Məhkəmə qərarları › İş №2(012)-6471/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-6471/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-6471/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin a və b bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə bununla əsaslandırılmışdır ki, onunla Maraqlı şəxs arasında xx.xx.2013-cü il tarixdə Qax rayon Almalı kənd İƏD üzrə Nümayəndəlik tərəfindən 24 saylı nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşaqlar dünyaya gəlmişdir. Tərəflər arasında dözülməz ailə münasibətləri vardır. Onlar aralarında anlaşaraq, ailə münasibətlərini davam etdirə bilmədikləri üçün əvvəl Bakı 15 saylı Mediasiya Təşkilatına müraciət edərək, nikahın pozulmasını, uşaqların ananın himayəsinə verilməsini, onların saxlanılması üçün Maraqlı şəxs əmək haqqının yarı hissəsinin ona ödəməsini və nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əmlakın bölünməsini xahiş etmişdir. Maraqlı şəxs da bu təkliflə razılaşdığı üşün xx.xx.20124-cü il tarixli, MŞB/MT015/2024-0133/02 nömrəli barışıq sazişi bağlanılmışdır. Bakı 15 saylı Mediasiya Təşkilatının təsdiq etdiyi xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0133/02 nömrəli barışıq sazişində birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi onun yanında saxlanılmaları, xx.xx.2014cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 %) alimentin onun xeyrinə tutulması, alimentin məbləğinin Maraqlı şəxs rəsmi əmək haqqı və digər gəlirlərindən rəsmi qaydada tutularaq ona ödənilməsi məqsədi ilə bu sazişin nüsxəsini və digər zəruri ərizələri öz rəsmi iş yerinə təqdim edilməsinin təmin edilməsi, Maraqlı şəxs uşaqlar ilə istədiyi vaxt görüşmələri, birgə nikah dövründə əldə edilmiş - Abşeron rayonu, Nübar qəsəbəsindəki 5 (beş) sot torpaq sahəsi satıldıqdan sonra əldə olunmuş pul vəsaitinin onların arasında bölünməsi, birgə nikah dövründə əldə edilmiş 2013 il buraxılışlı Hyundai Sonata markalı, ** FS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satışa çıxarılması və əldə olunan pul vəsaitinin bir hissəsinin ikinci tərəfin "xxxx" ASC-yə olan borc məbləğinin bağlanılması üçün sərf olunması, qalan məbləğin isə tərəflər arasında tam yarıya bölünməsi, ikinci tərəfin birinci tərəfin hər iki uşaqla ünvan 1 ünvanında olan xidməti mənzildə (xidmət dövrü ərzində və aidiyyatı qurum tərəfindən icazə verilənə kimi) yaşamalarına etiraz etmədiyi qeyd edilmişdir. Lakin hazırda həmin öhdəliklərin heç birisi yerinə yetirilmir. Cavabdeh sazişin a və b bəndlərinin icrasına söz versə də, öz sözünü tutmamış, o isə bu günə kimi alimenti ala bilməmişdir. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı 15 saylı Mediasiya Təşkilatında təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞB/MT015/2024-0133/02 saylı barışıq sazişinin a və b bəndlərindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqlarıxx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi Ərizəçi yanında saxlanılmaları, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 %) alimentin Ərizəçi xeyrinə tutulması barədə razılığa gəlmişlər. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4536/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, ərizə qismən təmin edilmiş, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin c, d, e, f və g bəndlərinin təsdiq edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmələr xüsusi icraat qaydasında baxırlar. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. İşdən görünür ki, tərəflər birgə nikahdan doğulmuş uşaqların ananın himayəsinə verilməsi və onların saxlanılması üçün alimentin tutulması barədə mediasiya prosesində razılaşmış və müqavilə bağlamışlar. Lakin Maraqlı şəxs bu sazişlə üzərinə götürdüyü aliment öhdəliklərini orada göstərilən qaydada yerinə yetirmədiyindən Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin a və b bəndləri qanuna zidd deyildir və digər şəxslərin hüquqlarını pozmur. Saziş qismən icra edilmiş, lakin aliment hissəsi icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin barışıq sazişinin alimentə dair hissəsi məhkəmə qaydasında təsdiq edilməlidir. Belə ki, MPM-nin 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmçinin Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşaqların valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin a və b bəndləri aşağıdakı məzmunda təsdiq edilsin: “Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olan uşaqları - xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi Ərizəçi yanında saxlanılsınlar. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Maraqlı şəxs qazancının və (və ya) başqa gəlirlərinin yarısı miqdarında (50 %) aliment Ərizəçi xeyrinə tutulsun”. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar