Məhkəmə qərarları › İş №2(012)-974/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-974/2021

10.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələ
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-974/2021 10.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh «xxxx»- (Tağıyev Şirkəti) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə xx xxxx 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx»na (Tağıyev Şirkəti) qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1200 manat məbləğində dəymiş maddi ziyan, 1000 manat məbləğində kompensasiya, ödənilmiş dövlət rüsumu üçün 30 manat məbləğində vəsaitin, ümumilikdə 2230 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində iddiaçı “xxxx” şirkətinə zəng etmiş, həmin gün ölçülər götürmək məqsədi ilə usta ilə birlikdə şirkət meneceri qismində Əbilov Elşad adlı şəxs mənzilə gəlmiş və iddiaçı 2 ədəd qapı sifariş etdikdən sonra ona 1200 manat nağd ödəniş etmişdir. İddiaçıya qapıların 25 gün müddətində qüsursuz və yüksək səviyyədə təhvil veriləcəyi vədi verilsə də, müəyyən problemlər olduğuna görə həmin qapıların mənzilə 35 gün müddətinə təhvil veriləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixində qapılar bir neçə taxta hissələri formasında mənzilə gətirilmişdir. Qapılara aid hissələr mənzilə qaldırıldıqdan sonra qüsurların olduğu müəyyən edilmiş, bu barədə menecerlə əlaqə saxlanılsa da, işə laqeyd yanaşılmışdır. Usta həmin qapıların hissələrini montaj etməyə cəhd etsə də, qapı üzərində olan mövcud qüsurlardan əlavə olaraq, hissələri quraşdırdığı zaman qapı və çərçivələrə öz səhlənkarlığından dolayı ciddi ziyanlar vuraraq daha da yararsız vəziyyətə salmışdır. Yenidən bu barədə şirkətlə əlaqə saxlanılsa da, menecer bunu etiraf etmiş, həmin materialları yenidən sexə qaytarmağı iddiaçıya məsləhət görmüşdür. Materiallar alındıqdan sonra dəfələrlə cavabdehə işlərin görülməsi ilə bağlı iddiaçı müraciət etsə də, işinə laqeyd yanaşılmışdır. Nəticə etibarı ilə iddiaçı uzun mübahisələr, maddi-mənəvi ziyanlardan sonra çıxış yolu kimi bazarda mövcud olan digər sexlərin birindən əlavə xərc çəkərək mənzilini hazır qapılarla təmin etmək məcburiyyətində qalmışdır. İddiaçı məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə yazılı şəkildə və qaynar xəttinə, sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və X1 Dövlət Xidmətinə onlayn, daha sonra qaynar xəttinə müraciət etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirdi ki, ofisə 5-6 dəfə getsə də, müdriyyətlə əlaqə saxlasa da, müraciəti nəticəsiz qalmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, qapıların fotodakı qapılara aid olması barədə rəsmi sənəd yoxdur və ekspertiza təyin edilməlidir. Qapının gec gəlməsi və nasaz olması doğru deyil, çünki ilkin olaraq beh alınır, depozit qoyulur, ödəniş tam olunmur. Qüsur aradan qaldırıldıqdan sonra əlaqə saxlamışlar. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrinə əsasən öhdəliyin icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti başa çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada icra etmədiyindən iddiaçı tərəfindən ödənmiş olan 1200 manat məbləğində pul ondan alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin 1000 manat kompensasiya hissəsinə hüquqi qiymət verərək qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin tərəflər arasında olan öhdəliyi lazımı qaydada icra etməmişdir, iddiaçı bundan əsəb, stress keçirdiyini və bu səbəbdən cavabdehdən 1000 manat kompensasiya tələb edir. Məhkəmə hesab edir ki, öhdəliyin iddiaçı tərəfindən tam icra edilməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımi qaydada icra edilməməsinə görə iddiacının əsasb, stress keçirməsi halı qaçılmazdır. Bununla belə məhkəmə iddia olunan məbləğdə deyil zərər məbləğinin 200 manat məbləğində müəyyən edilməsi ağlabatan və ədalətli hesab edir.Ona görə də, məhkəmə hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, mənəvi zərərə görə 200 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, ödənilmiş dövlət rüsumu üçün 30 manatın 20 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin edilməli, «xxxx»-Tağıyev Şirkətindən maddi ziyan üçün 1200 manat və mənəvi zərər üçün 200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu üçün 20 manat pul, cəmi 1420 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx»-Tağıyev Şirkətindən maddi ziyan üçün 1200 manat və mənəvi zərər üçün 200 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu üçün 20 manat pul, cəmi 1420 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar