Məhkəmə qərarları › İş №2(012)-664/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-664/2025

19.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-664/2025 19.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2ində yerləşən 0,13 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh1 adına aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi, Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmş xx.xx.2022-ci il tarixli 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirmişdir ki, o, mərhum nənəsi X1 miras qalmış ünvan 2ində yerləşən 0,13 ha torpaq sahəsinə dair Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 21 iyul 2022-ci il tarixli 2V-206 reyetsr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2288/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş 21 iyul 2022-ci il tarixli 2V - 206 reyetsr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və buna dair icra vərəqəsi verilmişdir. Qeyd edir ki, cavabdeh etibarsız hesab edilmiş sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə ilə, mərhum nənəsi X1 miras qalmış ünvan 2ində yerləşən 0,13 ha torpaq sahəsinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrində öz adına xx.xx.2022-ci il tarixində ********** qeydiyyat, **********371 reyestr nömrəli çıxarış almış, daha sonra Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən, nənəsi X1 miras qalmış ünvan 2ində yerləşən 0,13 ha torpaq sahəsini digər Cavabdeh2 bağışlamış və həmin bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022ci il tarixində ********** qeydiyyat, **********37 reyetsr nömrəli çıxarış verilmişdir. Cavabdeh1 adına verilmiş 21 iyul 2022-ci il tarixli 2V-206 reyetsr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyi üçün, həmin şəhahadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh1 adına aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə, həmçinin Cavabdeh2 adına Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022ci il tarixli 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə zərurət vardır. Ona görə də o, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, mərhumə anası X8 uzun müddət xəstə olmuş və anasına onlar baxmışlar. Anası vəfat etməzdən əvvəl sözügedən ünvan 2ində yerləşən torpağı ona vəsiyyət etmişdir. O isə həmin torpağa dair öz adına çıxarış almış, daha sonra isə bağışlama müqaviləsi əsasında torpağı oğlu Cavabdeh2 bağışlamışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, mərhumə nənəsi X8 uzun müddət xəstə olmuşdur. Nənəsi vəfat etdikdən sonra ünvan 2ində yerləşən 0,13 ha torpaq sahəsini atası Cavabdeh1 vermiş, atası isə həmin torpağı bağışlama müqaviləsi əsasında ona vermişdir. Beləlikdə o, iddiaçının da həmin torpağa pay hüququnun olmasını qəbul edir və iddianın təmin edilməsinə etiraz etmir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Abşeron Rayon 1 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, ünvan 1 ünvanlayaraq, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, digər üçüncü şəxs isə gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş mаtеriаllаrındа оlаn və məhkəmə iclаsındа tədqiq еdilmiş: -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-443A saylı 30800118 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş ünvan 3ində yerləşən 0.13 ha torpaq sahəsi ünvan 3 sakini X6, ailə üzvü X2 mülkiyyətinə verilmişdir. -Abşeron rayon Novxanı kənd İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli, l-ИЕ № 468427 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X19 xx.xx.1965-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Mərdanova” soyadı verilmişdir. -ünvan 3 sovetliyi tərəfindən verilmiş xx.xx.1966-cı il tarixli, A3 № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1966-cı il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 65 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X15, anası X9r. -Abşeron rayon Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli, V- ЖГ № 471086 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X16 xx.xx.1991-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. -Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli AZ-İ № 688459 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2014-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 362 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -İddiaçı tərəfindən yazılmış xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, o, Abşeon rayonu, Novxanı kəndində yaşamış və xx.xx.2014-cü ildə vəfat etmiş X7 atasından İddiaçı qalmış miras əmlakı qəbul etmişdir. Miras əmlak Abşeon rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsindən ibarətdir. -“Torpağın mülkiyyətə verilməsi”nə dair JN-197 saylı 30800118 kod nömrəli şəhadətnamənin surətindən görünür ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 28 nömrəli qərarı ilə verilmiş ünvan 3ində yerləşən 0.13 ha torpaq sahəsi ünvan 3 sakini X3 mülkiyyətinə verilmişdir. -Abşeron rayon VVADQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli AZ-İ № 019018 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2002-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 357 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Abşeron rayon Novxanı kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1974-cü il tarixli, İ- ЖГ № 269142 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X10 xx.xx.1974-cü il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 08 nömrəsi ilə qeyd edilmiş, nikaha daxil olduqdan sonra arvada “Mərdanova” soyadı verilmişdir. -Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X17 tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 2V-39 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X11 vərəsəsi qızı İddiaçı ¼ hissə, oğlu X14 ¼ hissə, X13 ¼ hissədə miras əmlakdan pay almalıdır. -Cavabdeh1 tərəfindən Notariat ofisinə yazılmış ərizənin surətindən görünür ki, xx.xx.2002-ci ildə onun ünvan 2i ünvanında yaşamış anası X12 vəfat etmişdir. Miras əmlak irs qalmış ünvan 2i ünvanında yerləşən, JN 197, kod 30800118 olan 0.13 ha torpaq sahəsini qəbul etmişdir. Başqa vərəsə yoxdur qeyd edilmişdir. -Abşeron rayonu 1 saylı notariat kontorunun notariusu X17 tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdeh1 və o miras əmlakdan tam hissədə pay almalıdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1198 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, hədiyyə verən Cavabdeh1 ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsini hədiyyə alan Cavabdeh2 bağışlamışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1198 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron Rayon Məhkəməsinin 2(012)-2288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmiş, mərhumə X4 miras qalmış ünvan 3ində yerləşən 0.13 ha torpaq sahəsinə münasibətdə İddiaçı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsində vərəsəlik payı müəyyən edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, T.Yaqubov küçəsi, 5a, Cavabdeh1 və Cavabdeh2 ünvan 4i ünvanında qeydiyyatdadır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh1 ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsini Cavabdeh2 bağışlamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarış ilə ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-2288/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilmiş, mərhumə X4 miras qalmış ünvan 3ində yerləşən 0.13 ha torpaq sahəsinə münasibətdə İddiaçı torpaq sahəsinin ½ hissəsinin 1/3 hissəsində vərəsəlik payı müəyyən edilmişdir. İddia ərizəsindn görünür ki, Cavabdeh1 adına verilmiş 21 iyul 2022-ci il tarixli 2V-206 reyetsr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyi üçün, həmin şəhahadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh1 adına aparılmış xx.xx.2022ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə, həmçinin Cavabdeh2 adına Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanma müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına aparılmış xx.xx.2022-ci il tarixli, ********** nömrəli qeydin ləğv edilməsinə zərurət varandığından, iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Prosessual Məcəllənin: 82.2-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilən və işdə iştirak edən şəxslərə aid olan hallar başqa işə baxan məhkəmə üçün məcburidir. 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıbdaşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4.maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan normasına və Konstitusiya Məhkəməsinin Plenum Qərarının tələblərinə istinad edib mülki iş materiallarına əlavə olunmuş və qanuni qüvvəsini almış Abşeron Rayon Məhkəməsinin 2(012)-2288/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsini qiymətləndirib belə qərara gəlir ki, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyindən həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin doğurduğu hüquqi nəticə olan Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Beləliklə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyindən onun hüquqi nəticəsi olan Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-1503 reyestr nömrəli bağışlanma müqaviləsi də etibarsız hesab edilməlidir. Bundan əlavə işin araşdırılan hallarından göründüyü kimi, xx.xx.2022-ci il tarixli 2V- 206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1198 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Eyni zamanda daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 3i ünvanında yerləşən 0.13 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1198 saylı reyestr kitabının 41 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2022-ci il tarixli 2V-206 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edildiyindən həmin “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin doğurduğu hüquqi nəticəsi olaraq Cavabdeh1 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə aparılmış qeydlər ləğv edilməlidir. Azıərbaycan Mülki Prosessual Məcəlləsinin;

107. maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon 1 saylı Notariat Ofisində bağlanılmış xx.xx.2022-ci il tarixli, 4Ə-1503 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022-ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə və Cavabdeh2 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2022ci il tarixdə, ********** qeydiyyat nömrəsi, **********37 reyestr nömrəsi ilə aparılmış qeydlər ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar