Məhkəmə qərarları › İş №2(012)-674/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-674/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-674/2021 30.06.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2, Cavabdeh6 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh6, Cavabdeh7, Cavabdeh5, Cavabdeh8, Cavabdeh4, Cəlilov (Hacıyeva) Səadət Ağateyub qızı, Cavabdeh2, Cavabdeh1 qarşı «borcun tutulması, tələbin ipoteka predmtinə yönəldilməsi, istifadə hüququna xitam verilməsi və fərdi yaşayış evindən çıxarılma» tələbinə dair mülki işə Abşeron rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh6, Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4022,19 manat məbləğində kredit borcu, 883,91 manat məbləğində faiz borcu və 2408 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7314,10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsinə və üzərindəki 19 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin hərracdan satılması və ümumilikdə cəmi 7314,10 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı» QSC-ə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh6 və Cavabdeh7 ümumi müştərək qaydada tutulması, Cavabdeh6 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsinə və üzərindəki 19 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızının, Cavabdeh2 və Cavabdeh1 həmin torpaq sahəsinə və fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evinə çıxarılması, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi X5 məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 16.01.2015-ci il tarixli 009L**********73 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 İddiaçı QSC ilə bağladığı 22.01.2015-ci il tarixli 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 8000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 22.09.2015-ci il tarixli 009R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh6 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 30.12.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh6 götürdüyü kredit borcundan 3977,81 manat ödəmiş, onun 4022,19 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3- cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytanlmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh6 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.09.2020-ci il tarixə 304 gün üçün hesablanmış faiz borcu 883,91 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 04.09.2020-ci il tarixə 304 gün üçün hesablanmış cərimə 2408 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh7 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh6 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh6 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan Cavabdeh6 ilə Bank arasında bağlanmış 16.01.2015- ci il tarixli 009M**********01 saylı ipoteka müqaviləsi əsasında Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 74.8 kv.m yaşayış, 35.3 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən 9 №-li reyestr kitabının 67 №-li vərəqində qeydiyyata alınmış RX0583529.Nb-li çıxarışla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsinin və üzərindəki 19 nömrəli fərdi yaşayış evinin Cavabdeh6 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh5, X4, Cavabdeh4, Cəlilova (Hacıyevə) Səadət Ağateyub qızı, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsi, ev 19 İddiaçı QSC-nə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşdür. Lakin cavabdehlər üzərlərinə düşən öhdəliyi icra etməmişdirlər. İpoteka müqaviləsində mübahisə predmeti olan evin qiyməti 33000 ABŞ dollarıdır. Odur ki, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh6 məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. O, əsas borcu ödəyəcək, lakin iddia tələbinin ipoteka, faiz və cərimə hissəni qəbul etmir. Hal-hazırda borcu ödəmək üçün evini satışa qoymuşdur. Ev satıldığı halda borcunu ödəyəcək. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarından olan 16.01.2015-ci il tarixli 009L**********73 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə 300000 ABŞ Dolları məbləğində uzunmüddətli kredit xəttini açmışdır. İş materiallarından olan 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə Cavabdeh6 (kredit alan) arasında kredit razılaşması bağlanmış və bu razılaşmaya əsasən bank məbləği 8000 manat olan krediti aylıq faiz dərəcəsi 1,8333% olmaqla, 24 ay müddətinə kredit alana vermişdir. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi üzərindəki 10 nömrəli fərdi yaşayış evi 08.02.2008-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh6 adına qeydiyyata alınmışdır. İş materiallarında olan 22.01.2015-ci il tarixli, 009S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı QSC bundan sonra zamin adlandırılacaq Cavabdeh7 bu müqaviləni bank və bundan sonra borclu adlandırılacaq Cavabdeh6 arasında 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 16.01.2015-ci il tarixli 009M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində mülkiyyətində olan 0,0296 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 74.8 kv.m yaşayış, 35.3 kv.m köməkçi sahədən ibarət 19 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh6 22.01.2015-ci il tarixli 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə 30.03.2017-ci il tarixə olan borcu 4022,19 manat məbləğində kredit borcu, 833,91 manat məbləğində faiz borcu və 2408 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 7314,10 manat məbləğində təşkil edir. İş materiallarında olan “xxxx” MMC-nin 25.05.2021-ci il tarixli, 263/E №-li ekspert rəyindən görünür ki, Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən Cavabdeh6 mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri 45000 (qırx beş min) manat məbləğ təşkil edir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh6 ilə İddiaçı QSC arasında kredit razılaşması, zaminlik müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. Bu müqavilələr Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmışdır və onların etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Belə ki, məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün Abşeron rayon Məhkəməsinin 2(012)-674/2021 saylı, 31.03.2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC-nin 25.05.2021-ci il tarixli, 263/E №-li ekspert rəyindən məlum olur ki, Bakı şəhəri Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən Cavabdeh6 mülkiyyətində olan fərdi yaşayış evinin likvid dəyəri 45000 (qırx beş min) manat məbləğ təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Lakin, Cavabdeh6 22.01.2015-ci il tarixli 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi, yəni borc məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə və ödəmə cədvəlinə uyğun olaraq tam ödəməmiş və bununla da öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu geçikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı geçikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə hesab edir ki, iddiaçı təşkilatın cavabdehlərdən öhdəliyi lazımınca icra etmədikləri üçün cərimə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Ona görə də məhkəmə hesab edir ki, dəbbə pulu hissəsində də iddia tələbi təmin edilməlidir. Lakin məhkəmə cərimə pulunun yüksək hesablandığı qənaətinə gəlir. Belə ki, hesablanmış 2408 manat məbləğində cərimə pulunun azaldılması cavabdehin maddi durumunu yüngülləşdirə bilər. Ona görə də məhkəmə hesab edir ki, cərimə pulu hissəsində iddia tələbi qismən təmin edilməli və bu məbləğ 100 manat məbləğində olmalıdır. Məhkəmə borcun müştərək qaydada tutulması ilə bağlı belə qənaətə gəlir ki, Cavabdeh6 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşmasından irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün İddiaçı QSC-nin həmin müqavilənin icrasına zaminlik etmiş digər cavabdeh olan Cavabdeh7 öz öhdəliyinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin məcəllənin 472.3-cü maddəsinə görə birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh6 kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, Mülki Məcəllənin 319.1-ci maddəsinə görə borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş əşyanı açıq hərracda satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh6 məxsus ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutumanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinin tələblərinə əsasən, Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızının, Cavabdeh2 və Cavabdeh1 həmin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməli və onlar fərdi yaşayış evindən çıxarılmalı, həmin ev boşaldılmalı və Banka təhvil verilməlidir. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bundan başqa iş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 09 iyun 2015-ci il tarixli, 1-G1-1-0-410-15 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh6 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evi 33000 ABŞ dolları qiymətləndirilmişdir. Lakin məhkəmə “xxxx” MMC-nin 25.05.2021-ci il tarixli, 263/E №-li ekspert rəyi ilə razılaşaraq hesab edir ki, ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın ilkin satış qiyməti də 45000 manat müəyyən edilməlidir. İddia tələbinin digər şəxslərin sözügedən fərdi yaşayış evindən çıxarılmaları, satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissəsi dəqiq və konkret olmadığından məhkəmə hesab edir ki, iddia tələbi bu hissələrdə rədd edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh6, Cavabdeh7 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 22.01.2015-ci il tarixli 009R********** saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4022,19 manat məbləğində kredit borcu, 833,91 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4956,10 manat məbləğində borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqı tutulsun. İddia üzrə tələb ipoteka predmeti olan Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti açıq hərracdan satılsın və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 45000 manat məbləğində müəyyən edilsin. Cavabdeh6 mülkiyyətindəki Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh6, Cavabdeh5, X1, Cavabdeh4, Cəlilova (Hacıyeva) Səadət Ağateyub qızının, Cavabdeh2 və Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Koroğlu küçəsində yerləşən 0,0296 ha torpaq sahəsi və üzərindəki 10 nömrəli fərdi yaşayış evə olan istifadə hüququ itirilmiş hesab edilsin və onlar həmin fərdi yaşayış evindən çıxarılsın, həmin əmlakın boşaldılsın və Banka təhvil verilsin. İddia tələbi digər şəxslərin sözügedən fərdi aşayış evindən çıxarılmaları və satışdan əldə olunmuş vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar