Məhkəmə qərarları › İş №2(012)-930/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-930/2022

12.05.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-930/2022 12.05.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «kredit müqaviləsinə xitam verilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 22.07.2016-cı il tarixli kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı 2015-ci ildə Cavabdeh ilə “DAF” markalı avtobusun nisyə şəkildə alqı-satqısı barədə razılığa gəlmişlər. Həmin vaxt avtobusun real bazar qiyməti 15000 manata yaxın olmuşdur. Lakin cavabdeh hissəhissə, yəni nisyə şəkildə avtobusun satılmasına razılıq verdiyi üçün iddiaçı həmin avtobusu real dəyərindən baha almağa razılıq vermişdir. Həmin avtomobil 1 ABŞ dollarının məzənnəsinin 0,78 manat olduğu dövrdə tərəflər 35000 ABŞ dollarına alqı-satqıya razılaşmışlar. Razılığa gəldikləri gün də iddiaçı 11500 ABŞ dollarını cavabdehə ödəmişdir. 06.04.2016-cı il tarixində 1000 manat, 25.05.2016-cı il tarixində 1400 manat, 2016-cı ilin iyun ayında 1200 manat, iyul ayında 1000 manat, avqust ayında 1000 manat, sentyabr ayında 1000 manat, 20.10.2016-cı il tarixində 1000 manat, 30.12.2016-cı il tarixində 500 manat, 10.03.2013-cü il tarixində 1000 manat, 26.07.2017-ci il tarixində 1000 manat, 24.017.2018-ci ildə 3000 manat, 2018-ci ilin aprel ayında 1400 manat, 30.12.2018-ci il tarixində 200 manat, 31.01.2019-cu il tarixində 200 manat, 03.03.2019-cu il tarixində 200 manat ödəməklə, cavabdeh qarşısında olan öhdəliyini tam şəkildə icra etmişdir. Avtomobil iddiaçıya satılarkən heç bir hüquqmüəyyənedici sənədləri olmadığı üçün avtomobilin sənədləşmə işlərinə iddiaçının 5300 manat məbləğində xərci çıxmışdır. Həmçinin avtomobil təhvil verilərkən uzun müddət istifadə olunmadığı üçün avtobusun daxili tamamilə yararsız vəziyyətdə olmuşdur. Ona görə avtomobili təmir etdirmək üçün iddiaçının 9500 manat məbləğində xərci çıxmışdır. Buna görə də iddiaçı məcbur olub bankdan kredit də götürmüşdür. İddiaçı bu avtobus alınandan sonra avtobusun dəyərinin xeyli hissəsini ödəməyinə baxmayaraq, cavabdeh iddiaçını notariat kontoruna aparmış, həmin notariat kontorunda 22.07.2016-cı il tarixində kredit müqaviləsi bağlamış və həmin kredit müqaviləsində guya iddaçının cavabdehə 24000 manat məbləğində borcu olduğunu göstərmişdir. İddiaçı müqavilədə 24000 manat yazılmasının səbəbini soruşduqda, cavabdeh bunu yalnız rəsmiyyət üçün edildiyini, heç bir problem olmayacağını bildirmişdir. İddiaçı da cavabdehə inanaraq mübahisə etməmişdir. Lakin işin sonrakı halları göstərmişdir ki, cavabdeh etibardan sui-istifadə edərək iddiaçını aldatmışdır. İddiaçının cavabdeh qarşısında heç bir borc öhdəliyi olmadığı halda, cavabdeh 24000 manat pul tələb edir. Avtomobilin dəyərinin iddiaçı tərəfindən ödənilməsini sübut edən şahidlər də vardır. Belə ki, iddiaçı, X1 və X2 yanında bir neçə dəfə cavabdehə pul ödəmişdir. AR MM-nin 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. AR MMnin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyirinə lazımınca icrası nəticəsində xitam verilir. Qeyd olunanlara əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 məhkəmədə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, tərəflər arasında uzunmüddətli dostluq münasibətləri olmuş və cavabdeh İddiaçı 24000 manat məbləğində borc pul vermişdir. Pulun verilməsi tərəflər arasında notarial qaydada bağlanana borc müqaviləsi ilə təsdiqlənmişdir. İddiaçı borcu ödəməkdən yayındığı üçün, notarius tərəfindən icra qeyd verilmişdir. Əgər belə bir müqavilə olmamışdırsa, iddiaçı icra qeydinin verildiyi müddətdən 20 gün ərzində onun ləğv edilməsi üçün müraciət etməli idi. Lakin iddiaçı nəinki icra qeydinin ləğvini tələb etməmiş, hətta iş icrada olan zaman borcu hissə-hissə ödəyəcəyinə dair ərizə də yazmışdır. Hazırda iddia tələbi müqavilənin ləğvi olaraq qoyulsa da, iddiaçının vəkilinin çıxışında sadaladığı hüquqi əsaslar əqdin etibarsızlığına aiddir. Eyni zamanda, tərələrin arasında maşın alqı-satqısı barədə sövdələmə olması isə tamamilə cəfəngiyyatdır. Belə ki, iddiaçı 2019-cu il tarixdə məhkəməyə icra qeydinin ləğv edilməsi və müqavilənin ləğvi tələbinə dair iddia ərizəsi ilə müraciət edən zaman, maşın alqı-satqısı ilə bağlı iddia ərizəsində heç bir şey qeyd etməmiş və mülki iş baxılmamış saxlanmışdır. Əlavə olaraq onu qeyd etmək istəyir ki, iddiaçı tərəfin şahidlərinin dediklərinin həqiqiliyin sübut etmək mümkün deyildir və bu səbəbdən də şahid ifadələrinin alınması işin uzadılmasına xidmət edir. İddia tələbi tamamilə əsassızdır və hazırki iddia ilə məhkəməyə müraciət edilməsinin səbəbi icra işi üzrə məcburi icra hərəkətlərinin dayandırılmasıdır. Odur ki, o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan 22.07.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh 24000 manat məbləğində pulu İddiaçı verməyi, İddiaçı isə həmin məbləği 22.01.2019-cu il tarixədək 30 ay müddətinə hər ay 800 manat olmaqla, Cavabdeh qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı Şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş 28.06.2019-cu il tarixli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 24000 manat pulun tutulması qərar alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, 22.07.2016-cı il tarixli kredit müqaviləsindən göründüyü kimi Cavabdeh 24000 manat məbləğində pulu İddiaçı verməyi, İddiaçı isə həmin məbləği 22.01.2019-cu il tarixədək 30 ay müddətinə hər ay 800 manat olmaqla, Cavabdeh qaytarmağı öz öhdəsinə götürmüşdür. Bakı Şəhəri 45 saylı Notariat Ofisi tərəfindən verilmiş 28.06.2019-cu il tarixli icra qeydindən görünür ki, Cavabdeh xeyrinə İddiaçı müddət üçün vaxtında ödənilməmiş 24000 manat pulun tutulması qərar alınmışdır. Hazırda iddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasında 22.07.2016-cı il tarixli kredit müqaviləsi üzrə borcun tam ödənildiyini göstərmiş, 22.07.2016-cı il tarixli kredit müqaviləsinə xitam verilməsini xahiş etmiş,lakin iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad olunan halları təstiq edən izahatdan başqa hər hansı bir mötəbər sübut təqdim ediulməmiş,halbuki həmin sübutları AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə iddiaçı tərəf məhkəməyə təqdim etmək vəzifəsi daşımışdır.İddiaçının iddia ərizəsində göstərdikləri və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatı digər sübutlarla təstiq olunmadığına görə məhkəmə iddia ərizəsində göstərilənlərə və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşmışdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən, bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyıl, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı onunla Cavabdeh arasında bağlanmış 22.07.2016-cı il tarixli kredit müqaviləsinin icrası ilə əlaqədar həmin kredit müqaviləsinə xitam verilməsi və Cavabdeh qarşısında heç bir öhdəliyinin olmaması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar