Məhkəmə qərarları › İş №2(012)-6511/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-6511/2025

12.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-6511/2025 12.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlu, Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri Xırdalan şəhərində, məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Ərizəçi (X1) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Ərizəçi (X1) və Maraqlı şəxs arasında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-595 saylı barışıq sazişinin 5-ci şərtində qeyd olunmuşdur ki, tərəflər – birinci tərəf Maraqlı şəxs və ikinci tərəf X1 aralarında yaranmış mübahisənin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarında yazılı şəkildə bu saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirərək Sumqayıt Şəhər Məhkəməsini müəyyən edirlər. Mülki Prosessual Məcəllənin: 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. 40.3-cü maddəsinə əsasən, saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. 40.4. Mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, tərəflər aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli, MŞQ/MT035-595 saylı barışıq sazişinə əsasən, sazişin icrası ilə bağlı yaranacaq mübahisənin həllinə dair işin ərazi aidiyyətinin dəyişdirilməsini nəzərdə tutan müqavilə şərti müəyyən edildiyindən, yəni işin ərazi aidiyyəti olaraq Sumqayıt Şəhər Məhkəməsi seçildiyindən mövcud ərizəyə Abşeron Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı olmadığından, bununla da ərizəçinin ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə məhkəməyə verilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin, Mülki Prosessual Məcəllənin: 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Məhkəmə qeyd edir ki, ərizə geri qaytarıldığından ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixdə ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 114.1.3, 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə) barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi (X1) tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz nömrəsi ilə Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat pul vəsaiti ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, qərardadda göstərilən nöqsan aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar