsulu, eləcə də öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsinə görə məsuliyyət növü olaraq dəbbə pulunun borclunun ölümündən sonra müqavilənin icrasını davam etdirəcək zamin və vərəsələrə münasibətdə də tətbiqi mümkündür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun, borclu öldüyü halda isə vərəsə və ya zaminin təqsiri olduğu təqdirdə tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində vərəsələr və ya zaminin təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. Məhkəmə işin müəyyən edilən faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən hesab edir ki, İddiaçı ASC ilə Malikova Ruhəngiz Mütəllim qızı arasında bağlanmış 13.06.2014-cü il tarixli, 269 saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə, illik 25% (iyirmi beş faiz) ödənilmək şərtilə 20.000 (iyirmi min) manat məbləğində verilmiş kredit borcu üzrə X10 Mütəllim qızının hələ sağlığında öhdəlik müqavilədə nəzərdə tutulan qaydada icra edilməmiş, onun qanuni vərəsələri tərəfindən də, borc öhdəliyi icra edilməmiş qalmışdır. Qanuni vərəsələr borc öhdəliyini icra etmək iqtidarında deyillər. Borc məbləği isə göründüyü kimi ipoteka ilə təminatlıdır, qanuni varislər - cavabdehlər isə ipoteka predmetini orada yaşamaqla miras əmlak olaraq faktiki qəbul etmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi 16.196.44 manat məbləğində əsas borca dair hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcuna dair hissəsində qeyd edir ki, iş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanan kredit müqaviləsinin müddəti 13 iyul 2017-ci il tarixdə bitir və həmin vaxta faiz məbləği 6031,18 manat təşkil edir. Borcalanın öldüyü 07 fevral 2017-ci il tarixinə faiz borcunun məbləği isə 4503,79 manat təşkil edir. Məhkəmə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək, borcalanın və onun qanuni varislərinin borcu ödəmək imkanını və ümumiyyətlə maddi imkansızlıqlarını nəzərə alaraq vicdanlılıq prinsipi nöqteyi - nəzərdən faiz borcunun məbləğinin borcalanın ölən gününədək olan məbləğdə, yəni 4503,79 manat məbləğində tutulmalı olması qənaətinə gəlir. Bu əsasda məhkəmə hesab edir ki, iddia faiz borcuna dair hissədə qismən 4503,79 manat məbləğində təmin edilməlidir. Məhkəmə həmçinin, yuxarıda qeyd edilən hüquqi mövqeyə əsasən və işdə olan 18 aprel 2022-ci il tarixinə maliyyə arayışında cərimə borcu və 5% məbləğində borcun olmamasına əsasən iddia tələbinin həmin hissələrdə təmin edilməməsini məqsədəuyğun hesab edir. Məhkəmə borc məbləğinin cavabdehlərdən hansı qaydada tutulmalı olmasına hüquqi qiymət verərək qeyd edir ki, cavabdehlər ipoteka predmetindən qanuni varis olaraq onlara çatası pay məbləğində cavabdehlik daşıdıqlarından iddia tələbi qismən təmin edilməli, 16.196,44 manat əsas borc və 4503,79 manat faiz borcu olmaqla, cəmisi 20.700,23 manat məbləğində pul hər birinin payı bərabər olmaqla (6.900,07 manat) cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414- 416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmeti olan evin ilkin satış qiyməti 50000 manat müəyyən edilsə də, mütəxəssis rəyində likvid dəyəri 60000 manat qeyd edildiyindən ilkin satış qiyməti likvid qiyməti ilə 60000 manat müəyyən edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində təmin edilməli, tələb ipoteka predmeti olan Malikova Ruhəngiz Mütəllim qızının mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində 12 nömrəli evə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. İddia tələbinin “bu vəsait cavabdehin borcunun ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, vərəsələr miras əmlakdan onlara çatası hissədə iddiaçı qarşısında cavabdehlik daşıdığından iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Eləcə də, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumunun 20 manatı cavabdehlərdən bərabər qaydada (6,66 manat) tutularaq ləğv prosesində olan İddiaçı ASC-nə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, qiymətləndiricinin rəyi üzrə 300 manat təşkil edir. İddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, həmin məbləğin 150 manatı ləğv prosesində olan İddiaçı ASC-yə aid edilməli, 150 manat isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 bərabər qaydada tutularaq "xxxx" MMC-nin (“Kapital Bank” Hesab № AZ84AİİB********************) hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 16.196,44 (on altı min yüz doxsan altı manat qırx dörd qəpik) manat əsas borc, 4503,79 (dörd min beş yüz üç manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 20.700,23 manat (iyirmi min yeddi yüz manat iyirmi üç qəpik) manat məbləğində pul bərabər qaydada (hər birindən 6.900,07 manat) pul və ödənilmiş dövlət rüsumu üçün 20 (hər birindən 6,66 manat) manat tutularaq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, tələb ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində 12 nömrəli evə yönəldilməli, həmin ev açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməli, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri 60000 (altmış min) manat müəyyən edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 16.196,44 (on altı min yüz doxsan altı manat qırx dörd qəpik) manat əsas borc, 4503,79 (dörd min beş yüz üç manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 20.700,23 manat (iyirmi min yeddi yüz manat iyirmi üç qəpik) manat (hər birindən 6.900,07 manat) məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 20 manatm (hər birindən 6,66 manat) tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Qiymətləndiricnin rəyi üzrə 300 manat məhkəmə xərcinin 150 manatı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-dən və 150 manat isə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 bərabər qaydada tutularaq "xxxx" MMC-nin (“Kapital Bank” Hesab № AZ84AİİB********************) hesabına köçürülsün. Tələb ipoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində 12 nömrəli evə yönəldilsin, həmin ev açıq hərracdan satılsın və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilsin. Qalan məbləğ cavabdehlərə qaytarılsın. İpoteka predmeti olan Abşeron rayonu, Digah qəsəbəsi, M.P.Vaqif küçəsində 12 nömrəli evin likvid dəyəri 60 000 (altmış min) manat müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şıkayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar