Məhkəmə qərarları › İş №2(012)-756/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-756/2022

29.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-756/2022 29.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi ilə, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, maraqlı şəxs “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 maraqlı şəxs “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası) qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, mənzilin hərrac vasitəsi ilə satılaraq banka ödənilən pulun verilməsi və digər tələblərə dair iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu və 150-ci maddələrinin tələblərini rəhbər tutaraq Abşeron rayon, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzilə dair iş üzrə Cavabdeh2 adına verilmiş müqavilənin etibarsız hesab edilməsi və qeyd olunan mənzilin hərrac vasitəsi ilə satılaraq onlara düşən payın ödənilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan məhkəmənin hazırlıq iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinə dəqiqləşmə verərək, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə ev 111 saylı mənzilə dair 25 noyabr 2019-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeyd edilən mənzilin hərrac vasitəsi ilə satılaraq iddiaçılara mənzilin alınmasına ilkin ödəniş kimi ödədikləri 10 000 (on min) manatı, mənzilin təmirinə iddiaçılar tərəfindən xərclənmiş 25000 (iyirmi beş min) manatın və iddiaçılar tərəfindən qeyd olunan mənzilin Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Nərimanov filialından ipoteka ilə yüklü edilərək AKKORD şirkətinə ödənilmiş pulun 37 000 (otuz yeddi min) manatını Cavabdeh1 alınaraq iddiaçılara verilməsini təmin edən qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, cəmi 105,7 kv.m ümumi sahəsi olan 111 saylı mənzilə dair ödənilmiş pulların çox hissəsi iddiaçılar tərəfindən ödənilmişdir. Onlar uzun müddətdir ki, qeydiyyatsız bu mənzildə yaşayırlar. İpoteka ilə yüklü edilmiş həmin mənzilin 30 faizi ilkin ödənişinin əlli faizdən çoxunu iddiaçılar ödəmiş, yerdə qalan otuz faizini isə iş üzrə cavabdeh ödəmişdir. 12 oktyabr 2012-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC-nin Nərmanov fılalından PROG-İ-12/175 saylı ipoteka müqaviləsi əsasında 47 504,42 qəpik pul vəsaiti götürərək AKKORD Sənaye Tikinti İnvestisiya Korporasiyasını hesabına qeyd edilən mənzillə bağlı ödəmişlər. Hər ay qeyd olunan mənzilin pulunu birlikdə 733 (yeddi yüz otuz üç) manat qrafik üzrə banka ödəmişlər. Hər ay qeyd olunan mənzilin pulunu birlikdə 733 (yeddi yüz otuz üç) manat qrafik üzrə banka ödəmişlər. Bankın hesabına qrafik üzrə ödənilən məbləğin demək olar ki, çox hissəsi onlar tərəfindən ödənilmişdir. İlkin ipoteka müqaviləsi Cavabdeh1 ilə bağlamışdır. Qeyd olunan mənzili onlar tam təmirsiz vəziyyətdə AKKORD şirkətindən almışlar. Mənzilin təmirinə iddiaçılar tərəfindən qohumlarının tanıdığı ustalar tərəfindən təmir edilmişdir və onlara ümumi materialların alınmasına 25 000 (iyirmi bir min) manat iddiaçılar tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edib, iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı1 və İddiaçı2 onun mülkiyyətində olan “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayon, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzildən çıxarılmaları barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi vardır. O, mənzili dəyərini ödəməklə Cavabdeh1 almışdır. İddiaçılar mənzildən cıxmamaq üçün belə bir iddia ilə məhkəməyə müraciət etmişlər. İddianın ona aid hissəsinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçılar mübahisəli mənzilin təmir olunduqda İddiaçı1 15-16 yaşı var idi, onun himayəsində idi, işləyə də bilməzdi. Onun mənzilin təmirinə pul xərcləməsi mümkün deyildir. Digər İddiaçı2 isə Mənzilin təmiri üçün 6000 manat, döşəmənin təmiri üçün 80 manat lakın pulun vermişdir. Mənzilin təmiri üçün cəmi 15000 manat xərci çıxmışdır. Oriflame şirkətində işləyirdi, mənzilin aylıq ödənişlərində hansı aylar ödəniş etmişsə bu barədə ödəniş qəbzləri var və həmin ödəniş məbləğlərini geri qaytarmaq istəyir, qalan ödənişləri isə şəxsən özü ödəmişdir, özünün imkanı olmayanda pulu Elnura vermiş, Elnur ödəmişdi. Mənzili satmağa gəldikdə isə hər ay 835 manat aylıq ödənişi daha ödəyə bilməmiş, maddi vəziyyəti yaxşı olmamış 4 ay ödəniş edə bilməmiş, mənzilin bankın mülkiyyətinə keçməməsi üçün mənzili satmaq qərarına gəlmiş, mənzili Vidadi Əliyevə satmış, Vidadi Əliyev qalan borcu tam olaraq ödəmişdir, oranı tərk etmişdir, iddiaçılar isə hələ də mənzildə qalıb yaşayırlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan “Uğur-4” Yaşayış Kompleksi tərəfindən verilmiş 29.03.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 "xxxx" ASC-nin inşa etdiyi ünvan 1 ünvanında yerləşən “Uğur 4” yaşayış kompleksində bina 1, blok 2c, mənzil 111-də qeydiyyatsız yaşayır. İş materiallarında olan Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən 08.09.2020-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh1 xx xxxxxxxx 1995-ci ildə İddiaçı2 doğulmuş X2 atası hesab edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1 xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh1, anası İddiaçı2dır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında 12.10.2012-ci il tarixdə bağlanmış PROG-İ-12/175 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən ona 47.504.42 (qırx yeddi min beş dörd manat qırx iki qəpik) manat məbləğində kredit xətti açılmışdır. Kredit vəsaitindən istifadə müddəti 105 aydır, kredit vəsaitindən istifadə müddəti 12 iyul 2021-ci il tarixində bitir. İş materiallarında olan Abşeron rayon Məhkəməsinin 10.07.2020-ci il tarixli 2(012)- 1355/2020 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 mülkiyyətində olan “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayon, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, ev 111 saylı mənzildən çıxarılmaları qət edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31.08.2020-ci il tarixli, 2(105)-2335/2020 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 01.04.2021-ci il tarixli, 2(102)-1119/2021 saylı qərarı ilə həmin qətnamələr dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qətnamələrindən müəyyən edilir ki, 14024 saylı, 22.06.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair 25.11.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılşamadan görünür ki, “Satıcı” “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən inşa edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil “Üçüncü tərəf” Cavabdeh2 tərəfindən satın almışdır. Müqavilənin 1-ci bəndinə əsasən “Satıcı” və “İkinci tərəf” Cavabdeh1 arasında bağlanmış 14024 saylı, 22.06.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən yaranmış bütün hüquqlarını və müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasını “İkinci tərəf” bu Razılaşma qüvvəyə mindiyi andan “Üçüncü tərəf”ə ötürür, “Üçüncü tərəf” isə “İkinci tərəf”in bu hüquq və öhdəliklərin icrasını tam həcmdə həyata keçirməyi öz üzərinə götürür. “AKKORD” STİK tərəfindən tərtib edilmiş 25.11.2019-cu il tarixli, KP AK/77-14-03 saylı aktdan görünür ki, Cavabdeh1 Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzili etibarnamə əsasında X1 təhvil-təslim etmişdir. “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası tərəfindən Cavabdeh2 verilmiş 295 nömrəli, 25.11.2019-cu il tarixli arayışdan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzil üçün bağlanmış 14024 saylı, 22.06.2011-ci il tarixli müqaviləyə dair heç bir borcu yoxdur. İş materiallarında olan PROG-İ-12/175 nömrəli 12 iyun 2012-ci il tarixli kredit müqaviləsinə əlavə ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını hesabında qalıq yarandığı gündən 01 noyabr 2012-ci il tarixdən başlayaraq 01.07.2021-ci il tarixədək 47504.42 manat əsas, 29442.65 manat faiz olmaqla, cəmi 76947.07 manat borcu hissə-hissə ödəməklə banka qaytarmalıdır. İş materiallarında olan qəbzlərdən müəyyən edilir ki, Cavabdeh1 adından Sevil Ələsgərova tərəfindən 10.01.2013-cü ildə 733 manat, 14.02.2013-cü ildə 633 manat, 15.02.2013-cü ildə 100 manat, 15.04.2013-cü ildə 733 manat, 14.05.2013-cü ildə 733 manat, 14.06.2013-cü ildə 733 manat, 18.09.2013-cü ildə 733 manat, 28.11.2013-cü ildə 733 manat, 24.02.2014-cü ildə 733 manat, 24.09.2014-cü ildə 733 manat, 29.03.2015-ci ildə 733 manat 21.08.2018-ci ildə 733 manat (cəmi 8063 manat) məbləğində kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh1 ilə İddiaçı2 faktiki nikahla ailə qurmuş, bunların bu nikahından xx.xx.1995ci il təvəllüdlü cavabdeh İddiaçı1 anadan olmuşdur. Yaşadıqları müddətdə 22.06 2011-ci il tarixdə “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası ilə Cavabdeh1 arasında Abşeron rayonu, Xırdalan şəhəri, Həzi Aslanov küçəsi, bina 1, blok C, 3-cü mərtəbə, 105.7 kv.metr ümumi sahəsi olan 111 saylı mənzilə dair alqı-satqı müqaviləsi bağlanmış, bu məqsədlə Cavabdeh1 Beynəlxalq Bankdan 2012-ci ildə kredit müqaviləsi üzrə 10 illik müddətə 47.246 manat məbləğində kredit götürmüş və Mənzilin alınması üçün “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyasına ödəmişdir. Mənzil təmirsiz vəziyyətdə olmuş, mənzili təmir edərək həmin vaxtdan orada yaşamağa başlamışlar, sonradan tərəflər arasında münasibət pozulmuş və izahatına görə ödəməni aparmaq imkanı olmadığından, Cavabdeh1 14024 saylı, 22.06.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsi üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair 25.11.2019-cu il tarixli, KP AK/77-15-11 saylı əlavə razılaşmaya əsasən “Üçüncü tərəf” Cavabdeh2 ötürmüş, qalan borc axırıncı tərəfindən tam olaraq ödənilmiş, lakin iddiaçıları mənzili ona təhvil verməmiş, nəticədə Cavabdeh2 onların mənzildən çıxarılmaları ilə bağlı məhkəmədə iddia qaldırmış, onun iddia tələbi təmin edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, mübahisəli mənzilin təmirinə iddiaçılar tərəfindən nə qədər vəsait sərf edilməsi barədə onların izahatlarını təsdiq edən sübut təqdim edilməsə də, Cavabdeh1 mübahisəli mənzilin təmirinə İddiaçı2 tərəfindən 6080 manat pul verildiyi etiraf olunmuş, İddiaçı1 münasibətdə isə onun həmin vaxt yetkinlik yaşına çatmadığından işləyib qazanc gətirməsi belə təsdiq olunmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, mənzilin alınması üçün Cavabdeh1 adına götürülmüş kredit borcu məbləğinin ödənişləri Xudaverdiyev Elmanın özü ilə bərabər ilkin iddiaçılar tərəfindən də aparılmışdır. Elman Xudaverdiyevin izahatına görə Sevil Ələsgərovanın adından aparılan ödəniş qəbzləri üzrə pul məbləğini geri qaytarmaq istəyir. İddiaçı1 tərəfindən aparılan ödənişləri isə işi ilə əlaqədar imkanı olmayanda oğlu kimi pulu ona vermiş, o da aparıb ödəmişdir. Həmin vaxtlar Elnur işləməyib, qazancı olmayıb, ata-anasının himayəsində olmuşdur. Məhkəmə iddia tələbi üzrə işin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək qeyd edir ki, mübahisəli mənzil cavabdeh tərəfindən özgəninkiləşdirilərkən iddiaçıların razılığı tələb olunmadığından, Cavabdeh1 mənzillə bağlı öhdəlik hüquqlarını ötürməsinə “AKKORD” Sənaye Tikinti İnvestisiya Korporasiyası etiraz etmədiyindən qanunla müəyyənləşdirilmiş şərtlər pozulmamışdır, bu əsasda iddia tələbi həmin hissəsi, o cümlədən mənzilin hərracda satılması hissəsi əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 461.1.maddəsinə görə öhdəliklərin icrası üçün təminat vermiş şəxs kreditorun razılığı ilə onu başqa təminatla əvəz edə bilər. İddia tələbinin pul tələbinə dair hissəsində məhkəmə qeyd edir: Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin mənzilin alınmasına ilkin ödəniş kimi ödədikləri 10 000 (on min) manatın vababdehdən alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu barədə iddiaçılar tərəfindən hər hansı sübut təqdim edilmədiyindən iddia təmin hissədə əsassızdır və təmin edilməməlidir. İddia tələbinin mənzilin təmirinə iddiaçılar tərəfindən xərclənmiş 25000 (iyirmi beş min) manat cavabdehdən alınması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, mübahisəli mənzilin təmirinə iddiaçılar tərəfindən nə qədər vəsait sərf edilməsi barədə onların izahatlarını təsdiq edən sübut təqdim edilməsə də, Cavabdeh1 mübahisəli mənzilin təmirinə İddiaçı2 tərəfindən 6080 manat pul verdiyini etiraf etdiyindən, İddiaçı1 münasibətdə isə onun həmin vaxt yetkinlik yaşına çatmadığından işləyib qazanc gətirməsi belə təsdiq olunmadığından məhkəmə hesab edir ki, bu hissədə iddia qismən təmin edilməli cavabdeh Elman Xudiyevdən iddiaçı Sevil Ələsgərovanın xeyrinə mənzilin təmirinə görə çəkilmiş 6080 manat məbləğində pul tutulub verilməli, qalan hissədə iddia rədd edilməlidir. Məhkəmə iddia tələbinin iddiaçılar tərəfindən qeyd olunan mənzilin Azərbaycan Respublikası Beynəlxalq Bankı ASC-nin Nərimanov filialından ipoteka ilə yüklü edilərək AKKORD şirkətinə ödənilmiş pulun 37 000 (otuz yeddi min) manatını Cavabdeh1 alınaraq iddiaçılara verilməsi hissəsinə münasibətdə qeyd edir ki, işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Cavabdeh1 adından Sevil Ələsgərova tərəfindən cəmi 8063 manat məbləğində özünə məxsus pul vəsaiti ödənilmişdir ki, məhz həmin məbləğ cavabdehdən tutulub İddiaçı2 verilməli, digər iddiaçının həmin vaxtlar müstəqil qazançı və gəliri barədə sübutlar olmadığından ona münasibətdə iddia tələbi sübut edilmədiyindən əsassız hesab edilməlidir Eləcə də, iddia tələbi qismən təmin olunduğundan iddiaçıların iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumunun 50 (əlli) manat hissəsi də cavabdehdən tutularaq, iddiaçılara ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 6080 manat təmirə çəkilən xərc, 8063 manat kredit ödənişi üzrə aparılan pul, cəmi 14.143 (on dörd min yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı2 və 50 manat dövlət rüsumuna görə pul Xudaverdiyev Elnur Elman oğluna verilməli qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin 217.4-cü maddəsi ilə müəyyən edilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-253, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 6080 manat təmirə çəkilən xərc, 8063 manat kredit ödənişi üzrə aparılan pul, cəmi 14.143 (on dörd min yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı2 və 50 manat dövlət rüsumuna görə pul tutularaq Xudaverdiyev Elnur Elman oğluna verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar