Məhkəmə qərarları › İş №2(013)-1219/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1219/2024

18.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1219/2024 18.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, aralarında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, ərizəni müdafiə edərək, Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə mediyasiya prosesində iştirak edərək, həmin tarixdən onun ünvan 1 ünvana köçmə hüququnun təmin edilməsi ilə bağlı qarşılıqlı razılığa gəldiklərini, lakin Maraqlı şəxs barışıq sazişinin tələblərini pozaraq öhdəliyini yerinə yetirmədiyini, bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyətində qaldığını bildirərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında, Ərizəçi ünvan 1 ünvana köçmə hüququnun təmin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən razılığa gəldiklərini, onun tərəfindən hər-hansı bir maneə törədilmədiyi bilrdi və ərizənin qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan mediator X2 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 1-ci və 2-ci maddələrindən görünür ki, tərəflər aralarında Ərizəçi ünvan 1 ünvana köçmə hüququnun təmin edilməsi ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli, № 276 nömrəli görünür ki, Maraqlı şəxs ilə Əliyeva X1 şəhəri 594 nömrəli məcburi köçkün qəsəbəsində bina 2A, mənzil 27 müvəqqəti məskunlaşıblar. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra- Mənzil Məcəlləsi) 30.1-ci maddəsinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. «Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 17-ci maddəsinə əsasən, qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşayış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Yenə Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahəsinə aiddir. Mənzil Məcəlləsinin 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri - qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin könüllü icrası mümkün deyil. Çünki, Maraqlı şəxs həmin mənzilin mülkiyyətçisi deyil, həmin mənzil xüsusi təyinatlı mənzil fondunun məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinə aidir. Mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişi qanuna zidd bağlanmışdır. Çünki, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin, yəni Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mingəçevir şəhər Mənzil-Kommunal İstismar Sahəsinin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmışdır. Məhkəmə hesab edir ki, hazır ki iş üzrə tərəflər aralarında yaran mübahisə ilə bağlı ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olduğu üçün həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2022ci il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar