Məhkəmə qərarları › İş №2(013)-909/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-909/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-909/2025 08.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 06 oktyabr 2008-ci ildə Tovuz rayonunda doğulmuş oğlu X2 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonunda ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə heç bir məlumat verməmiş, nə də ki, işin baxılmasının təxirə salınmasını xahiş etməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək, Ağdam rayonu, Qullar kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonunun Kamandar kəndində ailə üzvləri ilə birlikdə yaşadığını, X3 ilə faktiki olaraq ailə qurduqlarını və qeyri rəsmi nikahlarından üç övladlarının olduğunu, hər üç övladının da onun soyadını daşıdığını, 06 oktyabr 2008-ci il təvəllüdlü oğlu X2 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanları otararkən, ildırım vurması nəticəsində vəfat etdiyini, həmin vaxt meyidin yanaraq quruması səbəbindən daxili müayinə olunmadığını və tibbi arayış verilmədiyini, bu səbəbdən övladının ölümü ilə bağlı ölüm haqqında şəhadətnamə almadığını, onu Şəmkir rayon, Sarıtəpə kənd qəbristanlığında dəfn etdiklərini, lakin mərhum oğlu vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Maraqlı şəxsnə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, X8 onun oğludur və o, 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanları otararkən, ildırım vurması nəticəsində vəfat etmişdir, və o, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, X8 onun bacısı oğludur. O, 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu, Kamandar kəndi ərazisində yerləşən otlaq sahəsində heyvanları otararkən, ildırım vurması nəticəsində vəfat etmişdir, və o, Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin və şahid izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına olan Şəmkir rayon prokurorunun böyük müstəntiqi X1 02 sentyabr 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu Sarıtəpə kəndində yaşamış X4 ildirım vurması nəticəsində ölməsi faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-2881 nömrəli arayışdan görünür ki, X2 ölümünün qeydə alınmasına əsas verən zəruri sənədlər (məhkəmə qətnaməsi, ölüm haqqında tibbi şəhadətnamə və s.) təqdim edilə bilmədiyinə görə ölümün qeydə alınması mümkün olmamışdır. Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cü il tarixli 03 №-li qərarının 4.8-ci bəndində qeyd edilmişdir ki, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Məhkəmə qeyd edir ki, 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonu Sarıtəpə kəndində yaşamış X4 ildirım vurması nəticəsində ölməsi Şəmkir Rayon Prokuroruğunda araşdırılaraq 02 sentyabr 2024-cü il tarixli «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarı ilə təsdiq edilmişdir. Həmçinin, həmin qərardan görünür ki, göstərilən ildirım vurması hadisəsindən sonra X7 X14 Stansiyasının həkimləri tərəfindən müayinə edilmiş və soncunun öldüyünü təsdiq etmişlər. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X5 25 avqust 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, ərizəçi məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. 06 oktyabr 2008-ci ildə Tovuz rayonunda doğulmuş X2 25 avqust 2024-cü il tarixdə Şəmkir rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar