Məhkəmə qərarları › İş №2(012)-658/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-658/2022

09.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-658/2022 09.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 4662,50 ABŞ dolları, faiz borcu üzrə 3905,85 ABŞ dolları olmaqla, cəmi 8568,35 ABŞ dolları məbləğində kredit borcunun, həmçinin ödənilmiş 133,70 manat və 50 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi, tutmanın Cavabdeh mülkiyyətində olan **-BP-*** dövlət qeydiyyat nişanlı, “Geely Emgrant” markalı minik avtomobilinə (buraxılış ili 2012, ban - L6T7844Z4CN021000, rəngi - ağ sedan) yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin borc məbləğindən artıq qalan hissəsinin cavabdehə qaytarılması, vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əskik qalan borc məbləğinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X2 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-2230 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə, 0523 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 17 % tətbiq edilməklə, 36 ay müddətinə 13590 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi, cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nişanlı, “GEELY EMGRANT” markalı minik avtomobili (buraxılış ili 2012, ban-L6T7844Z4CN021000, rəngi-ağ sedan) ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 047027 saylı «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Lakin cavabdehə məxsus nəqliyyat vasitəsinin **-CJ-*** dövlət qeydiyyat nişanı itirildiyi üçün DİN BDYPİ Qİİ-nin xx.xx.2021 tarixli, 83439-1221 saylı məktubuna əsasən kompüter uçot bazasına görə “GEELY EMGRANT MİNİK” markalı avtomobilə xx.xx.2014-cü il tarixdə yüklü qalmaqla, yeni **-BP-*** dövlət qeydiyyat nişanı təhkim edilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4662,50 ABŞ dolları, faiz borcu 3905,85 ABŞ dolları olmaqla, cəmi 8568,35 ABŞ dolları təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etmədilər. Nümayəndə bildirdi ki, tələb edilən borcla razı deyil, çünki bu tələblə bank vaxtında məhkəməyə müraciət etməmişdir. İddia müddəti ötürüldüyündən iddia rədd olunmalıdır. O, iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Sənaye filialı – “Bank”, Cavabdeh – “borcalan” olmaqla, bağlanmış həmin müqaviləyə əsasən sonuncuya avtomobil alınması məqsədilə 36 ay müddətinə, yəni xx.xx.2015-ci il tarixinədək illik 17% dərəcəsi ilə 13590 ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsi üzrə "xxxx" ASC-dən 13590 ABŞ dolları məbləğində vəsaiti almışdır. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsinin əlavəsindən görünür ki, borcalanın Banka olan borcunu müvafiq cədvəl qrafikinə əsasən müəyyən olunmuş vaxtlarda hər ay 484,52 ABŞ dolları (sonuncu ay 485,33 ABŞ dolları) məbləğində olmaqla ödəməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini Cavabdeh imza etmişdir. Həmin ödəniş cədvəlində müqavilə üzrə borcun ödənilməsinin sonuncu günü xx.xx.2015-ci il tarixi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, 0523 saylı ipoteka müqaviləsindən görünür ki, eyni tarixli və saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh mülkiyyətində olan **-CJ-*** dövlət qeydiyyat nişanlı, “GEELY EMGRANT” markalı minik avtomobili (buraxılış ili 2012, ban-L6T7844Z4CN021000, rəngi-ağ sedan) bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bu ipoteka müqaviləsi DYP tərəfindən xx.xx.2012-ci il tarixli, AA 047027 saylı çıxarışla qeydə alınmışdır. İş materiallarında olan AC 273585 saylı xx.xx.2014-cü il tarixli qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş “GEELY EMGRANT” markalı minik avtomobilinin (buraxılış ili 2012, ban- L6T7844Z4CN021000, rəngi-ağ sedan) dövlət qeydiyyat nişanı **-BP-***-dır. İş materiallarında olan "xxxx" ASC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixinə əsas borc üzrə 9325 ABŞ dolları və faiz borcu 3905,85 ABŞ dolları olmaqla, cəmi 13230,85 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə borcuna güzəşt edilməsi və onu ödəməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən Cavabdeh məxsus ipoteka predmeti olan **-BP-*** dövlət qeydiyyat nişanlı, “GEELY EMGRANT” markalı minik avtomobilinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması AR BDYPİ-dən xahiş edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6847 saylı rəyindən görünür ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixinə əsas borc üzrə 9330,46 ABŞ dolları və faiz borcu üzrə 1564,15 ABŞ dolları olmaqla, cəmi 10894,61 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan cavabdehin nümayəndəsi Nümayəndə1 xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, hazırki iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə qismən sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Çünki tərəflər arasında kredit müqaviləsi imzalanıb. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onların etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2012-ci il tarixli, 0523 saylı kredit müqaviləsini bağlayarkən götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək İddiaçı QSC BOKT-a ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materialları ilə müəyyən edilir ki, məlum kredit müqaviləsi üzrə borc Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6847 saylı rəyində göstərildiyi kimidir, yəni əsas borc 9330,46 ABŞ dolları və faiz borcu 1564,15 ABŞ dolları olmaqla, cəmi 10894,61 ABŞ dollarıdır. Eyni zamanda məhkəmə iddianın "tələbin ipoteka predmetinə yönəldilməsinə dair" hissəsini araşdıraraq hesab edir ki, iddia tələbinin bu hissəsi də əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, 523 №-li ipoteka müqaviləsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit verilərkən kreditin təminatı kimi tərəflərin razılığına əsasən mülkiyyət hüququ Cavabdeh məxsus **-BP-*** dövlət qeydiyyat nişanlı, “Geely Emgrant” markalı minik avtomobili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən borclu üzərinə götürdüyü öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə borcverən öhdəliklərin icrasını təminat üsuluna yönəltmək hüququna malikdir. Bununla belə, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasında kredit münasibətləri 09 iyul 2012-ci il tarixdə yaranmışdır. Bu müqavilənin müddəti 36 aydır və bitmə tarixi 09 iyul 2015-ci ildir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum kredit müqaviləsi üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddəti İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli kredit müqaviləsinin icra müddəti 36 ay müddətinə (xx.xx.2015-ci) göstərilmişdir. Beləliklə, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2018-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı vaxtında məhkəməyə müraciət etməmişdir, yəni kredit və ipoteka müqavilələri üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Əsas öhdəlik üzrə iddia müddəti ötürüldüyündən məhkəmə hesab edir ki, ipoteka predmeti barəsində də iddiaçı tələb etmə müddətini ötürmüşdür və buna görə də mübahisəli avtomobilə dair hissədə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC BOKT tərəfindən iddia ərizəsinin verilməsinə görə 133,70 manat dövlət rüsumu ödənilmişdir. Aparılmış mütəxəssis tədqiqatının dəyəri 250 manat, ekspertiza tədqiqatının dəyəri isə 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, mütəxəssis tədqiqatının dəyəri kimi 250 manat pul iddiaçıdan tutularaq "X1 Mərkəzi" MMC-yə, ekspertiza xərci kimi tələb edilən 100 manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Mütəxəssis tədqiqatının dəyəri kimi 250 manat pul İddiaçı QSC BOKT-dan tutularaq "X1 Mərkəzi" MMC-yə, ekspertizanın dəyəri kimi 100 manat pul İddiaçı QSC BOKT-dan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar