Məhkəmə qərarları › İş №2(013)-2771/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2771/2024

19.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2771/2024 19.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qızı xx.xx.1987-ci il təvəllüdlü X1 20 fevral 1995-ci il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs, Maraqlı şəxsndən məhkəməyə ərizə daxil olmuş və ərizədə, şöbənin iş yükünün ağırlığı səbəbindən, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin edə bilməyəcəklərini, mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, özünün X4 ilə xx.xx.1986-cı il tarixdə, Ağdam rayonu, Kəngərli kənd sovetliyində rəsmi nikaha daxzil olaraq ailə qurduqlarını, birgə nikahdan X1 xx.xx.1987-ci ildə dünyaya gəldiyini, mərhum qızı Ərizəçi xx.xx.1995-ci ildə vəfat etdiyini, ölüm haqqında şəhadətnamə almadıqlarını, qızını Yevlax rayonu, Aran qəsəbəsində olan Qaradaşlıq qəbristanlığında dəfn etdiklərini, lakin həmin vaxt məcburi köçkün olduqları üçün mərhum qızı barəsində ölüm haqqında şəhadətnaməni almadığını, onun kiçik yaşda vəfat etdiyini, həm bu, həm də imkansızlıq səbəbindən qəbirüstü abidələrini düzəltdirə bilmədiyini, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Maraqlı şəxsnə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, X6 20 fevral 1995-ci il tarixdə vəfat etmişdir, və o, Yevlax rayonu, Aran qəsəbəsində olan qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, X6 20 fevral 1995-ci il tarixdə 8 yaşında vəfat etmişdir, Yevlax rayonu, Aran qəsəbəsində olan qəbristanlıqda dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 20 fevral 1995-ci il tarixdə vəfat etmiş X1 ölümü barədə, Maraqlı şəxs arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlamalarda heç bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan Ağdam rayon Kəngərli kənd Sovetliyi tərəfindən verilmiş İV-JQ seriyalı 261269 nömrəli “X3”nin surətindən görünür ki, X4 ilə X8 arasında 01 aprel 1986-ci il tarixdə, 10 nömrə ilə qeydə alınmış nikahları bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əliyev”, arvada “Əliyeva” soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş № 1266-05/15 arayışdan görünür ki, X6 xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Göytəpə kəndində anadan olmuşdur. Onun atası X4, anası isə Ərizəçidır. Bu barədə xx.xx.1987-ci il tarixdə Ağdam rayonu, Göytəpə kənd inzibati ərazi nümayəndəliyində №11 doğum haqqında akt qeydi tərtib edilmişdir. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4.1-ci bəndində qeyd edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarının 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X1 20 fevral 1995-ci il ölməsi faktı müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün məhkəmədə iddia qaldırarkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1987-ci il təvəllüdlü X1 20 fevral 1995-ci il tarixdə Yevlax rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar