Məhkəmə qərarları › İş №2(012)-919/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-919/2023

02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-919/2023 02.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhərində xx.xx.2022-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, dəqiqləşdirməyə dair ərizə ilə məhkəməyə müraciət edərək, anası xx.xx.1967-ci il təvəllüdlü X2 Abşeron rayonu Xırdalan şəhərində xx.xx.2022-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum xx.xx.1967-ci il təvəllüdlü X3 onun anasıdır. X1 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq yaşayış massivində kirayə yaşadığı evdə vəfat etmiş və İmişli rayonu, Qaradonlu kəndində qəbiristanlıqda dəfn edilmişdir. Anasının ölümü ilə bağlı Abşeron rayon Prokurorluğunda da araşdırma aparılmış və cinayət hadisəsi olmadığı aşkar edilmişdir. O, anasının ölümünün qeydə alınması üçün Maraqlı şəxsnə müraciət etsə də, Qeydiyyat şöbəsi tərəfindən ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə imtina verilmişdir. O, ölüm haqqında tibbi şəhadətnamə verilməsi üçün Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət etmiş, lakin anasının ölüm səbəbi məlum olmadığına görə həmin şəhadətnamənin verilməsi mümkün olmamışdır. Anasının ölüm haqqında şəhadətnaməsi ona ölümə görə verilən müavinətin alınmasına və iş yerində sənədləşmə işlərində lazımdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də ərizənin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mərhum anası evdə tək olan zaman səhər saatlarında vəfat etmişdir. O, həmin gün işə getmişdir. Anasının isə həmin gün iş günü deyildi. Saat 09-10 radələrində ona mənzilin sahibi zəng edərək anasının öldüyünü bildirmişdir. Onlar kirayədə yaşamış, mənzilin sahibinin qızı isə salonda işləyirdi və anası saçını düzəltdirmək istəyirdi. Salonda işləyən xanım anasının gəlmədiyini bildirmiş, evə zəng edən zaman telefonu götürən olmamış, mənzilin sahibi bundan narahat olub evə daxil olan zaman mərhumun yıxılı vəziyyətdə öldüyünü görmüşdür. Anası bir dəfə də gizlin infarkt keçirmişdir. Anası bədbəxt hadisə nəticəsində vəfat etməmiş, təbii ölüm olmuşdur. Mаrаqlı şəхs Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn Qеydiyyаt Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: 62.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən, işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, mərhumun vəfat etməsi tarixini tam dəqiq xatırlamır, lakin 2022-ci ildə vəfat etdiyini bilir. Mərhum onun yoldaşına saç boyası gətirməyi demiş, səhər saatlarında yoldaşı mərhuma mesaj yazaraq saç boyası gətirdiyini bildirmişdir. O, həm də mərhumla qonşu olmaqla, mənzilin sahibinin kürəkənidir. Yoldaşı mesaj yazmış, mesaj çatsa da oxunmamışdır. Yoldaşı evə gedəndə mərhumun qapı ağzında yıxıldığını görmüş və dərhal onu çağırmışdır. Mərhumun boğazının şah damarına toxunmuş və dərhal keçindiyini hiss etmişdir. Təcili tibbi yardıma zəng etmiş, tibb işçiləri isə 102 polis xidmətinə zəng etməyi tövsiyyə etmişlər. Polis əməkdaşları gəlmiş, baxış keçirmişlər. Səhv etmirsə, İmişli rayonunda yas mərasimi olmuşdur. Bədbəxt hadisə nəticəsində olmamışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 307.2.8. maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivindəki nömrəsiz evdə yaşamış xx.xx.1967-ci il təvəllüdlü X2 ölümündə hər hansı kənar şəxsin təsiri və ya təqsiri olmamış, sonuncu yüksək təzyiqdən və ürək ağrılarından əziyyət çəkmiş və ölümü təbii olaraq baş vermişdir. Ona görə də X2 ölümü ilə bağlı toplanmış 355C-22 nömrəli yoxlama materialının araşdırması zamanı cinayət hadisəsinin olması müəyyən olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. -Abşeron rayon Qеydiyyаt şöbəsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q- 2481/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkan xaricində olduğu bildirilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur -İcbari Tibbi Sığorta üzrə X6 Ərazi Bölmələrini İdarəetmə X8 Şəxs Abşeron Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli PHŞ/6.20-2-2022-907 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3. bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. N.Səfərovanın ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” verilmir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X3 ərizəçinin anası olmuş, sonuncu xx.xx.2022-ci il tarixdə ev şəraitində halı pisləşdiyindən vəfat etmiş və X2 vəfat etməsi faktı ərizəçinin izahatı, şahid ifadəsi, həmçinin, məhkəməyə təqdim edilmiş sənədlər ilə də təsdiq olunur. Göründüyü kimi, şahid məhkəməyə verdiyi ifadəsində X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsini təsdiq etmişdir. X2 yüksək təzyiqdən və ürək ağrılarından əziyyət çəkməsi və nəticə olaraq, təbii ölüm faktı Abşeron rayon Prokurorluğunun xx.xx.2022-ci il tarixli qərarı ilə də öz təsdiqini tapmışdır. Hazırda isə müvafiq həkim arayışı olmadığına görə, ərizəçi anasının ölümü haqqında şəhadətnaməsini ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən də ərizəçinin X1 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, şahid ifadəsini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadəsi işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1967-ci il tarixdə İmişli rayonu Qaradonlu kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il tarixdə İmişli rayonu Qaradonlu kəndində anadan olmuş X2 xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən vəfat etmə faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar