Məhkəmə qərarları › İş №2(016)-172/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-172/2023

03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-172/2023 03.04.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölümün qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 08 iyul 1987-ci ildə anadan olmuş və 18 oktyabr 2012-ci ildə Ağsu rayonu Təklə kəndində vəfat etmiş uşağı X6 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 21 may 1964-cü ildə Ağsu rayonu Təklə kəndində anadan olmuşdur. X11 ilə el adətinə uyğun olaraq evlənmişlər. Birgə nikahlarından 08 iyul 1987-ci ildə Firad adlı uşaqları anadan olmuşdur. Lakin uşaqları X12 18 oktyabr 2012-ci ildə vəfat etmiş və onu qəbirstanlıqda dəfn etmişlər. Mərhum uşağının dəfnində qohum əqrabaları, onları tanıyanlar iştirak etmişlər. Mərhum uşağı X12 rəhmətə getdikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışlar. Mərhumun ölümünün qeydə alınıb-alınmaması barədə Ağsu rayon Qeydiyyat şöbəsinə müraciət etsə də orada uşağın ölüm akt qeydi tapılmamış və ona aidiyyəti üzrə Ağsu Rayon Məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Digər tərəfdən, mərhum oğlunun ölüm faktının müəyyən edilməsi miras qalmış torpaq sahəsi vərəsələri arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum oğlunun ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. Mərhum uşağı X12 18 oktyabr 2012-ci ildə Ağsu rayonu Təklə kəndində vəfat etmiş və onu yas mərasimində iştirak edən şəxslərin iştirakı ilə Qobustan rayonu Təklə kənd qəbirstanlığında dəfn etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1987-ci ildə Ağsu rayonu, Təklə kəndində anadan olmaqla atası X11, anası X3r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2022-ci il tarixli, 854 saylı məktubla müəyyən edilir ki, 08 iyul 1987-ci il tarixdə Ağsu rayonu, Təklə kəndində anadan olmuş uşağı X6 ölümü haqqında akt qeydi şöbədə aşkar edilməmişdir. İş materiallarında olan Qobustan rayon İcra Hakimiyyəti başçısının Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 530 saylı arayışda bildirilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X2 rayon Təklə kəndində dəfn olunmuşdur. Məzar daşının üzərində ölüm tarixi xx.xx.2012-ci il göstərilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X20 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışda bildirilmişdir ki, X8 hal-hazırda Ağsu rayonunun Təklə kəndində yaşayır. İş materiallarında olan foto şəkildən görünür ki, X6 xx.xx.1987-ci il tarixdə anadan olmaqla xx.xx.2012-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin həmkəndlisidir. 2012ci ilin oktyabr ayında X12 rəhmətə getmişdir. Mərhum xəstə idi. Dəfnində, hüzr məclisində iştirak etmişdir. X7 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin xalası oğludur. Mərhum 2012-ci ildə rəhmətə gedib, yas mərasimində iştirak etmişdir. Mərhum Qobustan rayonunun Təklə kənd qəbristanlığında dəfn olunub. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Firad Allahyarovun 18 oktyabr 2012-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin miras qalmış əmlakın bölüşdürülməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Firad Allahyarovun ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Firad Allahyarovun 18 oktyabr 2012-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08 iyul 1987-ci il təvəllüdlü X6 18 oktyabr 2012-ci il tarixdə Ağsu rayonu, Təklə kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar