Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-108/2024 04.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı pul və əmlak tələbi barədə mülki işə 04 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr fərdi yaşayış evinin qorunmasına, yaxşılaşdırılmasına və artırılmasına çəkdiyi xərclərin yarısının, yəni 6881,5 manat, sözügedən evdə olan bir ədəd «LG» markalı kondisionerin, bir ədəd «LG» markalı paltaryuyan maşınının, iki ədəd «Samsung» markalı soyuducunun, divan-kreslo dəstinin, bir ədəd «LG» markalı televizorun, bir ədəd internet modeminin, yataq dəstinin (beşli dəst), mebelin, şkafın, bir ədəd elektrik sobasının və bir ədəd elektrik ətçəkən maşının, ödənilmiş dövlət rüsumu əvəzində 135 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, anası X2 xx.xx.2010-cu ildə, atası X4 xx.xx.2001-ci ildə vəfat etmişlər. Atasından Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi üç otaqlı 99,1 kv.metr yaşayış evi miras qalmışdır. Qardaşı Sadiq 1992-ci ildə Ukraynaya getmiş və birinci dəfə 2013-cü ildə Azərbaycana qayıtmışdır. Sadiq yenidən Ukrayna Respublikasına qayıtmış və orada müharibə başladıqdan sonra 2022-ci ildə kəndə qayıtmışdır. Valideynlərinin dəfn və yas mərasiminin, baş daşı düzəldilməsi xərclərini özü çəkmişdir. Məhkəmə qətnaməsi ilə miras əmlakdakı payları müəyyən edilmişdir. 2013-2019-cu illərdə atası evində təmir işləri görərək 13763 manat xərc çəkmişdir. Evin dam örtüyünü dəyişdirmiş. Eyvana beton döşəmə, metlax, pilləkana metlax vurdurmuş, hörgü, suvaq işləri aparmışdır. Həyətə asfalt və tamet vurdurmuşdur. Həyətdə köməkçi tikili inşa etdirmişdir. Binanın sol arxa tərəfini suvaql vurdurmuş, həyətə yeni su xətti çəkdirmiş, evin iç döşəməsini təmir etdirmiş və rənglətdirmiş, həyətdə talvarı və giriş darvazasını rənglətdirmiş, həyətdə yeni bağ salmış, evə bitişik sanuzel tikdirmişdir. Bütün bu işləri qardaşlarının razılığı ilə həyata keçirmişdir. Bundan başqa evə özünə məxsus bir ədəd «LG» markalı kondisioner, bir ədəd «LG» markalı paltaryuyan maşını, iki ədəd «Samsung» markalı soyuducu, divan-kreslo dəstini, bir ədəd «LG» markalı televizoru, bir ədəd internet modemini, yataq dəsti (beşli dəst), mebeli, şkafı, bir ədəd elektrik sobasını və bir ədəd elektrik ətçəkən maşını qoymuşdur. Qardaşı Sadiq kəndə qayıtdıqdan sonra ona evə rahat gəlib-getməyə imkan verməmişdir. Bu səbəbdən Sadiqə qarşı iddia qaldırmışdır. Əmlakın yaxşılaşdırılması üçün xeyli vəsait xərclədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, işləmək üçün 1992-ci ildə Ukrayna Respublikasına getmiş, lakin hazırki vaxta qədər 5-6 dəfə Mahrızlı kəndinə ata evinə gəlib-getmişdir. Başlamış müharibə ilə əlaqədar 2022-ci ildə kəndə qayıtmışdır. Ata-anasının dəfn və yas mərasiminə gəlməmişdir. Qardaşı Namiq atası evində olan əşyaları götürmüşdür. Namiq Bakı şəhərindəki evinə yeni əşyalar almış, orada olan işlənmiş bir ədəd «LG» markalı kondisioner, bir ədəd «LG» markalı paltaryuyan maşını, iki ədəd «Samsung» markalı soyuducu, divan-kreslo dəstini, bir ədəd «LG» markalı televizoru, bir ədəd internet modemini, yataq dəsti (beşli dəst), mebeli, şkafı, bir ədəd elektrik sobasını və bir ədəd elektrik ətçəkən maşını atasından qalmış evə gətirmiş və hazırda həmin əşyalar onun yaşadığı sözügedən evdədir. Namiq onun icazəsi və razılığı olmadan ata evində və həyətində təmir işləri aparmışdır. Namiq iddia ərizəsində göstərdiyi təmir-tikinti işlərinin hər birini həyata keçirmiş və bu işləri özünün və ailəsinin rahatlığı üçün gördürmüşdür. Namiqin onun xəbəri olmadan təmir işləri gördüyünü qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)-1485/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək X1 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.metr yaşayış evi İddiaçı və Cavabdeh arasında bölünərək İddiaçı miras əmlaka çəkdiyi xərclər nəzərə alınmaqla 2/3 (üçdə iki) hissə, Cavabdeh 1/3 (üçdə bir) hissə payı olması müəyyən edilmiş, İddiaçı iddiasının qalan - X1 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndi ərazisində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 99,1 kv.metr yaşayış evindəki payların naturada ayrılması tələbinə dair hissəsi rədd edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2180/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti qismən təmin edilərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(013)- 1485/2023 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək X1 miras qalmış Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr olan fərdi yaşayış evi üzərində İddiaçı və Cavabdeh hər birinin ½ (ikidə bir) hissədə payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-2180/2023 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırki işin hallarına görə miras qoyanın ölümündən sonra iddiaçı tərəfindən miras qalmış əmlakın yaxşılaşdırılması ilə bağlı xərclər çəkilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır ki, bununla da iddiaçı dolayısı ilə öz birgə mülkiyyətidə olan əmlakı yaxşılaşdırmış hesab olunur. Belə olduğu tədirdə isə iddiaçı cavabdehə düşən pay hissəsində əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik ola bilər. ünvan 2 ünvanda yerləşən «Buta» Qiymətləndirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli 260 saylı qiymətləndirmə aktından görünür ki, Ağdam rayonunun Mahrızlı kəndində 0,12 ha torpaq sahəsi üzərində yerləşən 99,1 kv.metrdən ibarət fərdi yaşayış evinin təmirinə çəkilmiş xərcin xx.xx.2023-cü il tarixə bazar dəyəri 13763 manat müəyyən edilir. Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Mahrızlı kəndində 0,12 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 99,1 kv.metr olan yaşayış evi tam olaraq X3 mülkiyyətindədir. Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/929 saylı rəyindən görünür ki, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən mübahisəli fərdi yaşayış evində aparılmış təmir-tikinti və yenidənqurma işlərinin təqribi dəyəri bazara qiymətlərinə uyğun olaraq 12861 manat məbləğində müəyyən olunur. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/854 saylı rəyindən görünür ki, bir ədəd «LG» markalı daxili mühərrikli split kondisionerin qiyməti 150 manat, bir ədəd «Sharp» markalı boz rəngli paltaryuyan 250 manat, bir ədəd «Birusa» markalı ağ rəngli iki qapılı soyuducu 300 manat, bir ədəd «Samsung» markalı ağ rəngli iki qapılı soyuducu 300 manat, bir ədəd krem rəngli parça materialından divan və iki ədəd kreslo dəsti 300 manat, bir ədəd «LG» markalı boz rəngli trupka tipli televizor 80 manat, bir ədəd internet modemi 25 manat, iki ədəd taxta materialdan olan təknəfərlik çarpayı 100 manat, üç ədəd dəmir materialdan setka çarpayı 120 manat, bir ədəd eni təxminən 1,50 metr olan qəhvəyi rəngli şkaf 80 manat, bir ədəd Türkiyə istehsalı qırmızı rəngli elektrik sobası 50 manat, bir ədəd ətçəkən maşın 40 manat təşkil edir. Həmin əmlakların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ümumi dəyəri təxminən 1795 manat müəyyən edilir (bir ədəd «LG» markalı daxili mühərrikli split kondisioner qiyməti 150 manat, bir ədəd «Sharp» markalı boz rəngli paltaryuyan 250 manat, bir ədəd «Birusa» markalı ağ rəngli iki qapılı soyuducu 300 manat, bir ədəd «Samsung» markalı ağ rəngli iki qapılı soyuducu 300 manat, bir ədəd krem rəngli parça materialından divan və iki ədəd kreslo dəsti 300 manat, bir ədəd «LG» markalı boz rəngli trupka tipli televizor 80 manat, bir ədəd internet modemi 25 manat, iki ədəd taxta materialdan olan təknəfərlik çarpayı 100 manat, üç ədəd dəmir materialdan setka çarpayı 120 manat, bir ədəd eni təxminən 1,50 metr olan qəhvəyi rəngli şkaf 80 manat, bir ədəd Türkiyə istehsalı qırmızı rəngli elektrik sobası 50 manat, bir ədəd ətçəkən maşın 40 manat). Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin məhkəmə baxışında məlum olmuşdur ki, Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr fərdi yaşayış evinin qorunmasına, yaxşılaşdırılmasına və artırılmasına vərəsə İddiaçı tərəfindən 12861 manat xərc çəkilmişdir. Belə olan halda İddiaçı əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini digər vərəsə Cavabdeh tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.6-cı maddəsində göstərilmişdir ki, istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə ki, mülki işin məhkəmə baxışında məlum olduğu kimi iddiaçı atasından miras qalmış evdə yaşayarkən hazırki qiyməti 150 manat olan bir ədəd «LG» markalı kondisioner, qiyməti 250 manat bir ədəd «LG» markalı paltaryuyan maşın, qiyməti 300 manat bir ədəd «Samsung» markalı soyuducu, 300 manat divan-kreslo dəsti, 80 manat bir ədəd «LG» markalı televizor, 25 manat bir ədəd internet modemi, 100 manat iki ədəd taxta materialdan olan təknəfərlik çarpayı, 120 manat üç ədəd dəmir materialdan setka çarpayıdan ibarət yataq dəsti, 80 manat bir ədəd eni təxminən 1,50 metr olan qəhvəyi rəngli şkaf, 50 manat bir ədəd Türkiyə istehsalı qırmızı rəngli elektrik sobası, 40 manat olan bir ədəd ətçəkən maşın alaraq sözügedən yaşayış sahəsində saxlamışdır. Həmin əmlaklar alındığı vaxt cavabdeh özünün etiraf etdiyi kimi Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşamış və sonradan Ağdam rayonunun Mahrızlı kəndinə qayıtmışdır. Beləliklə yuxarıda qeyd olunan əmlaklar cavabdehin qanunsuz istifadəsində qalmışdır. Ona görə də iddiaçının mülkiyyətində olan həmin əmlakları, onlar olmadıqda isə dəyərini cavabdehdən tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı iki ədəd «Samsung» markalı soyuducunun mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin əmlakın yaxşılaşdırılması üçün çəkilmiş xərclər 12861 manat təşkil etdiyindən onun iddiasının əmlakın yaxşılaşdırılması üçün çəkilmiş xərclərə görə 451 manat və bir ədəd «Samsung» markalı soyuducu tələbinə dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 135 manat alınaraq İddiaçı verilməli, həmçinin aparılmış ekspertizaların dəyəri olan 150 manat Cavabdeh tutularaq dövlət mədaxilinə köçürülməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh Ağdam rayonunun Mahrızlı kəndində yerləşən 0,12 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində inşa edilmiş sahəsi 99,1 kv.metr fərdi yaşayış evinin qorunmasına, yaxşılaşdırılmasına və artırılmasına çəkilmiş 12861 manat xərcin yarısını təşkil edən 6430 (altı min dörd yüz otuz) manat 50 (əlli) qəpik, sözügedən evdə olan qiyməti 150 manat bir ədəd «LG» markalı kondisioner, qiyməti 250 manat bir ədəd «LG» markalı paltaryuyan maşın, qiyməti 300 manat bir ədəd «Samsung» markalı soyuducu, 300 manat divan-kreslo dəsti, 80 manat bir ədəd «LG» markalı televizor, 25 manat bir ədəd internet modemi, 100 manat iki ədəd taxta materialdan olan təknəfərlik çarpayı, 120 manat üç ədəd dəmir materialdan setka çarpayıdan ibarət yataq dəsti, 80 manat bir ədəd eni təxminən 1,50 metr olan qəhvəyi rəngli şkaf, 50 manat bir ədəd Türkiyə istehsalı qırmızı rəngli elektrik sobası, 40 manat olan bir ədəd ətçəkən maşın, həmin əmlaklar olmadıqda onların dəyəri və ödənilmiş dövlət rüsumu əvəzində 135 (yüz otuz beş) manat alınaraq İddiaçı Teman oğluna verilsin. İş üzrə ekspertiza xərcinə görə Cavabdeh 150 (yüz əlli) manat tutularaq dövlət büdcəsinə köçürülsün. İddiaçı Teman oğlunun Cavabdeh qarşı olan iddiasının qalan – əmlakı yaxşılaşdırmağa görə çəkilmiş xərclər üçün 451 manat və bir ədəd «Samsung» markalı soyuducu tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-108/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-108/2024
04.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver