Məhkəmə qərarları › İş №2(014)-1289/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1289/2021

23.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1289/2021 23.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq və miras qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq və miras qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi atası X6 1929-cu ildə babası Eminov Əmirxan və nənəsi Eminova Töyfənin birgə nikahından doğulmuşdur. Həmçinin, X1 da 1934-cü ildə babası Eminov Əmirxan və nənəsi Eminova Töyfənin birgə nikahından doğulmuşdur. X1 12.01.1979-cu ildə Ağdaş rayonu Şəkili kənd sakini X10 ilə ailə qurmuşdur. Birgə nikahlarından övladları olmamışdır. X10 08.08.1994-cü ildə vəfat etmişdir. Bundan sonra da X1 Ağdaş rayonu Şəkili kəndində yerləşən şəxsi mülkiyyətində onlarla birlikdə yaşamışdır. X12 19.12.2019-cu ildə beyindaxili qansızma nəticəsində qəflətən vəfat etmişdir. Mərhum X1 vəfat etdiyi günədək Ağdaş rayon Şəkili kəndində onunla birlikdə yaşamışdır. Mərhumun ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda mərhum X1nın mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişdir. Mərhum X1nın yeganə vərəsəsinin onun olduğu müəyyən edilmişdir. Lakin qohumluq münasibətlərini təsdiq edən mərhum atası X3 və X1nın doğum haqqında şəhadətnamələrini qeydiyyat şöbəsindən və arxiv idarəsindən əldə etmək mümkün olmamışdır. Mərhum X1 ilə qohumluq münasibətlərini təsdiq edən sənədi başqa formada əldə etmək mümkün olmadığından, doğum haqqında şəhadətnamələri almaq mümkün deyildir. Bu səbəbdən də mərhum bacısı X12 ilə onun qohumluq münasibətləri faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizədə göstərilənləri təsdiq etmiş və ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxs Ağdaş rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. X12 onun bibisi olmuşdur. X1 19.12.2019-cu ildə vəfat etmişdir. Mərhum X23 vəfat etdiyi günədək Ağdaş rayon Şəkili kəndində Ərizəçi ilə birlikdə yaşamışdır. Başqa bibisi və əmisi sağ qalmamış, vəfat etmişlər. Bibiləri vəfat edən gündən indiyədək onun Ağdaş rayon Şəkili kəndində yerləşən fərdi yaşayış evini, 0,12 ha torpaq sahəsini və 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Ərizəçi miras əmlak kimi faktiki idarə edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. X12 onun bibisi olmuşdur. X1 19.12.2019-cu ildə vəfat etmişdir. Bibisindən ev və torpaq qalmışdır. Bibisinin övladı olmamışdır. Başqa bibisi və əmisi qalmamış, vəfaf etmişlər. Bibisinin ölümündən sonra ondan qalmış evi həyətyanı torpaq sahəsi ilə birlikdə və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini Ərizəçi miras əmlak kimi qəbul etmişdir. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən 07.10.2013-cü il tarixdə verilmiş AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1962-ci il tarixdə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmaqla Ağdaş rayonunun Şəkili kəndində qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 06.02.2020-ci il tarixdə verilmiş 336 saylı məktubdan görünür ki, mərhum X4 adına Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 10.01.2020-ci il tarixli 14 №-li ölüm haqqında akt qeydi tərtib edilmişdir. Ölüm haqqında akt qeydində sonuncu yaşayış yeri Ağdaş rayonu Şəkili kəndində qeydiyyata alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Notariat ofisinin 13 mart 2021-ci il tarixli, 174 saylı məktubundan görünür ki, Ərizəçi X12 ilə qohumluq münasibəti faktının və mirasın qəbulu faktının təsdiq edilməsi ilə bağlı müvafiq ərizə ilə müraciət etmək hüququ ərizəçiyə izah olunmuşdur. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 11.02.2020-ci il tarixdə verilmiş № 285 saylı arayışdan görünür ki, X4 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1943-1949-cu ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 qeyd edilən doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 05.02.2020-ci il tarixdə verilmiş № 337 saylı arayışdan görünür ki, X10 ilə X12 12.01.1979-cu il tarixdə 02 №-li akt qeydi ilə nikaha daxil olmuşlar. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 11.02.2020-ci il tarixdə verilmiş № 284 saylı arayışdan görünür ki, X3 doğum haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə 1943-1949-cu ilədək olan dövrə aid “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X3 qeyd edilən doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 29.01.2020-ci il tarixdə verilmiş № 301 saylı ölüm haqqında arayışdan görünür ki, X10 24.06.1994-cü ildə kəskin ürək-damar çatışmazlığından vəfat etmişdir. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 30.01.2020-ci il tarixdə verilmiş № 309 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı 1934-cü ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olmuş Ağdaş rayonunun Şəkili kəndində qeydiyyatda olmuş mərhumə X12 və ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə həmin şəxsə dair yoxlama 30.01.2020-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı: X7 (vəfat edib), bacısı: X13 (vəfat edib), qardaşı: X8 (vəfat edib), qardaşı: X6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 Ərizəçi bibisi olması və Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Ağdaş rayon Şəkili kəndində yerləşən X9 verilmiş fərdi yaşayış evinin və həyətyanı sahə təyinatlı 0,12 ha torpaq sahəsinin və 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxs Ağdaş rayon Notariat ofisinə qarşı qohumluq və miras qəbulu faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. X4 Ərizəçi bibisi olması faktı müəyyən edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Ağdaş rayon Şəkili kəndində yerləşən X9 verilmiş fərdi yaşayış evi və həyətyanı sahə təyinatlı 0,12 ha torpaq sahəsinin və 0,69 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi faktiki olaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar