Məhkəmə qərarları › İş №2(013)-9/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-9/2024

14.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-9/2024 14.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – «Defendo» Vəkil Bürosunun vəkili Vəkil , Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qarşı torpaq sahəsinin naturada ayrılması, kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi və əmlakın açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsi tələbi barədə mülki işə 14 fevral 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və X1 Şəxsin Bərdə Rayon Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Ağdam rayonunun Paşabəyli kəndində 0,25 ha torpaq sahəsində yerləşən 202,7 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin, Ağdam rayonu Xındırıstan kəndində yerləşən 2,33 ha və 0,6271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin iddiaçı və cavabdehlərin payına uyğun olaraq naturada bölünməsi, bu mümkün olmadıqda payının əvəzi kimi pul vəsaitinin cavabdehlər tərəfindən ona kompensasiya kimi ödənilməsi, cavabdehlər bundan imtina etdikdə isə qeyd edilən əmlakların açıq hərracdan satılaraq əldə olunan vəsaitin tərəflərin payına uyğun olaraq bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil mülki işin sonuncu məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh3 xx.xx.2022-ci ildə vəfat etdiyini, bu halın ona iddia qaldırıldıqdan sonra məlum olduğunu qeyd etməklə Cavabdeh3 cavabdehlər siyahısından çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı müdafiə edərək göstərmişdir ki, Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(013)- 2360/25021 saylı qətnaməsini ləğv edən Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(104)-835/2022 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, yəni miras əmlakdakı payları aşağıdakı kimi müəyyən edilmişdir. Məhkəmə Kollegiyasının qətnaməsi ilə Ağdam rayonunun Paşabəyli kəndində 0,25 ha torpaq sahəsində yerləşən 202,7 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinin 17/20 hissəsinə, həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin 19/40 hissəsinə, Ağdam rayonunun Xındırıstan kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2,33 ha və 0,6271 ha torpaq sahələrinin hər birinin 19/40 hissəsinə İddiaçı payı müəyyən edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin qətnaməsindən verilmiş Kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4459/2022 saylı qərarı ilə təmin edilməmişdir. Cavabdehlərin hər birinin evin 1/20 hissəsinə, torpaq sahəsinin isə 7/40 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Hazırda mübahisəli daşınmaz əmlakların tərəflərin payına uyğun olaraq naturada bölgüsünə, bu mümkün olmadıqda, açıq hərracdan satılaraq tərəflərin payına uyğun olaraq pulunun bölünməsinə ehtiyac vardır. Belə ki, iddiaçı ilə cavabdehlər həmin əmlaklardan birgə istifadə edə və öz paylarını naturada bölə bilmirlər. Hazırda İddiaçı cavabdehlərin təqsiri ucbatından öz payından sərbəst şəkildə istifadə edə bilmədiyindən iddia qaldırmaq məcburiyyətində qaldığını qeyd etməklə tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 iddianı etiraf etməyərək və atasından miras qalaraq onun və bacı-qardaşlarının birgə mülkiyyətinə verilmiş ev və torpaq sahələrinə görə İddiaçı 20000 (iyirmi min) manat tələb etdiyini qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş qeydiyyat nömrəsi **********, tarixli xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Paşabəyli kəndində yerləşən ümumi sahəsi 202,7 kv.metr fərdi yaşayış evinin 17/20 hissəsi, 0,25 ha torpaq sahəsinin 19/40 hissəsi İddiaçı, fərdi yaşayış evinin 1/20 hissəsi, 0,25 ha torpaq sahəsinin 7/40 hissəsi Cavabdeh1, fərdi yaşayış evinin 1/20 hissəsi, 0,25 ha torpaq sahəsinin 7/40 hissəsi Cavabdeh3, fərdi yaşayış evinin 1/20 hissəsi, 0,25 ha torpaq sahəsinin 7/40 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Qeydiyyat nömrəsi **********, tarixli xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 2,33 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsinin 19/40 hissəsi İddiaçı, 7/40 hissəsi Cavabdeh1, 7/40 hissəsi Cavabdeh3, 7/40 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Qeydiyyat nömrəsi **********, tarixli xx.xx.2023-cü il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 0,6271 ha kənd təsəsrrüfatı təyinatlı torpaq sahəsinin 19/40 hissəsi İddiaçı, 7/40 hissəsi Cavabdeh1, 7/40 hissəsi Cavabdeh3, 7/40 hissəsi Cavabdeh2 mülkiyyətindədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 3-16-16/2-10/5918-9/6110 nömrəli rəyindən görünür ki, Ağdam rayonunun Paşabəyli kəndində 0,25 ha torpaq sahəsində yerləşən 202,7 kv.m. ümumi sahəsi olan iki mərtəbəli fərdi yaşayış evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 61000 (altmış bir min) manat (202,7 x 300) məbləğində, Ağdam rayonu Xındırıstan kəndində yerləşən 233 sot (2,33 ha) torpaq sahəsinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 110000 (yüz on min) manat (233 sot x 475), 62,71 sot (0,6271 ha) torpaq sahəsinin hazırki bazar qiymətlərinə uyğun ümumi dəyəri isə təqribən 30000 (otuz min) manat (62,71 sot x 475) məbləğində müəyyən edilir. Ağdam rayonunun Paşabəyli kəndində yerləşən 0,25 ha torpaq sahəsi, həmin torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 202,7 kv.metr olan fərdi yaşayış evi və Ağdam rayonu Xındırıstan kəndində yerləşən 2,33 ha və 0,6271 ha torpaq sahələrinin mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada ayrılmasının Azərbaycan Dövlət Tikinti Normaları 2.0.6-1-nin «şəhər,qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması»-nın küçə və yol çəbəkələri bölməsinin 8 və 9 saylı cədvəllərin, İnşaat Norma və Qaydaları»-nın 2.08.01.89-un, 1.1, 2.2, 2.4, 2.7 və 2.9-cu bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, Ağdam rayonunun Paşabəyli kəndində 0,25 ha torpaq sahəsində yerləşən 202,7 kv.m. ümumi sahəsi olan fərdi yaşayış evinin, həmin evin yerləşdiyi 0,25 ha torpaq sahəsinin, Ağdam rayonu Xındırıstan kəndində yerləşən 2,33 ha və 0,6271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi mümkün olmamışdır. İddiaçı tərəf öz payının dəyərinin ödənilməsini cavabdehlərdən tələb etsə də, sonuncular kompensasiya vermək istəməmişlər. Bundan başqa cavabdehlər ümumi əmlakda olan payının dəyərinin iddiaçı tərəfindən onlara ödənilməsinə razı olmamışlar. Belə olan halda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-220.6-cı maddələrini və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarını rəhbər tutmaqla təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsində göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Həmin Məcəllənin 220.6-cı maddəsində göstərilmişdir ki, bu Məcəllənin 220.3- 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Bu baxımdan, paylı mülkiyyətin mülkiyyətçilərinin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən ekspertiza xərci olan 100 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Ağdam rayonunun Paşabəyli kəndində 0,25 ha torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 202,7 kv.metr olan fərdi yaşayış evi, Ağdam rayonu Xındırıstan kəndində yerləşən 2,33 ha və 0,6271 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri açıq hərracdan satılsın və satışdan əldə olunmuş pul mülkiyyətçilər arasında paylara uyğun olaraq bölüşdürülsün. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar