Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-76/2023 08.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı3, Nəhmətova (Əliyeva) Tünzalə Qalim qızının və İddiaçı2, Cavabdeh1 vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı3, Nəhmətova (Əliyeva) Tünzalə Qalim qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı4, X8 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Kontorunda xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq Komitəsinin JN-128 kod nömrəli, 30802018 saylı dövlət aktına və 2970 saylı arayışa əsasən, Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkəşkül qəsəbəsində yerləşən, ümumi sahəsi 3.12 ha olan torpaq sahəsinə dair İddiaçı3 ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsinə dair sonuncunun adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 08 may 2023-cü il tarixli, 2(012)-76/2023 saylı qərardadına əsasən, iddiaçılar İddiaçı3, İddiaçı4, X4 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi İddiaçı4 münasibətdə baxılmamış saxlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı3, İddiaçı4, X8 və İddiaçı2 uzun illərdir ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yaşayır. Təxminən, 2018-ci ilin axırlarında iddiaçılarla birlikdə həmin kənddə yaşayan X10 onun adına verilmiş “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda ona ayrılan torpaq sahəsinə dair qonşuluqda olan şəxslərin adının yazıldığını və İddiaçı3 da adının qonşu kimi göstərildiyini bildirmişdir. İddiaçı3 həmin şəxsin sözlərinə inanmamış, lakin dövlət aktına baxdıqda həqiqətən də, 1997-ci il tarixli dövlət aktında onun adının da qeyd olunduğu bəlli olmuşdur. Bu isə o deməkdir ki, həmin ərazidə İddiaçı3 pay torpaq sahəsi ayrılmışdır. Bundan sonra, İddiaçı3 4 saylı Abşeron Ərazi idarəsinə müraciət etmiş və ona həqiqətən də, dövlət aktına əsasən pay torpaq sahəsinin ayrıldığı, lakin həmin torpaq sahəsinin başqa bir şəxsin adına özgəninkiləşdirilməsi bildirilmişdir. Bu səbəbdən də, İddiaçı3 adına olmuş dövlət aktının verilməsi mümkünsüzdür. İddiaçı3 Abşeron rayon Prokurorluğuna və Polis İdarəsinə şikayət etmiş, araşdırma zamanı onun adına qeyd edilən torpaq sahəsinə dair hüquqlarını təsdiqləyən sənəd aşkar edilmədiyi üçün Abşeron rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli Qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İddiaçı3 qonşunun dövlət aktında onun adına göstərilmiş həmin torpaq sahəsi və onun hansı əsaslarla özgəninkiləşdirilməsi ilə maraqlanmış, Abşeron rayonunda yerləşən Dövlət Notariat Kontorlarına müraciət etmiş, lakin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı heç bir sənəd tapılmamışdır. Belə ki, bu özgəninkiləşdirilmənin hansı ildə aparılması da məlum deyildir. Bundan sonra, İddiaçı3 həmin sənədin olub-olmaması ilə bağlı Dövlət Notariat Arxivinə müraciət etmiş və çox axtarışdan sonra xx.xx.2020-ci il tarixdə İddiaçı3 xx.xx.2002-ci il tarixdə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontorunda qeydə alınmış torpaq alqı-satqı müqaviləsinin surəti təqdim olunmuşdur. Həmin müqavilənin məzmunundan belə aydın olur ki, guya İddiaçı3 xx.xx.2002-ci il tarixdə Dövlət Torpaq Komitəsinin JN-128 kod nömrəli, 30802018 saylı dövlət aktına və 2970 saylı arayışa əsasən, Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkəşkül qəsəbəsində yerləşən və ümumi sahəsi 3.12 ha olan torpaq sahəsini 20 milyon manata Cavabdeh1 adlı şəxsə satmışdır. Halbuki, İddiaçı3 ümumiyyətlə, belə bir torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verilməsindən xəbəri olmamış, dövlət aktını almamışdır. Yalnız təsadüfən bilmişdir ki, İddiaçı3 və ailə üzvlərinin mülkiyyətinə torpaq aktı əsasında pay torpaq sahəsi verilmiş, lakin məlumatı və xəbəri olmadan bu torpaq sahəsi başqa bir şəxsə satılmışdır. Nə İddiaçı3, nə də ailə üzvləri heç zaman notariusa getməmiş və belə bir alqı-satqı müqaviləsinə də imza atmamışlar. Həmin müqavilədəki imza İddiaçı3 məxsus deyildir. Göründüyü kimi, İddiaçı3 və ailə üzvlərinə mülkiyyət hüququ əsasında mənsub olan torpaq sahəsi başqa bir şəxsə qanunsuz olaraq satılmışdır. Buna görə də həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. İddiaçı3 bu müqavilənin surətini xx.xx.2020-ci il tarixdə aldığı üçün bu qanunsuz müqavilədən də məlumatı həmin vaxt olmuş və iddia müddətinin axımı da məhz hüquqlarının pozulduğunu bildiyi vaxtdan, yəni, xx.xx.2020-ci il tarixdən hesab olunmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı3 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, onun mövcud mübahisə ilə bağlı məlumatı olmamışdır. Sözügedən ərazidə o, sürücü işləmiş, kolxoz özəlləşəndən sonra tərk edərək Şamaxıya getmişdir. 2017-ci ildə qonşunun torpaq sahəsi olmuşdur. Qonşusu torpaq sahəsinə dair çıxarış aldıqdan sonra onun da adı, soyadı və ata adı, evinin xəritəsi qonşuya verilmiş sənəddə öz əksini tapmışdır. Həmin tarixdən artıq 6 il müddət keçmişdir. İlkin olaraq kasıb olmuş, imkanı olmadığından aidiyyəti quruma müraciət edə bilməmiş, ona bu barədə məlumat da verilməmişdir. Müraciət etdikdə isə dəfələrlə müxtəlif tarixlərdə gəlməsi bildirilmişdir. Mövcud mübahisələrdən onun 2017-ci ildən məlumatı olmuşdur. Mülki iş üzrə məhkəməyə daxil olmuş ekspert rəyi ilə bağlı bildirir ki, onun dedikləri həqiqətəuyğundur, ona görə də ədalətli qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı X8 digər İddiaçı3 izahatını təsdiq etmiş və iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək izahatında göstərmişdir ki, dövlətin onlara verdiyi torpaq sahəsi mənimsənilmiş və bu səbəbdən də, onlar haqqını tələb edir. Atasının dediklərini təsdiq edərək mövcud mübahisələrdən 2017-ci ildə məlumatlı olmuşdur. O, özü ailəli olduğundan Göyçay şəhərində yaşayır və mütəmadi olaraq gedib-gəlməsi mümkün deyildir. Məhkəmə iclasları ilə əlaqədar olaraq Bakı şəhərinə iki il müddətdir ki, gəlib-gedir. Hesab edir ki, valideynləri kasıb olduğundan dövlət tərəfindən verilmiş torpaq sahəsi də onlara qaytarılmalıdır. Atası onlara məlumat verdikdən sonra torpaq sahəsinin başqa şəxsə satılması barədə məlumatlı olmuşlar. Məhkəmə iclasında İddiaçı2 digər İddiaçı3 izahatını təsdiq etmiş və iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edərək izahatında göstərmişdir ki, dövlət tərəfindən onlara verilmiş torpaq sahəsinin geri verilməsini tələb edir. Atası mövcud mübahisələrdən məlumatlı olanda o da öz növbəsində, bu barədə məlumatlı olmuş, 2017-ci ildən mövcud mübahisələr ona bəlli olmuşdur. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, hesab edir ki, iddia ərizəsi Cavabdeh1 münasibətdə əsassızdır. İddiaçılar həqiqətən də kasıb olduğundan tərəflər arasında müəyyən razılaşmaların əldə olunmasına dair cəhd göstərsə də, barışığın əldə olunmasına nail olmamışdır. Lakin qanunun tələbləri iddiaçıların əleyhinə çıxış edərək iddia tələbinin təmin olunmamasına əsas verir. Mübahisəli torpaq sahəsi artıq üçüncü şəxsin mülkiyyətində olmaqla bu barədə aidiyyəti qurum tərəfindən çıxarış verilmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. Cavabdeh ünvan 1 ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh xx.xx.2023-cü il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirib, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron rayon Polis İdarəsinin İddiaçı3 ünvanladığı xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı3 mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. -Abşeron rayon Polis İdarəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı3 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan daha sonra görünür ki, izahatı alınmış İddiaçı3 bildirmişdir ki, o, əvvəllər Pirəkəşkül kəndində yerləşən kolxozda 6-7 il sürücü işləmişdir. Təxminən 6 ay əvvəl qonşusu Samid İsgəndərov onunla rastlaşan zaman ona dövlət aktı ilə verilmiş torpaq sahəsinin öz torpaq sahəsinin qonşuluğunda yerləşdiyini demişdir. Həmin vaxt o, təəccüblənmişdir. Çünki ona Pirəkəşkül kəndində torpaq sahəsinin ayrılmasına dair heç bir yerdən sənəd verilməmişdir. O, qonşusu Samidin torpağına dair sənədinə baxan zaman orada ona da 3.30 ha torpaq sahəsinin ayrıldığını görmüşdür. Sonradan o, maraqlandıqda məlum olmuşdur ki, onun adına Pirəkəşkül kəndində torpaq sahəsi yoxdur, qonşunun torpaq sahəsinin yanındakı özünə aid olduğunu zənn etdiyi torpaq sahəsi isə Müşfiq Əliyev adlı şəxsə məxsusdur. O, sözügedən təsərrüfat təyinatlı torpaq sahəsinin ona aid olub-olmamasını, Müşfiq adlı şəxsə hansı şəraitdə verilməsini maraqlandığı üçün Abşeron rayon Prokurorluğuna müraciət ünvanlamışdır. Əslində o, həmin torpaq sahəsinin Abşeron rayonu, Pirəkəşkül kəndində harada yerləşdiyini də bilmir. Onun həmin torpağa dair heç bir sənədi yoxdur. Qərardan daha sonra görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2019-cu il tarixli, 25 nömrəli məktubunda Pirəkəşkül kəndində daimi pasport qeydiyyatında olan İddiaçı3 adına əmlak pay torpaq sahəsinin ayrılıb-ayrılmamasını təsdiqləyən rəsmi sənəd nümayəndəliyin kargüzarlığında aşkarlanmamışdır. Qərardan daha sonra görünür ki, Abşeron rayonu, Pirəkəşkül-Qobustan bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 35 nömrəli məktubunda İddiaçı3 adına əmlak pay torpaq sahəsinin ayrılıb-ayrılmamasını təsdiqləyən rəsmi sənəd Aqrar İslahat Komissiyası tərəfindən verilmiş əmlak pay torpaqları bələdiyyə qurumu yaranmamışdan əvvəl paylandığı üçün bu haqda kargüzarlıqda heç bir sənəd olmadığı qeyd olunmuşdur. Qərardan daha sonra görünür ki, beləliklə, müəyyən edilmişdir ki, İddiaçı3 adına Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 3.30 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin ayrılması ilə bağlı hər hansı bir sənədin olması müəyyən edilməmişdir. Lakin buna baxmayaraq, İddiaçı3 həmin ərazidə ona məxsus torpaq sahəsinin olduğunu iddia edir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1040 saylı reyestr kitabının 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № 353484 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Bakı Baş Polis idarəsinin əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsindən arayış, X15 Komitəsinin torpağa mülkiyyət hüququna dair JN-354Z, xx.xx.2005-ci il tarixli akt olmuşdur. -X5 ilə alıcı X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsini alıcıya 4000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1040 saylı reyestr kitabının 13 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsi Cavabdeh1 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1040 saylı reyestr kitabının 14 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, A № 353483 saylı plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsi Cavabdeh1 mülkiyyətindədir və həmin sənədin tərtib edilməsinə əsas Bakı Baş Polis idarəsinin əmlakın hüquqi sənədinin itməsi barədə yerli polis şöbəsindən arayış, X15 Komitəsinin torpağa mülkiyyət hüququna dair JN-354X, xx.xx.2005-ci il tarixli akt olmuşdur. -Satıcı Cavabdeh1 ilə alıcı X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsini alıcıya 2000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsi X2 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1040 saylı reyestr kitabının 14 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna əsasən, Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş, sorğuya cavab məktubuna əlavə olunmuş: Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən 3M/777 reyestr nömrə ilə təsdiq edilmiş, satıcılar Abşeron rayonu, Pirəkəşkül kənd sakinləri İddiaçı3, İddiaçı4, X8, İddiaçı2 ilə alıcı Cavabdeh1 arasında bağlanmış xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən, eyni zamanda, əslindən görünür ki, satıcı İddiaçı3 ailə üzvləri ilə birlikdə Dövlət Torpaq Komitəsinin JN-128 kod nömrəli, 30802018 saylı dövlət aktına və 2970 saylı arayışa əsasən, Abşeron rayonu (Qobustan rayonuna aid) Pirəkəşkül qəsəbəsində yerləşən, ümumi sahəsi 3.22 ha olan torpaq sahəsini bütünlüklə satıcıya 20 000 000 AZM-ə satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən, Mülki Məcəllənin 646-647-ci maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Müqavilədən daha sonra görünür ki, müqavilədə satıcı qismində İddiaçı3 və ailə üzvlərinin adı qeyd olunsa da, müqavilə bir nəfər tərəfindən imza edilmişdir. 2970 saylı arayışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998-ci il tarixli, 158 saylı qərarına müvafiq olaraq, Abşeron rayonu, Pirəkəşkül kənd sakini X9 onun 0.805 ha və ailə üzvlərinin hər birinin 0.805 ha olmaqla, cəmi 3.22 ha satılacaqdır və həmin torpaq sahəsi Abşeron-Qobustan ərazisinə aiddir. xx.xx.1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-128 saylı, 30802018 kod nömrəli şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 3.22 ha torpaq sahəsi həmin kəndin sakinləri X6, İddiaçı4 Babayar qızının, X4 və İddiaçı2 mülkiyyətinə verilmiş və bu barədə 139 nömrə ilə qeydiyyat aparılmışdır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/463 saylı rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar-satıcı(lar)” qrafasındakı imzanın Əliyeva (Nəhmətova) Tünzalə Qalim qızı, İddiaçı3, İddiaçı4, İddiaçı2 tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Rəyin tədqiqat prosesinin təsvirindən görünür ki, tədqiq olunan imza ekspertizaya təqdim olunmuş xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar-satıcı(lar)” qrafasındakı imzadan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur. Tədqiq olunan imzanı Əliyeva (Nəhmətova) Tünzalə Qalim qızı, İddiaçı3, İddiaçı4 və İddiaçı2 imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, tədqiq olunan imzada qrafik materialın azlığı, cizgilərin sadəliyi səbəbləri müqayisə vaxtı imkan vermir ki, eyniləşdirici və ya fərqləndirici əlamətlər külliyyətini seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın Əliyeva (Nəhmətova) Tünzalə Qalim qızı, İddiaçı3, İddiaçı4, İddiaçı2 və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı3, İddiaçı2 Abşeron rayonu, Pirəkəşkül kəndində, İddiaçı1 Göyçay şəhəri, 1-ci Ərəbcəbirli kəndində, Cavabdeh1 isə Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi, 50 saylı evdə qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçılar İddiaçı3, İddiaçı2 və X1 rayonu, Pirəkəşkül kəndində yerləşən və onlara məxsus olduğunu iddia etdikləri torpaq sahəsinə dair Cavabdeh1 ilə onların arasında bağlanmış 3M-777 reyestr nömrəli, xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İlkin olaraq, müəyyən olunur ki, mülki iş materiallarına əlavə olunmuş xx.xx.1997-ci il tarixli “Torpağın mülkiyyətə verilməsi”nə dair JN-128 saylı, 30802018 kod nömrəli şəhadətnaməyə əsasən, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 11 nömrəli qərarı ilə verilmiş Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 3.22 ha torpaq sahəsi həmin kəndin sakinləri X6, İddiaçı4 Babayar qızının, X4 və İddiaçı2 mülkiyyətinə verilmiş və bu barədə 139 nömrə ilə qeydiyyat aparılmışdır. İddiaçılar hazırda, həmin akt əsasında onlara verilmiş torpaq sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1. maddəsinə əsasən, mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.5. müqavilələr azadlığı. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş xx.xx.2002-ci il tarixli alqı-satqı müqaviləsinin tərəfləri satıcılar İddiaçı3, İddiaçı4, X8, İddiaçı2 ilə alıcı Cavabdeh1 çıxış etməklə, həmin müqavilə Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu R.K.Hümmətov tərəfindən 3M-777 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmişdir. Mülki Məcəllənin: 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. İddia tələbinin mahiyyətindən göründüyü kimi, iddiaçılar müqavilə tərəfləri kimi mübahisələndirdikləri müqavilədə onların adının qeyd edilməsinə baxmayaraq, sözügedən müqavilənin onlar tərəfindən imzalanmadığını iddia edərək müqavilənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusuna əsasən Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim olunmuş mübahisəli alqı-satqı müqaviləsinin əsli tədqiq edilən zaman müəyyən olunmuşdur ki, müqavilədə satıcı qismində İddiaçı3, X4, İddiaçı2 və İddiaçı4 adı qeyd olunsa da müqavilənin sonunda imza hissəsində satıcı qismində tərəflərin adları qeyd edilməməklə yalnız bir imza ilə təsdiq olunmuşdur. Bu səbəbdən də, mülki işin mahiyyətini həll edəcək, müqavilənin satıcılardan kim tərəfindən imza edilməklə icra edilməsinin müəyyən olunması xüsusi bilik tələb etdiyinə görə mülki iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/463 saylı rəyinə əsasən, xx.xx.2002-ci il tarixli torpaq alqı-satqı müqaviləsində “İmzalar-satıcı(lar)” qrafasındakı imzanın iddiaçılar və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Beləliklə də, etibarsız hesab edilməklə həmin müqavilə əsasında cavabdehə verilmiş çıxarışın ləğvi tələb olunan müqavilənin iddiaçılar tərəfindən imza edilməsini müəyyən etmək xüsusi bilik tələb etdiyindən mümkün olmamışdır. Bu səbəbdən də, məhkəmə Məhkəmə Ekspertiza Mərkəzinin rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib əsas sübut növü kimi nəzərə alır. Mülki Məcəllənin: 337.1. maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, qanunvericilikdə müqavilələrin mübahisələndirilməsi hüququ müddətlə məhdudlaşdırılmışdır. Mülki Məcəllənin 354.2-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirə bilər. Qanunun mənasına görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Qanunvericiliyin və Plenum Qərarındakı hüquqi mövqedən çıxış edərək məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırki mülki iş üzrə iddiaçılar etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsinin onların iradə ifadələrinin zədələnməsi ilə bağlandığını iddia etsələr də məhkəmə mülki mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçılar onlara məxsus olduqlarını iddia etdikləri torpaq sahəsinə dair xx.xx.2002-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanmasını, sözügedən torpaq sahəsinin başqa şəxsin adına özgəninkiləşdirilməsini 2017-ci ildə onlar bəlli olduqlarını məhkəmə iclasında bildirmiş, lakin iddia ərizəsində alqı-satqı müqaviləsinin surətinin xx.xx.2020-ci il tarixdə onlara təqdim edildiyini, xx.xx.2020-ci il tarixdə isə müqavilənin surətini almalarına dair ziddiyyətli izahatlar vermişlər. Lakin bununla belə, hazırki müddətə qədər əqdi mübahisələndirməklə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmə səbəblərini əsaslandıra bilməmişlər, “maddi vəziyyətin olmaması ilə” əlaqələndirmişlər. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...». Həmçinin, məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu, şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Hazırki mülki iş üzrə keçirilmiş məhkəmə iclasında iddiaçılar torpaq sahəsinin onlara məxsus olub-olmamasına dair mübahisənin 2017-ci ildə bəlli olduğunu bildirmişlər. Beləliklə də, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı bəlli olan halın 2017-ci ildə onlara məlum olmaqla onu bir il ərzində mübahisələndirmək hüquqları yaranmış, lakin əqdi göstərilən müddət ərzində mübahisələndirmədiklərindən qeyd olunan hüquqlarını itirmiş və xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməklə müddəti ötürmüşlər. İddiaçıların etibarsız hesab edilməsini xahiş etdiyi alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş olsa belə, iddiaçılar tərəfindən məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddət ötürülmüşdür. Ona görə də məhkəmə kəsici müddəti tətbiq etməklə iddiaçılar tərəfindən müddətin ötürülməsi səbəbindən iddia ərizəsinin əsaslı olmadığından təmin edilməməsi qənaətinə gəlir. Məhkəmə həmçinin, qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, mübahisələndirilən torpaq sahəsi hazırda, X2 mülkiyyətində olmaqla, sonuncuya bu barədə Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.5831 ha torpaq sahəsinə dair ********** qeydiyyat nömrəsi, **********75 reyestr nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli, Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 0.640233 ha torpaq sahəsinə dair isə ********** qeydiyyat nömrəsi, **********74 reyestr nömrəsi ilə qeydiyyata alınmış xx.xx.2021-ci il tarixli çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, X3 alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından o, vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları, Konstitusiya Məhkəməsinin Plenum Qərarını məcmu halında qiymətləndirib və qanunun tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçılar İddiaçı3, Nəhmətova (Əliyeva) Tünzalə Qalim qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair iddia ərizəsi müddət ötürülməklə məhkəməyə təqdim edildiyindən əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği və ekspertiza tədqiqatının dəyəri iddiaçıların özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçılar İddiaçı3, Nəhmətova (Əliyeva) Tünzalə Qalim qızının və İddiaçı2 cavabdehlər Cavabdeh1, Abşeron rayon 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-76/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-76/2023
08.05.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver