Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2029/2023 01.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbi barədə mülki işə 01 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində Cavabdeh qarşı iddia qaldıraraq göstərmişdir ki, ünvan 1 və Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında yerləşən mənzil onun və Cavabdeh arasında paylı mülkiyyət olaraq bərabər şəkildə bölünmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 117,87 kv.metr sahəli və 30,12 kv.metr sahəsi bina evi 1/3 hissə payla ona, 2/3 hissə payla Cavabdeh məxsusdur. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-942/2021 saylı qətnaməsi ilə Cavabdeh qarşı payın naturada ayrılması tələbinə dair iddiası rədd edilmişdir. Cavabdeh R.İ.Allahverdyevin evin bölünməsinə razı olmadığını, evin dəyərinin 35000 manat olduğunu qeyd etməklə ünvan 1 ünvanında yerləşən ev və Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında yerləşən mənzili, paylı mülkiyyət olan evlərdən onun payının dəyəri miqdarnda, yəni qırx min manatdan, mənzilin dəyəriin müəyyən edilməsi üçün ekspetizaya ödənilmiş yüz manat və mediasiya xərci olan əlli manat məbləğin yarısı olan 25 manatın cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə və teleqram ünvanlayaraq işə iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 2000-ci ildə İddiaçı ilə evlənmiş, 2002-ci ildə Elgün, 2004-cü ildə Əsmər adlı uşaqları olmuşdur. 2017-ci ildə Aynurla ayrılmış, həmin vaxt Aynur uşaqlardan imtina etmiş və hər iki uşaq onun himayəsində qalmışdır. İddiaçı hər hansı bir məbləği vermək istəmədiyini və imkanının olmadığını bildirərək tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-942/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası qismən təmin edilərək onun ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmiş, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun olaraq naturada bölünməsi tələbinə dair iddiası rədd olunmuşdur. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********60- 10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında 0,0422 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,87 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi Cavabdeh mülkiyyətindədir. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2021-ci il, reyestr nömrəsi **********05- 05101-093044 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışının surətindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 19/1-də yerləşən ümumi sahəsi 30,12 kv.metr olan 45 saylı mənzilin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 87 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında fərdi yaşayış evinin bazar satış qiyməti 150000 (yüz əlli min) manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 88 saylı rəyindən görünür ki, Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 19/1-də yerləşən ümumi sahəsi 30,12 kv.metr olan 45 saylı mənzilin bazar satış qiyməti 35000 (otuz beş min) manat dəyərində qiymətləndirilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə baxışında müəyyən olunduğu kimi Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında 0,0422 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 117,87 kv.metr olan fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi Cavabdeh mülkiyyətindədir. Bundan başqa Mingəçevir şəhəri N.Nərimanov küçəsi ev 19/1-də yerləşən ümumi sahəsi 30,12 kv.metr olan 45 saylı mənzilin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi Cavabdeh mülkiyyətindədir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 942/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinin paylara uyğun olaraq naturada bölünməsi tələbinə dair iddiası rədd olunmuşdur. Cavabdeh mübahisə predmeti olan yaşayış sahələrinə görə İddiaçı hər hansı bir məbləği (kompensasiya) vermək istəmədiyini və imkanının olmadığını bildirmişdir. Bela olan halda aşağıda qeyd olunanlara əsasən iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı yaşayış sahələrinin dəyərinin yarısı tələbinə dair iddiası rədd edildiyindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ekspertizaya ödənilmiş yüz manat və mediasiya xərci olan əlli manat məbləğin yarısı olan 25 manat tələbi də rədd edilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanında yerləşən ev və Mingəçevir şəhəri M.Əzizbəyov 3A ünvanında yerləşən mənzili, paylı mülkiyyət olan evlərdən onun payının dəyəri miqdarnda, yəni qırx min manatdan, mənzilin dəyəriin müəyyən edilməsi üçün ekspertizaya ödənilmiş yüz manat və mediasiya xərci olan əlli manat məbləğin yarısı olan 25 manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2029/2023
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2029/2023
01.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver