Məhkəmə qərarları › İş №2(014)-8/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-8/2022

25.04.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-8/2022 25.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı “Qaz İxrac” İdarəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikilinin sökülməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Qaz İxrac” İdarəsi cavabdehlər Cavabdeh1 qarşı qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan tikilinin sökülməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Ağdaş Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 tərəfindən Ağdaş rayonunun, Qulbəndə kəndi ərazisində keçən qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan fərdi yaşayış evi Cavabdeh1 öz vəsaiti hesabına sökülməsi, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasından çıxarılması qət edilmiş, iş üzrə Cavabdeh1 ərizəsi əsasında məhkəmənin 09 aprel 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək iş üzrə icraat təzələnmiş, iddiaçının nümayəndəsinin razılığı ilə Cavabdeh2 cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçı “Qaz İxrac” İdarəsi iddiasını onunla əsaslandırmışdır ki, Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası Nazirlər kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının tələbləri pozularaq yüksək təzyiqli, yeraltı 325 mm-lik “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 23 metr məsafədə mişar daşından fərdi yaşayış evi inşa olunur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarının 2.23 bəndinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərazilərinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Həmin qərarın 2.7-ci bəndinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir: boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Göstərilən məsafədə hər hansı bir tikinti inşa olunması qadağandır. Cavabdeh tərəfindən inşa edilməkdə olan yaşayış evinin yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yerləşdiyindən qanunsuz tikilidir və daim təhlükə mənbəyidir. Kəmərin zədələnməsi və qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə səbəb ola bilər. “Texniki təhlükəsizlik haqqında” 02.11.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.05.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri (QPS-lər) neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri Sahəsi tərəfindən cavabdehə tikintinin dayandırılması və adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tələbləri yerinə yetirməmişdir. Odur ki, Cavabdeh1 tərəfindən Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində keçən qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan fərdi yaşayış evinin cavabdehin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə sonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, mübahisə predmeti olan tikilinin bünövrəsi 2015-ci ildə kürəkəni tərəfindən qoyulmuşdur. Kürəkəni 2017-ci ildə vəfat etmişdir və 4 uşağı vardır. 2019-cu ildə tikili onun tərəfindən 2 metr hündürlüyündə inşa edilmişdir. Tikilinin inşa edilməsi üçün müəyyən qədər vəsaitdən istifadə edildiyi üçün “Qaz İxrac” İdarəsinin tələbi əsassızdır və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında idianı qəbul etməyərək Cavabdeh1 izahatına oxşar izahat verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. 10 sentyabr 2020-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh1 tərəfindən “Qaz İxrac” İdarəsi Ağdaş MQKS-ya məxsus D-325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin Ağdaş rayonu, Qulbəndə kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasında, kəmərdən 23 metr məsafədə mişar daşından fərdi yaşayış evi inşa olunur. “Qaz İxrac” İdarəsi Ağdaş MQKS tərəfindən Cavabdeh1 ünvanlanmış İC-01/630 10.09.2020-ci il tarixli qaz kəmərinin mühafizə zonasının pozulması barədə bildirişin surətindən görünür ki, “Qaz İxrac” İdarəsi Ağdaş MQKS-nin balans və istismarında olan, Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində keçən, yüksək təzyiqli, yeraltı “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 23 metr məsafədə Cavabdeh1 tərəfindən mişar daşından fərdi yaşayış evi inşa olunur. Adı çəkilən qaz kəməri yüksək təzyiqli olması, orada hər an baş verə biləcək qaz sızması zamanı yarana biləcək partlayışların nəticəsində bədbəxt hadisələrə, yəni onlara və onlara aid əmlaka dəyə biləcək ziyanların qabaqcadan aradan qaldırılması məqsədilə onlar tərəfindən aparılan tikinti işlərinin dayandırılması, sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Qaz İxrac” İdarəsi Ağdaş Magistral X1 ünvanlanmış 19 fevral 2020-ci il tarixli, 93 saylı məktubdan görünür ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının Qulbəndə kənd sakini Cavabdeh1 2015-ci ildə Qulbəndə bələdiyyəsi tərəfindən qızı Cavabdeh2 ayrılmış həyətyanı torpaq sahəsində tikinti işlərinə başlamışdır. Vətəndaşla söhbət zamanı bildirilmişdir ki, onların inşa etdikləri yaşayış evi “Qəbələ QPS” qolu qaz kəmərinin Ağdaş rayonu, Qulbəndə kəndi ərazisindən keçən hissəsində kəmərin mühafizə zonasındadır. Hal-hazırda tikinti işləri aparılmır. Ağdaş Rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli Qərardadın surətindən görünür ki, Cavabdeh1 Ağdaş rayonu, Qulbəndə kənd ərazisində keçən yüksək təzyiqli 3255 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə zonasında tikinti işlərinin (yaşayış evi) və tikintiyə dair hansı hüquqi hərəkətlərin (sənədləşdirilməsi, dövlət reyestr qeydiyyatına salması və s.) aparılması qadağan edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli **********43 saylı ekspertizanın nəticəsindən görünür ki, Ağdaş rayonu, Qulbəndə kəndi ərazisindən keçən hissəsində baxış zamanı qaz kəmərindən təqdim olunan yarımçıq tikiliyə qədər 25.0 metr müəyyən edildiyini nəzərə alınsa, həmin yarımçıq tikilinin qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri qaydaları”nın 2.7 bəndində göstərilən 50 metrlik mühafizə zonasına düşdüyü müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 108.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası torpaq məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericilikdə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin təhlükəsizlik zonasında torpaq sahəsinin özünkiləşdirilməsinə dair bağladığı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdehin mühafizə zonasında inşa etdiyi qanunsuz tikili həm özünün, həm də ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlığı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfin həm də, digərləri tərəfindən ala bilinən zərərlərə görə, məsuliyyət Azərbaycan Respublikasının MM-nin 1108 və 1116 maddələrinə əsasən, təqsirli şəxs kimi özünün üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. «N.Məmmədovun şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün 31 yanvar 2006-cı il tarixli qərarında belə qənaətə gəlmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır.İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində cavabdehlər tərərindən yüksək təzyiqli, yeraltı 325 mm-lik “Qəbələ QPS” qolu qaz kəmərinin mühafizə zonasında, kəmərdən 23 metr məsafədə mişar daşından fərdi yaşayış evi inşa olunur və bu da cavabdehlər tərəfindən qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxarır. Belə ki, cavabdehlər tərəfindən mühafizə zonasında inşa etdiyi qanunsuz tikili həm özlərinin, həm də ətrafdakılar üçün məlum olan səbəblərdən yüksək təhlükə mənbəyi hesab olunmaqla həm özlərinin, həm də digərlərinin zərər almasına gətirib çıxara bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər tərəfindən Ağdaş rayonu, Qulbəndə kəndi ərazisində küçən qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan fərdi yaşayış evinin cavabdehlərin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə sonasından çıxarılmalı, ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidr. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən Ağdaş rayonu, Qulbəndə kəndi ərazisindən keçən qaz kəmərinin mühafizə zonasında inşa edilməkdə olan fərdi yaşayış evi cavabdehlərin öz vəsaiti hesabına sökülərək, 325 mm-lik Qəbələ QPS qolu qaz kəmərinin mühafizə sonasından çıxarılsın. Ödənilmiş 10 manat 40 qəpik (on manat qırx qəpik) dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı “Qaz İxrac” İdarəsinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar