Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3322/2025 13.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ölüm faktının müəyyən edilməsinə dair ərizə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qızı, X1 15 aprel 1982-ci il tarixdə Ağdam rayonu Mərzili kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, qızı X2 15 aprel 1982-ci ildə Ağdam rayonu Mərzili kəndində vəfat etmiş, həmin kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt bilməməzlikdən qızının ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda vərəsəliklə bağlı ondan qızının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Zərurətlə bağlı ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş və həmin şöbədən bildirmişlər ki, ölmünün qeydə alınması üçün zəruri sənədlər olmadığından aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Faktın müəyyən olunması ona vərəsəliklə bağlı ölüm haqqında şəhadətnamə əldə etmək üçün lazımdır. Faktı dəfn və yas mərasimlərində iştirak etmiş şahidlər, Ağdam rayonu Sarıcalı kəndində yaşayan X11, rayonun Quzanlı-1 Qəsəbəsində yaşayan X5 və X6 da təsdiq edə bilərlər. Ona görə də hesab edir ki, qızı X1 15 aprel 1982-ci ildə Ağdam rayonu Mərzili kəndində vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, 6 övladı olmuş, onlardan 3 uşağı azyaşlı vaxtlarında vəfat etmişlər. Natavan onun ilk uşağı olmuş, 3 aylığında vəfat etmiş, X3 dəfn etmişlər. Ərizəsinin təmin edilməsini istəyir ki, vərəsəlik məsələlərini həll etsin. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs qismində Maraqlı şəxs məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X11 göstərdi ki, Ərizəçi onun qardışının arvadıdır, onunla həmyaşıddırlar. Bənövşənin Şəlalə, Nətavan da 2-3 aylığında vəfat edib. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X5 göstərdi ki, Ərizəçi onun qızıdır. Bənövşənin 3 uşağı azyaşlarında vəfat ediblər, Natəvan 1982-ci ildə ölüb, uşaqlar Mərzili kənində də dəfn olunublar. Həmin vaxt kənddə sağıcı işləmişdir. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə iclasında şahid qismində izahat verən X6 göstərdi ki, Ərizəçi onun bacısıdır. Bənövşənin 6 uşaqları olmuş, onlardan 3 uşağı azyaşlarında vəfat ediblər, Mərzili kənində də dəfn olunublar. Natavan vəfat edəndə Mərzili kəndində yaşayıb. Ərizəçinin göstərdikləri həqiqətdir. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını öyrənib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1960-cı ildə anadan olmuşdur. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi tərəfindən 21 iyul 2010-cu il tarixdə verilmiş AA 224393 seriyalı X10 surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. Maraqlı şəxs tərəfindən 01 oktyabr 2025-ci il tarixdə verilmiş 990-05/15 saylı arayışdan görünür ki, X2 xx.xx.1982-ci ildə Ağdam rayonu Mərzili kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1982-ci il tarixdə Ağdam rayon Mərzili İN-də 029 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. Atası : X4, anası : Ərizəçidır. Ərizəyə əlavə edilmiş Ağdam Rayon İHB-nın X18 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş 08 oktyabr 2025-ci il tarixli AKTdan görünür ki, imza edənlər : 1. X5 – AZE 01218497,
2. X7 – AZE 09880064, 3. X11 – AZE 09875586 bu aktı tərtib etmişlər ondan ötrü ki, Ərizəçi tanıyırlar, onunla həmkənlidirlər. Həqiqətən Ərizəçi qızı X2 01 fevral 1982-ci ildə Ağdam rayonu, Mərzili kəndində anadan olmuş və 15 aprel 1982-ci ildə Mərzili kəndində vəfat etmiş, kənd qəbirstanlığında dəfn edilmişdir. Maraqlı şəxs 01 oktyabr 2025-ci il tarixli, 991-05/15 saylı arayışı ilə ərizəçiyə bildirilmişdir ki, xx.xx.1982-ci ildə Ağdam rayonu Mərzili kəndində vəfat etmiş, mərhum övladı X1 ölümü ilə bağlı Maraqlı şəxs arxivində və «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və N.Sarıyevanın ölümü barədə heç bir məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi faktlardan biri də şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qərarın 9.3-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Qərarın 9.4-cü bəndinə görə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Ərizəçi bildirir ki, müxtəlif səbəblərdən qızının ölümü ilə bağlı müvafiq şəhadətnamə almamış və müraciət etməmişdir. Məlum Qarabağ hadisələri ilə bağlı ərazi işğal olunmuş, bütün arxiv sənədləri işğal bölgəsində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Ərizəçi qızı - X1 15 aprel 1982-ci ildə Ağdam rayonunun Mərzili kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim : E.Bayramov