Məhkəmə qərarları › İş №2(012)-952/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-952/2023

11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-952/2023 11.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin qaytarılması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmlakın və ya onun dəyərinin qaytarılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan 3 ədəd x 350 manat = 1050 manatlıq Play Station oyun kompüterilərini və onların köməkçi hissələri (20 ədəd x 22 manat = 440 manat oyun pultu, 10 ədəd x 6 manat 50 qəpik = 65 manat xüsusi kabel), ümumi dəyəri 1555 olan əmlakını, günlük kirayə haqqı hər gün üçün 10 manat x 210 gün=2100 manatın, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 44 manat pulun, ümumilikdə 3699 manat pulun alınaraq ona verilməsi və ya əmlakının, günlük kirayə 10 manat x 210 gün = 2100 manatın, habelə ödənilmiş dövlət rüsumunun əvəzinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2020-ci ildə özünə məxsus olan 3 ədəd Play Station oyun kompüterlərini və onların köməkçi hissələrini (20 ədəd oyun pultu, 10 ədəd xüsusi kabel) ümumi qiyməti 1490 manat dəyərində razılaşaraq günlük kirayəyə vermişdir. Lakin Cavabdeh əmlakını ona qaytarmır. Dəfələrlə telefon əlaqəsi saxlayıb əmlakını tələb etsə də, nəticəsi olmamışdır. Son vaxtlar telefonuna zəng çatmır. Beləliklə cavabdeh ondan kirayə götürdüyü əmlakla birlikdə günlük kirayə haqqını verməyib, əmlakının dəyəri 1555 manatı və günlük hesablanmaqa əldən çımış gəlir kimi 2100 manatı ona ödəməlidir. Bu barədə Quba rayon Polis Şöbəsinə müraciət etmişdir, lakin ona bildirilib ki, bu iş mülki xarakterli olduğundan məhkəməyə müraciət etsin. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul etdi və iddiaçıya cəmi 750 manat pul qaytaracağını bildirdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında oyun kompyuterlərinin icarəyə verilməsi ilə bağlı münasibətlər əmələ gəlmişdir. İddiaçı iddia edir ki, cavabdehə birinin dəyəri 350 manat olan 3 ədəd kompyuteri, habelə onların 505 manatlıq köməkçi hissələrini günlük 10 manata icarəyə (kirayəyə) vermiş, lakin 7 ay (210 gün) keçməsinə baxmayaraq, cavabdeh ona nə icarə (kirayə) haqqı ödəmiş, nə də əmlaklarını qaytarmışdır. Bunun nəticəsində isə ona ümumilikdə 3655 manat zərər dəymişdir və bu zərərin əvəzini cavabdeh ona ödəməlidir. İş materiallarında iddiaçının istinad etdiyi halı təsdiq edən hər hansı yazılı sübut mövcud deyildir. Bununla belə, cavabdeh məhkəmə iclasında iddiaçıya cəmi 750 manat vəsaiti ödəməyə hazır olduğunu bildirmişdir. MPM-nin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, işdə olan mötəbər sənədlərlə və Cavabdeh iddianın qismən etirafına dair ərizəsi ilə onun mübahisəli əmlaklara görə əsassız olaraq 750 manat varlanması öz təsdiqini tapır. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğ Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Əldən çıxmış fayda kimi 2100 manat pulun tutulması barədə tələbə gəldikdə isə məhkəmə hesab edir ki, İddiaçı bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir və iddia bu hissədə təmin edilə bilməz. İş materiallarında iddiaçının 1 gün ərzində 10 manat gəlir əldə etməsini, buna görə də 7 ay ərzində 2100 manat faydadan məhrum olmasını təsdiq edən mötəbər sübutlar mövcud deyildir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh maddi ziyana görə 750 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 44 manat pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 750 manat və ödənilmiş dövlət rüsumu üçün 44 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar