Məhkəmə qərarları › İş №2(013)-1582/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1582/2025

30.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1582/2025 30.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun 23 yanvar 2011ci il tarixdə Yevlax şəhərində ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, xx.xx.1929-cu il təvəllüdlü X3 onun atası olduğunu, atasının 23 yanvar 2011-ci ildə Yevlax şəhərində yaşadıqları evdə vəfat etdiyini və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn edildiyini, lakin mərhum atası vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Maraqlı şəxsnə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, X4 23 yanvar 2011-ci il tarixdə Yevlax şəhərində yaşadığı evdə vəfat etmişdir və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 izahatında göstərdi ki, X4 23 yanvar 2011-ci il tarixdə Yevlax şəhərində yaşadığı evdə vəfat etmişdir və Yevlax şəhəri Dəvəçi qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon VVAQ bürosu tərəfindən verilmiş A3 seriyalı, № ******* “X8”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1 mart 1962-ci il tarixdə doğulmuşdur. X1, anası isə X2r. Maraqlı şəxs tərəfindən Ərizəçi müraciətinə cavab olaraq, xx.xx.2025-ci il tarixdə verilmiş №842 arayışdan görünür ki, 23 yanvar 2011-ci il tarixdə Yevlax şəhərində vəfat etmiş X3 ölümü barədə, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Yevlax şəhər bölməsi tərəfindən Ərizəçi xx.xx.2025-ci il tarixdə verilmiş 244 nömrəli arayışdan görünür ki, X4 23 yanvar 2011-ci il tarixdə ünvan 1 ünvanda, yaşadığı evdə ailə üzvlərinin yanında vəfat etmişdir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarının 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X3 23 yanvar 2011-ci il tarixdə ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda məhkəmə qeyd edir ki, ərizəçi məcburi köçkün olduğu üçün məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 23 yanvar 2011-ci il tarixdə Yevlax şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar