Məhkəmə qərarları › İş №2(014)-1561/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1561/2025

22.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1561/2025 22.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi» barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xx.xx.1951-ci ildə anadan olmuş Kudinov (Osmanov) Nikolay Qriqori oğlunun 03 dekabr 2004-cü il tarixdə Rusiya Federativ Respublikasında vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, X4 ilə xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin vaxtdan əri də onun soyadını, yəni Osmanov soyadını götürmüşdür. Birgə nikahından X6 və Şahid1 olmuşdur. Uşaqlarının ata adını özləri sonradan qeydiyyat şöbəsində dəyişdirərək Kamal kimi qeyd etdirmişlər. Uzun illər əvvəl əri işləmək məqsədilə Rusiya Federativ Respublikasına getmiş, lakin 03 dekabr 2004-cü ildə həmin ölkədə vəfat etmiş, o zamanlar nəşinin gətirilməsi mümkün olmadığından orada da dəfn olunmuşdur. Həmin vaxtı əri Nikolaya Ağdaş rayonunda yas mərasimi keçirməklə ehsan vermişdir. Hazırda Ağdaş rayonunda ona məxsus evi satmaq üçün rəsmiləşdirmək istəmiş, lakin bu vaxta qədər əri Nikolay Osmanovun ölümü haqqında şəhadətnamə ala bilmədiyinə görə rəsmiləşdirmə mümkün olmamışdır. Buna görə də o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Nümayəndə ərizəçinin xahişinin təmin olunub-olunmamasını məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini, maraqlı şəxsin nümayəndəsini və şahidləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o ərizəçinin əmisi qızıdır, Bəsti X1 ilə evlənərək Ağdaş rayonunda yaşamış, iki övladları olmuş, lakin uzun illər əvvəl Nikolay Rusiya Federasiyasına getmiş və xatırladığı qədər 2004-cü ilin dekabr ayında orada vəfat etmiş, onun nəşi Ağdaşa gətirilməsə də Ağdaş rayonunda əmisinin həyətində onun ölümü ilə bağlı yas mərasimi təşkil edilmiş, bütün qohumlar, tanışlar da orada iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o ərizəçinin əmisi qızıdır, Bəsti X1 ilə evlənərək Ağdaş rayonunda yaşamış, iki övladları olmuş, lakin uzun illər əvvəl Nikolay Rusiya Federasiyasına getmiş və 03 dekab 2004-cü ildə orada vəfat etmiş, onun nəşi Ağdaşa gətirilməsə də Ağdaş rayonunda əmisinin həyətində onun ölümü ilə bağlı yas mərasimi təşkil edilmiş, bütün qohumlar, tanışlar da orada iştirak etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 13 fevral 1951-ci ildə Ağdaş şəhərində anadan olmuş, atası X7, anası X2. İşdə olan V-ЖГ 422468 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi 21 fevral 1977-ci il tarixdə 07 nömrəli akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Osmanov, arvada Osmanova soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, xx.xx.1951-ci ildə Ağdaş şəhərində anadan olan X3 ölümünü təsdiq edən sənədin olmaması nəzərə alınaraq, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X11 tərəfindən verilmiş 03 iyul 2025-ci il tarixli məktubdan görünür ki, X3 xx.xx.2004-cü il tarixdə ölümünün qeydiyyata alınmasından imtina edilmiş, bu səbəbdən Ağdaş rayon Məhkəməsinə müraciət etmək tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1951-ci ildə Ağdaş şəhərində anadan olmuş Osmanov (Kudinov) Nikolay Qriqoryeviçin (Qriqori oğlunun) xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, xx.xx.1951-ci ildə Ağdaş şəhərində anadan olmuş Kudinov(Osmanov) Nikalay Qriqori oğlunun xx.xx.2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. 13 fevral 1951-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş Osmanov (Kudinov) Nikolay Qriqoryeviçin (Qriqori oğlunun) 03 dekabr 2004-cü il tarixdə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar