Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-718/2023 01.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdeh1, onun, həmçinin digər Cavabdeh2 vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı məhkəmədə iddia qaldıraraq, 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş Cavabdeh2 adına verdiyi etibarnamənin, Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə xx.xx.2005-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Cavabdeh1 o, həbsdə olarkən Cavabdeh2 iştirakı ilə etibardan sui-istifadə edərək ona qarşı dələduzluq edərək, yəni aldadaraq əmlakını ələ keçirmişdir. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 134/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmü dəyişdirilmiş və onun barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bundan sonra isə "Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında" xx.xx.2020-ci il tarixli Qanuna əsasən onun ərizəsi əsasında Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu CM-nin 204.3.2-ci maddəsi CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 7 il müddətinə endirilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Həbsdə olan zaman həyat yoldaşı onun yanına gələrək bildirmişdir ki, Dövlət Sosial Müdafiə Fonduna ünvanlı sosial yardım almaq üçün ərizə ilə müraciət edib, lakin ona ünvanlı sosial yardım verməkdən imtina olunub. Buna səbəb isə onun adına avtomobil, vergidə VÖEN, telefon nömrələri olması göstərilmişdir. Bu əmlaklar və hüquqlar ləğv edilməsə, sosial müavinət ala bilməyəcək və evdəki elektrik sayğacını dəyişdirmək üçün ərizə yazmaq lazımdır. Onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün ərizə yazmaq məqsədilə ondan xalası Cavabdeh2 adına etibarnamə verməsini istəmiş, bildirmişdir ki, bu işləri xalası Cavabdeh2 görəcəkdir. O isə fikirləşmişdir ki, həbsdədir və ailə üzvləri sosial yardım alsalar, maddi vəziyyətləri bir qədər yaxşılaşar. Ona görə də etibarnamə vermək barədə 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə bildirəndə dedilər ki, etibarnaməni rəis imzalayacaq, kimə etibarnamə verilirsə, həmin şəxsin şəxsiyyət vəsiqəsinin surəti təqdim edilsə, veriləcək. xx.xx.2017-ci il tarixdə onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün ərizə yaza bilmə səlahiyyətini nəzərdə tutaraq Cavabdeh2 adına etibarnaməni imzalamış və bunu rəis təsdiq etmişdir. Həmin vaxt o, etibarnamənin məzmununa varmamışdır. Belə ki, ona bildirdilər ki, etibarnamə standart formadadır. O, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən çəkilməmiş cəzadan şərti olaraq vaxtından əvvəl azad olunaraq evə gələndə məlum olmuşdur ki, Cavabdeh2 26 iyul 2017-ci il tarixdə ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evi ona bildirmədən notariat ofisində bağışlama müqaviləsi ilə arvadı Cavabdeh1 bağışlamışdır. Həyat yoldaşı ona ünvanlı sosial yardım ala bilməsi üçün onun avtomobilini adından çıxarmaq, vergidəki VÖEN-i, telefon nömrələrini bağlatmaq və elektrik sayğacını dəyişmək üçün onun adından ərizə yazmaq üçün xalası Cavabdeh2 adına etibarnamə verməsini istəmişdi. O, heç vaxt evini arvadına bağışlamaq istəməmişdir. Ümumiyyətlə, onların arasında evi bağışlamaq barədə heç vaxt danışıq olmamışdır. Evi bağışlamaq istəsəydi, birbaşa arvada bağışlayardı, daha xalasına etibarnamə verməzdi. Yaşadığı ev onun adına idi, atası öz evini satıb bu evi onun üçün almışdı. O, bu evi yoldaşına bağışlamaq istəməmiş, ümumiyyətlə belə bir fikri olmamışdır. Həyat yoldaşı bu barədə onunla danışmamış, ona bildirməmiş və xalası ilə ondan gizlin bağışlama müqaviləsi imzalamışdır. Cavabdeh1 o, hələ həbsdə olanda ona bildirmədən nikahın pozulması barədə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, onun iştirakı olmadan nikahın pozulması barədə xx.xx.2021-ci il tarixli qətnamə qəbul edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Sonradan iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh1, onun, həmçinin digər Cavabdeh2 vəkilinümayəndəsi Nümayəndə iddianı qəbul etmədilər və onun təmin olunmamasını xahiş etdilər. Nümayəndə bildirdi ki, hazırki iddia tələbi ilə bağlı iddia müddəti də ötürülmüşdür. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. İşdə olan ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017-ci il tarixli bildirişlərdən görünür ki, yardım alınması barədə Cavabdeh1 müraciətləri rədd edilmişdir. Buna səbəb kimi əri İddiaçı adına avtomobil, vergidə VÖEN, telefon nömrələri olması göstərilmişdir. Mülki işin materiallarından olan DİN BDYPİ-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı mülkiyyətində «MİTSUBİSHİ AİRTREK» markalı **-OF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi vardır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X5 üzrə Baş İdarəsinin İddiaçı göndərdiyi xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, 9 saylı cəzaçəkmə müəssisəsi tərəfindən səlahiyyətli nümayəndə Cavabdeh2 verilmiş xx.xx.2017-ci il tarixli, 122 reyestr nömrəli etibarnamə əsasında xx.xx.2017-ci il tarixli **********286600 nömrəli fiziki şəxsin vergi uçotundan çıxarılması barədə ərizə ilə vergi orqanına müraciət edilmiş və vergi uçotu xx.xx.2017-ci il tarixdən ləğv edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3379/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh1 və İddiaçı arasında 23 iyun 2005-ci il tarixdə Goranboy rayon VVADQ şöbəsində bağlanmış və “Nikahın bağlanması haqqında akt qeydləri kitabında” 81 nömrə ilə qeydə alınmış nikah pozulmuş, 16 oktyabr 2008-ci il təvəllüdlü X2 və 23 iyul 2012-ci il təvəllüdlü X3 boşanmadan sonra iddiaçı Cavabdeh1 (ananın) yanında qalması, İddiaçı Cavabdeh1 xeyrinə 16 oktyabr 2008-ci il təvəllüdlü X2 və 23 iyul 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması qət edilmişdir. İşdə olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(003)- 1441/2022 saylı qərarının surətindən görünür ki, İddiaçı çəkilməmiş 5 ay 28 gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İşdə olan ƏN PX-nin 9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2022-ci il tarixli, 51 saylı arayışından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 134/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmü dəyişdirilmiş və onun barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu CM-nin 204.3.2-ci maddəsi CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 7 il müddətinə endirilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, İddiaçı adından onun nümayəndəsi Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evi Cavabdeh1 bağışlamışdır. İşdə olan ƏN PX-nin 9 saylı cəzaçəkmə müəssisəsində təsdiq edilmiş xx.xx.2017-ci il tarixli, 122 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq mənim bütün əmlakımı idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək, bağlanan əqdləri üzrə haqq-hesab aparmağı, miras qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan , o cümlədən ƏMDK yanında DƏDRX-dən, bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə mənə çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesabatlar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda mənim adımdan ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud ondan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət verməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında mənə aid olan mülkü işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi xx.xx.1959-cu il təvəllüdlü Tərtər rayonu Rəcəbli küçəsində qeydiyyatda olan qaynanam Cavabdeh2 (şəxsiyyət vəsiqəsi AZE ********) 1 il müddətinə etibar etmişdir. İşdə olan RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi İddiaçıdur. İşdə olan daşınmaz əmlakın texniki pasportunun surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi İddiaçıdur. İşdə olan RX ******* saylı, xx.xx.2018-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evin mülkiyyətçisi Cavabdeh1dır. İşdə olan AZ-İ 156487 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X4 xx.xx.2005-ci il tarixdə nikaha girmişlər, nikahdan sonra arvada Abbasova soyadı verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflərdən İddiaçıla Cavabdeh1 keçmiş ər-arvad olmuşlar. Cavabdeh2 isə Cavabdeh1 xalasıdır. İşdən görünür ki, onlar xx.xx.2005-ci il tarixdə nikaha girmişlər və İddiaçı xx.xx.2012-ci il tarixli alqı-satqı müqaviləsilə mübahisəli əmlakı əldə etmiş, öz adına RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarış almışdır. İş materiallarındakı sənədlərdən müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)- 134/2017 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası CM-nin 204.3.2-ci maddəsi ilə 9 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(103)-855/2017 saylı qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-134/2017 saylı hökmü dəyişdirilmiş və onun barəsində 8 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkum olunduğu CM-nin 204.3.2-ci maddəsi CM-nin 204.2-ci maddəsinə tövsif edilmiş, təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrum etmə cəzası 7 il 10 ay müddətinə endirilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Xəzər Rayon Məhkəməsinin qərarı dəyişdirilərək azadlıqdan məhrum etmə cəzası 7 il müddətinə endirilmişdir. O, ƏN PX-nin 9 saylı cəzaçəkmə müəssisəsində həbsdə olarkən xx.xx.2017-ci il tarixli, 122 reyestr nömrəli etibarnamə ilə Cavabdeh2 bir sıra səlahiyyətlər, o cümlədən harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi 1 il müddətinə etibar etmişdir. Cavabdeh2 isə bu etibarnamə əsasında mübahisəli fərdi yaşayış evini xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsilə Cavabdeh1 bağışlamışdır. Hazırda İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq Cavabdeh2 ilə Cavabdeh1 arasında 26 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Bəşir Səfəroğlu küçəsi, 1-ci dalan, 5 saylı evə dair bağlanmış bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin ev üzrə Cavabdeh1 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı istinad edir ki, mübahisəli əmlakın bağışlanması barədə onun niyyəti olmamışdır. Arvadının xalasına cəzaçəkmə müəssisəsində etibarnaməni sosial yardım almaq üçün öz adında olan avtomobili, VÖENi, abunə kodunu və telefon nömrəsini çıxarmaq niyyətilə vermişdir. Arvadı isə aralarında olan bu razılaşmanı pozmuş və mübahisəli evi öz adına keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən, notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 362.3.3-cü maddəsinə əsasən, azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələr notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. “Notariat haqqında” Qanunun 45-ci maddəsinə əsasən, notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 saylı Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 19-cu bəndinə əsasən, əqdlər təsdiq edilərkən əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyəti aydınlaşdırılır və hüquqi şəxslərin hüquq qabiliyyəti yoxlanılır. Əqd nümayəndə tərəfindən aparıldıqda onun səlahiyyəti yoxlanılır. Həmin Təlimatın 22-ci bəndinə əsasən, şəxs əqdi, ərizəni və ya başqa sənədi cismani qüsuruna, xəstəliyinə və ya hər hansı başqa səbəbə görə özü imzalaya bilmədikdə əqdi, ərizəni və ya digər sənədi onun tapşırığı ilə, onun iştirakı ilə və notariusun iştirakı ilə başqa şəxs imzalaya bilər. Həmin Təlimatın 39-cu bəndinə əsasən, əqdin iştirakçılarından hər hansı birinin ruhi xəstəliyə və ya ağılı zəifliyi nəticəsində öz hərəkətinin əhəmiyyətini başa düşə və ya öz hərəkətlərinə rəhbərlik edə bilməməsini, yaxud spirtli içkilərdən və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməsi, habelə qumara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salmasını, yaxud digər israfçılıq hərəkətləri ilə ailəsini dolanacaq xərclərindən məhrum etməsini güman etmək üçün notariusun əsasları vardırsa, şəxsin isə fəaliyyət qabiliyyətinin olmamasına və ya fəaliyyət qabiliyyətinin məhdud olmasına dair məhkəmə qətnaməsi yoxdursa, notarius əqdin təsdiq edilməsini təxirə salır və şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında məhkəmə qətnaməsinin olub-olmadığını aydınlaşdırır. Yuxarıdakı normaların tələblərindən görünür ki, şəxs əqd əsasında hüquqlarını həyata keçirməyi başqasına etibar edə bilər və bu əqd notariusda etibarnamə formasında həmin şəxsin imzası ilə təsdiq olunur. Əgər şəxs hər hansı qüsuruna görə etibarnaməni imzalaya bilmirsə, bunu onun və notariusun iştirakı ilə onun tapşırdığı başqa şəxs imzalaya bilər. Həmçinin notarius əqddə iştirak edən şəxslərin fəaliyyət qabiliyyətini və əqdin məzmununa onların həqiqi niyyətini aydınlaşdırır. Əks halda prosesi təxirə salaraq, müvafiq tədbirlər görür. İşdən görünür ki, İddiaçı əmlakına dair sərəncam vermə və bir sıra digər hüquqlarını Cavabdeh2 etibar etmiş və bu etibarnamə cəzaçəkmə müəssisəsinin rəisi (notarius) tərəfindən təsdiq edilmişdir. Həmçinin İddiaçı fəaliyyət qabiliyyətli olmuş, əqdi şüurlu surətdə bağlamış və hər hansı təsir (hədə-qorxu və s.) altında qalması notarius tərəfindən müəyyən edilməmişdir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin etibarnamə qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib olunmuşdur və yaratdığı nəticələr hüquqa uyğundur. İşdən göründüyü kimi, iddiaçı xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlıdır. Həmin Məcəllənin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Mülki qanunvericiliyə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən bağışlama müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Yuxarıdakı normaların tələblərindən də görünür ki, bağışlama müqaviləsi şəxsin özü və ya buna səlahiyyət verdiyi təmsilçisi vasitəsilə bağlanılır və daşınmaz əmlaka dair bağışlama müqaviləsi notariat qaydasında təsdiqlənir. Əks təqdirdə, bağlanan müqavilə bağlandığı andan etibarsızdır. Beləliklə, işin tədqiq olunan hallarından aydın olur ki, İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş etibarnamə əsasında buna səlahiyyət verdiyi Cavabdeh2 vasitəsilə arvadı Cavabdeh1 bağışlamış və o da bunu qəbul etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları aşkar olunmamış, əksinə İddiaçı mülkiyyət hüququ ilə ona məxsus mübahisəli mənzilin bağışlanması üçün tələb olunan iradə ifadəsinə əsasən onu bağışlamışdır. O cümlədən məhkəmə hesab edir ki, bağışlama müqaviləsi qanuni əsaslarla bağlandığından onun əsasında verilmiş RX seriyalı, ******* saylı çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, birinci növbədə sübutetmə yükü cavabdehin yox, iddiaçının üzərinə düşür və hazırki halda onun tərəfindən iddia sübut edilmədiyindən iddia rədd edilməli olduğu halda cavabdehin öhdəsinə bunu təkzib edən sübutların gətirilməsi vəzifəsinin qoyulması və bu səbəbdən onun əleyhinə qərar çıxarılması yolverilməzdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etsə də, bu müqavilənin etibarsız hesab edilməsi üçün qanunla nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırki işə tətbiq edən məhkəmə hesab edir ki, mübahisələndirilən bağışlama müqaviləsi bağlanarkən sadalanan hüquq normalarının pozuntusu halları olmamışdır. Belə olan halda qeyd edilən müqavilənin etibarsızlığından söhbət gedə bilməz. Həmçinin bu müqavilənin etibarsızlığına dair heç bir əsas olmadığından onun nəticəsində tərtib olunmuş reyestrdən çıxarışın ləğv olunması barədə tələb də təmin oluna bilməz. Məhkəmə iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərək bildirir ki, hazırki iddia tələbinin qanuni əsası olmaması səbəbi ilə tələb təmin edilmədiyindən iddia müddətinin tətbiqi barədə ərizə təmin edilə bilməz. MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı etibarnamənin və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və reyestrdən çıxarışın ləğv edilməsi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-718/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-718/2023
01.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver