Məhkəmə qərarları › İş №2(013)-3816/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3816/2025

03.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3816/2025 03.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi - Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə mülki işə 03 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat İtaliya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat İtaliya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat İtaliya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), qiyməti 1000 manat yatağ dəsti (yatağ, 2 tumba, qardirob, güzgülü termo), qiyməti 1300 manat divan, qiyməti 1200 manat paltaryuyan maşın (Samsung, 7 kq), qiyməti 1000 manat pərdə dəsti, qiyməti 435 manat 3 ədəd ayaq altı (5x4 =200 manat, 4 x3 =150 manat, 3x2 =85 manat ), qiyməti 100 manat nahar boşqab dəsti, qiyməti 600 manat ətçəkən maşın (Samsung), qiyməti 35 manat karniz, qiyməti 130 manat olan ütü və ütü atlığı, qiyməti 120 manat olan 4 qutu bokal dəsti, qiyməti 50 manat iki dəst mələfə, qiyməti 25 manat süfrə, qiyməti 30 manat 6 ədəd stul üzü, qiyməti 35 manat blendr, qiyməti 50 manat divar saatı, qiyməti 300 manat 4 ədəd suvenir, qiyməti 35 manat heykəl suvenir, qiyməti 50 manat pokrıval, qiyməti 40 manat 8 ədəd dibçəkdə təbii gül, qiyməti 240 manat qoşa yun döşək, qiyməti 160 manat qoşa yun yorğan, qiyməti 60 manat 2 ədəd tük yastıq, həmin əmlaklar olmadıqda dəyərinin, mediasiya xidmətinə ödənilmiş rüsum əvəzində 60 manat və qiymətləndirilmə rəyinin tərtib edilməsi üçün ödənilmiş 200 manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2010-cü ildə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2008-ci ildə Məhəmmədali, xx.xx.2009-cu ildə Ramin, xx.xx.2014-cu ildə Röyal adlı uşaqları olmuşdur. Artıq xeyli müddətdir iddiaçı cavabdehlə faktiki olaraq ayrılmış, ər-arvadlıq münasibətləri kəsilmiş, birgə təsərrüfat idarə etmir və müxtəlif ünvanlarda yaşayırlar. Tərəflər arasında olan nikah münasibətləri faktiki olaraq bitmişdir. Ağdam Rayon Məhkəməsinin 2(013)-279/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, uşaqlar iddiaçının yanında saxlanılmışdır. İddiaçı mediasiya xidmətinə qızıl-zinət və cehiz əşyalarının tələbinə dair müraciət etmiş, lakin mediasiya sessiyasında da cavabdehlə bu məsələnin qarşılıqlı razılıq əsasında həllinə nail ola bilməmiş, cavabdeh mediasiyaya gəlməmişdir. İddiaçı cavabdehdən qızıl-zinət əşaylarını tələb edərkən sonuncu nalayiq söyüşlər yazaraq iddiaçını təhqir edir. Bununla bağlı iddiaçı votsap yazışması və audio səs yazısı təqdim edir. Cavabdeh məhkəməyə iddia ərizəsinə dair etiraz ünvanlayaraq göstərmişdir ki, iddiaçı ilə 2006-ci ildə qeyri rəsmi ailə həyatı qurmuş, nikahı 01 aprel 2010-cu il tarixdə rəsmiləşdirmiş və 3 uşağı olmuşdur . Ailə həyatı qurarkən Mingəçevir şəhərində cavabdehin anasının adına olan 3 otaqlı mənzildə yaşamışlar. Həmin evdə cavabdehin atası, anası və tərəflər yaşamışlar. Ailə həyatı qurarkən iddiaçı şifoner və qoşa çarpayıdan ibarət yataq dəsti, iki nəfərlik yorğan və döşək, iki ədəd tük yastıq cehiz gətirmişdir. Ailə həyatı quran zaman iddiaçıya cavabdehin valideynləri tərəfindən üzük və sırğadan ibarət dəst, nişan üzüyü, boyunbağı və qolbaq hədiyyə alınmışdır. Qızıllar sadə qaşlı olmuş, briliyant qaşlı olmamışlar. Bütün qızılları cavabdehin valideynləri 2006-cı ildə 1600 manata almışlar. İddiaçı tərəfin cehiz verməyə maddi imkanları olmamışdır. Toy zamanı cavabdehin atası qız evinə 1500 ABŞ dolları vermiş, lakin qız toyu olmamışdır. Cavabdeh 2007-ci ildə ailəsi ilə birlikdə Ukraynaya işləmək üçün getmiş, sənədləri qaydasında olmadığı üçün 2008-ci ildə Azərbaycana deportasiya edilmiş, ailə üzviləri orada qalmışlar. Sənədlərini qaydasına qoyduqdan sonra cavabdeh yenidən Ukrayna Respublikasına qayıtmış, 2013-cü ildə yenidən deportasiya olunmuş, 4 ay Ukraynada başqa ünvanlarda gizlənmişdir. Həmin vaxtı oğlu Ramin xlor içib xəstəxanaya düşmüş, cavabdeh işləyə bilmədiyi üçün evdə pul olmamışdır. İddiaçı qızıl əşyalarını satıb uşağı müalicə etdirmişdir. Cavabdeh sənədlərini bərpa etdikdən, yəni 4 aydan sonra evə gəlmişdir. Qızılları iddiaçı özü satıb uşağın müalicəsinə sərf etmiş, ümumiyyətlə qızıllar həmişə iddiaçının özündə olmuşdur. 2020-ci ilə qədər onlar Ukraynada yaşamış, 2020-ci ildə Azərbaycana qayıtmışlar. Cavabdehin velideynləri Mingəçevir şəhərində yerləşən evi satmış və bir neçə ünvanda yaşamışlar. İddiaçının şifoneri və yataq dəsti sınmışdır. 2020-ci ildə cavabdehin valideynlərinə dövlət tərəfindən Ağdam rayonunun Quzanlı qəsəbəsində ev verilmiş, həmin vaxt iddiaçı və cavabdeh Ukrayna Respublikasında olmuşlar. İddiaçının tələb etdiyi digər əşyalar cavabdehin valideynləri Quzanlı qəsəbəsinə köçərkən özləri almışlar. Həmin əşyalar alınan zaman tərəflər Ukraynada olmuşlar. İddiaçının qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastığı evdədir və istədiyi vaxt götürə bilər. Bundan başqa cavabdehin valideynlərinin evində iddiaçıya məxsus hər hansı cehiz və digər əşyaları yoxdur. X1, X7, X3 və X8 təsdiq edə bilərlər. Ona görə də cavabdeh hesab edir ki, iddianın qoşa döşək, iki ədəd yorğan və 2 ədəd tük yastıq hissəsi təmin olunmalı, qalan hissəsi isə rədd olunmalıdır. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək bildirmişdir ki, tərəflər 2010-cu ildə nikaha daxil olmuş, onların 2 uşağı olmuşdur. Toyda iddiaçıya 7 adda qızıl hədiyyə edilmişdir. 2020-ci ildə iddiaçının anası Ülvüyyəyə yenidən yataq dəsti vermişdir. Tükəz Ülvüyyənin bacısı Aygünlə yazışarkən vəkillə məsləhətləşdiklərini, qızılların satılmasını deyəcəklərini yazmışdır. Rəvan Ülvüyyə ilə yazışarkən qızılları qaytarmayacağını bildirərək nalayiq ifadələr işlətmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı qismən etiraf edərək göstərmişdir ki, Ülvüyyə ilə 2006-cı ildə evlənmiş, 2007-ci ildə birlikdə Rusiya Federasiyasına, 2008-ci ildə isə Ukraynaya getmişlər. 2008-ci ildə Ukraynadan deportasiya olunmuşdur. 2013-cü ildə yenidən Ukraynadan deportasiya olunmuş və qaçaq həyatı yaşayaraq 4-5 ay uşağını görməmiş, aradabir gecə evə gələrək uşaqları görüb getmişdir. 2013-cü ildə oğlu xlor içərək zəhərlənmiş və Ülvüyyə qızılları sataraq uşağı müalicə etdirmişdir. Evlənərkən valideynləri tərəfindən Ülvüyyəyə 2000 ABŞ dollarına (1600 manata) boyunbağı, bilərzik, sırğa-üzük və nişan üzüyü hədiyyə edilmişdir. 2020-ci ildə Ülvüyyə və uşaqları ilə birlikdə Azərbaycana qayıtmışdır. Bundan sonra atası Mehmana dövlət tərəfindən Quzanlı qəsəbəsində ev verilmiş və o, da Ülvüyyə ilə birlikdə həmin evdə yaşamışlar. Anasının pensiya kartı ilə evə cehiz almışlar. Daha sonra Ülvüyyə ona xəyanət etmiş və onlar ayrılmışlar. Ülvüyyəyə məxsus yataq dəsti, pərdə, karniz, postel dəsti, süfrə, qoşa yun döşək, qoşa yun yorğan və iki ədəd yastıq olmuşdur. Ülvüyyənin tələb etdiyi digər cehiz əmlakları olmamışdır. Ülvüyyəyə məxsus yataq dəsti əvvəllər onun valideynlərinə məxsus olan Mingəçevir şəhərində yerləşən evdə olmuş, sonra isə valideynləri evi satarkən bibisinin evinə aparılmışdır. Bibisinin evində yataq dəsti köhnəldiyindən evdən atılmşdır. Qeyd edilənlə əsasən iddianın qismən təmin olunmasını xahiş etmişdir. İddiaçının təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X5 bildirmişdir ki, Ülvüyyə onun qızı, Rəvan isə kürəkəni, həmçinin bacısı oğludur. Ülvüyyə ərə gedəndən Rəvanla münasibətləri pis olmuşdur. Ülvüyyəyə məxsus qızıllar sonuncunun qayınanasında olmuşdur. 2017-ci ildə Rəvanın atası Mehman və anası Tükəz Ülvüyyəyə məxsus qızılları Ukraynadan götürərək Azərbaycana gəlmişlər. Özü də ailəsi ilə birlikdə 2005-ci ildən 2022-ci ilədək Ukraynada yaşamışdır. Ülvüyyənin uşağı xlor içib zəhərlənmişdir. Həmin vaxt müalicə xərclərini özləri çəkmişlər. Ülvüyyə 2020-ci ilədək ailəsi ilə birlikdə Ukraynada qalmışdır. Ülvüyyəyə ərə gedərkən cehiz verilmiş, cehizlər Rəvanın valideynlərinə məxsus olan Mingəçevir şəhərində yerləşən evə yığılmışdır. Sonradan Rəvanın valideynləri evi satmış və kirayədə yaşamış, cehizlər isə kirayə götürülmüş evə aparılmışdır. Rəvanın bibisi Simuzər Kərimova 2018-ci ildə Ülvüyyənin cehizlərini satmışdır. 2021-ci ildə Ülvüyyəyə yenidən 1200 ABŞ dolları göndərmiş və sonuncu özünə yataq dəsti almışdır. Bundan başqa Ülvüyyəyə yenidən 900 manata paltaryutan maşın almışlar. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X3 bildirmişdir ki, qardaşı Ramin 2008-ci ildə zəhərlənmiş, həmin vaxt Raminin 1-2 yaşı olmuş, atası Rəvan isə qaçaq olmuşdur. 2020-ci ildə Azərbaycana gələrək atası rəvan və anası Ülvüyyə ilə birlikdə kirayədə yaşamağa başlamışlar. Anası qulağına 2-3 sırğa vurduğu üçün Rəvanla arasında mübahisə yaranmışdır. Ülvüyyə Rəvanı eşitməmişdir. 2024-cü ildə ata-anası ilə birlikdə Quzanlı qəsəbəsinə köçmüş və babası Mehmana verilmiş evdə yaşamışlar. 3-4 ay qaldıqdan sonra anası ilə birlikdə Mingəçevir şəhərinə qayıdaraq 6-7 ay orada kirayə yaşamış və qardaşı ilə birlikdə atasının yanına gəlmişdir. Mingəçevir şəhərində 6-7 ay ərzində kirayədə yaşadığı müddətdə anasından şübhələnmişdir. Anasının yataq otağında çarpayının altında üztündə 1800 manat qiymət kağızı olan üzük görmüşdür. Anası Elçin adlı şəxslə münasibət qurmuşdur. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X8 bildirmişdir ki, nənəsi Tükəz yaşadığı evə kreditlə yataq dəsti, mətbəx mebeli almışdır. Tükəz işləyərək aldığı malların pulunu ödəmişdir. Cavabdehin təşəbbüsü ilə şahid qismində məhkəmədə ifadə verən X7 bildirmişdir ki, Rəvan onun oğludur. Əvvəllər Rəvan və gəlini Ülvüyyə ilə birlikdə uzun müddət Ukraynada yaşamışlar. Nəvəsi Ramin zəhərləndiyi vaxt Ülvüyyə qızıllarını sataraq uşağı müalicə etdirmişdir. Ülvüyyənin qızılları kimə satması ona məlum olmamışdır. Rəvan və Ülvüyyədən əvvəl o və əri Mehman Azərbaycana qayıtmış və həmin vaxt Ülvüyyənin qızıllarını özü ilə gətirməmişdir. Onların ailəsinə Quzanlı qəsəbəsində ev verilmiş, Ülvüyyənin anası həmin evə qızı üçün yataq dəsti və paltaryuyan almışdır. Məhkəmədə elan olunmuş Mingəçevir şəhəri "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 104 saylı rəydən görünür ki, İddiaçı tələb etdiyi əmlakların qiyməti onun iddia ərizəsində göstərdiyi qiymətlərlə eynilik təşkil edir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(013)-279/2025 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı iddiası təmin edilərək onunla Cavabdeh arasında xx.xx.2010-cu ildə Ağdam Rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 09 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçı tərəfin təqdim etdiyi altı ədəd fotoşəkildən görünür ki, İddiaçı üzərində boyunbağı və qolbaq olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışında məlum olmuşdur ki, iddiaçıya toyu və nişanı vaxtı 1600 manata qızıl boyunbağı, bilərzik, sırğa-üzük və nişan üzüyü, qiyməti 1000 manat olan 5 ədəd pərdə, 35 manat olan karniz, 50 manat olan 2 ədəd postel dəsti, 25 manat olan süfrə, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, 60 manat iki ədəd yastıq, sonradan isə qiyməti 1000 manat olan yataq dəsti, qiyməti 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın hədiyyə edilmişdir. Tərəflər arasında nikah münasibətləri pozulduqdan sonra həmin əmlaklar cavabdehin qanunsuz istifadəsində qalmışdır. Belə olan halda İddiaçı mülkiyyətində olan əmlakları cavabdehdən tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsində qeyd olunmuşdur ki, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 660.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləşdirilməyibsə hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İddiaçı iddia ərizəsində çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat İtaliya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat İtaliya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat İtaliya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı) tələb etmiş, lakin həmin qızlların əyarı çəkisi, qiyməti, ümumiyyətlə mövcudluğu və cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilməmişdir. Bu səbəbdən məhkəmə iddianın sözügedən qızıl əşyaları hissəsində rədd olunması qənaətinə gəlmişdir. Cavabdeh isə məhkəmədə verdiyi izahatında iddiaçıya 2000 ABŞ dollarına (1600 manata) boyunbağı, bilərzik, sırğa-üzük və nişan üzüyü hədiyyə edildiyini etiraf etmiş, lakin sözügedən əmlakın əyarı, çəkisi və qiyməti barədə sübut təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə iddiaçının qızıl əşyaları tələbini cavabdehin mövcudluğunu etiraf etdiyi qaydada təmin olunmasını məqsədə müvafiq hesab etmişdir. Cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçının qızılları sataraq uşağını müalicə etdirdiyini bildirsə də, bu halı sübut edə bilməmişdir. Cavabdeh məhkəmədə izahat verərkən Ülvüyyəyə məxsus yataq dəsti, pərdə, karniz, psatel dəsti, süfrə, qoşa yun döşək, qoşa yun yorğan və iki ədəd yastığın olduğunu bildirmişdir. Cavabdehin təşəbbüsü ilə dindirilmiş şahid – anası Tükaz Məmmədova isə ifadə verərkən Ülvüyyənin anasının qızı üçün yataq dəsti və paltaryuyan aldığını bildirmişdir. Göründüyü kimi iddiaçı yataq dəsti, pərdə, karniz, psatel dəsti, süfrə, qoşa yun döşək, qoşa yun yorğan, iki ədəd yastıq, paltaryutandan başqa cehiz əşyalarının mövcudluğunu və cavabdehin qanunsuz sahibliyində qalmasını sübut edə bilməmişdir. Bu səbəbdən cehiz əmlakı tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qiymətləndirilmə üçün tərəfin çəkdiyi 200 manat xərcin cavabdehdən alınaraq iddiaçıya verilməsi qanunvericilikdə nəzərdə tutulmadığından iddianın həmin hissəsi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu əvəzində 74,30 manat tutulmalı, həmçinin iddiaçının mediasiya xidmətinə ödədiyi 60 manat cavabdehdən alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227 ,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh cəmi qiyməti 1600 (bir min altı yız) manat olan boyunbağı, bilərzik, sırğaüzük, nişan üzüyü, qiyməti 1000 manat olan 5 ədəd pərdə, 35 manat olan karniz, 50 manat olan 2 ədəd postel dəsti, 25 manat olan süfrə, 240 manat olan qoşa yun döşək, 160 manat olan qoşa yun yorğan, 60 manat iki ədəd yastıq, 1000 manat olan yataq dəsti, 1200 manat «Samsung» markalı 7 kiloqramlıq paltaryuyan maşın, həmin əmlaklar olmadıqda onların dəyəri, mediasiya xidmətinə ödənilmiş rüsum əvəzində 60 manat alınaraq İddiaçı verilsin. Cavabdeh 74 (yetmiş dörd) manat 30 (otuz) qəpik dövlət rüsumu tutulsun. İddiaçı Cavabdeh qarşı olan iddiasının qalan – çəkisi 24,7 qram, əyarı 750, qiyməti 4940 manat İtaliya istehsalı olan (brilyant qaşlı) boyunbağı, çəkisi 13,7 qram, əyarı 750, qiyməti 2740 manat İtaliya istehsalı olan (brilyant qaşlı) qolbaq, çəkisi 15,3 qram, əyarı 750, qiyməti 3060 manat İtaliya istehsalı olan (brilyant qaşlı) dəst tana və üzük, çəkisi 8,5 qram, əyarı 750, qiyməti 1700 manat İtaliya istehsalı olan (brilyant qaşlı) nişan üzüyü, çəkisi 30,2 qram, əyarı 583, qiyməti 3926 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 30,2 qram, əyarı 583, qiyməti 1680 manat Rusiya istehsalı olan boyunbağı və klon (bismak), çəkisi 8,7 qram, əyarı 585, qiyməti 1218 manat Rusiya istehsalı olan boyunbağı (zimeyka saçaqlı), qiyməti 1300 manat divan, qiyməti 435 manat 3 ədəd ayaq altı (5x4 =200 manat, 4 x3 =150 manat, 3x2 =85 manat ), qiyməti 100 manat nahar boşqab dəsti, qiyməti 600 manat ətçəkən maşın (Samsung), qiyməti 130 manat olan ütü və ütü atlığı, qiyməti 120 manat olan 4 qutu bokal dəsti, qiyməti 30 manat 6 ədəd stul üzü, qiyməti 35 manat blendr, qiyməti 50 manat divar saatı, qiyməti 300 manat 4 ədəd suvenir, qiyməti 35 manat heykəl suvenir, qiyməti 50 manat pokrıval, qiyməti 40 manat 8 ədəd dibçəkdə təbii gül, həmin əmlaklar olmadıqda dəyərinin və qiymətləndirilmə rəyinin tərtib edilməsi üçün ödənilmiş 200 manat tələbinə dair hissəsi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar