Məhkəmə qərarları › İş №2(013)-1796/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1796/2024

21.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1796/2024 21.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək, mediyasiya prosesi nəticəsində bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞG/MT007/2024-00074 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, Maraqlı şəxs ilə qeyri rəsmi nikahla ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladlarının olduğunu, aralarında olan problemlər səbəbindən ailə münüsibətlərinin pozulduğunu, hazırda ayrı-ayrı ünvanlarda yaşadıqlarını, uşaqlarının onun himayəsində olduğunu, aralarında olan aliment mübahisəsini həll etmək üçün mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, X3 və X4 adlı övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 120 manat məbləgində alimentin onun xeyirinə tutulması barədə razılığa gəldiklərini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs məhkəməyə verdiyi izahatında ərizəni qəbul etdiyini, qeyri rəsmi nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladlarının olduğunu, uşaqların hazırda ananın himayəsində olduğunu və ananın himayəsində qalmasına etiraz etmədiyini, qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 120 manat olmaqla cəmi 240 manat məbləgində alimentin ondan tutularaq Ərizəçi xeyirinə ödənilməsi barədə qarşılıqlı razılığa gəldiklərini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bərdə regional “asan xidmət”mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İV seriyalı №375255 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 xx.xx.2019-cu ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Bərdə regional “asan xidmət”mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı №826451 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə doğulmuş, atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: X1 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞG/MT007/2024-00074 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf Maraqlı şəxs şərtlərini irəli sürmüş, lakin bununla tam razlaşmayan 2-ci tərəf etirazlarını bildirmiş, sazişin 2-ci maddəsindən göründüyü kimi, tərəflər xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 120 manat olmaqla ümumilikdə 240 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməli, xx.xx.2019cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün hər ay uşaga 120 manat olmaqla, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. Həmin barışıq sazişinin alimentlə bağlı bütün digər şərtləri təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 16 yanvar 2024-cü il tarixli, MŞG/MT007/2024-00074 nömrəli barışıq sazişinin bir hissəsi yəni, alimentin tutulması hissəsi təsdiq edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 adlı uşaqların saxlanması üçün hər ay uşaga 120 (bir yüz iyirmi) manat olmaqla, ümumilikdə 240 (iki yüz qırx) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Alimentin ödənilməsinə 12 iyun 2024-cü il tarixdən başlanılsın. Həmin barışıq sazişinin alimentlə bağlı bütün digər şərtləri təsdiq edilsin. Qətnamənin “alimentlə bağlı hissəsi” dərhal icraya yönəldilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar