Məhkəmə qərarları › İş №2(016)-210/2023

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №2(016)-210/2023

31.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № 2(016)-210/2023 31.03.2023 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Ağayev Rəşad Vidadi oğlunun katibliyi, X1 iştirakı ilə, X1 maraqlı şəxs Ağsu Rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1974-cü il təvəllüdlü oğlu X5 02 noyabr 2017-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçinin əsaslandırması: Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, onun mərhum oğlu xx.xx.1974-cü ildə Ağsu rayonu, Cəlayır kəndində anadan olmuşdur. 02 noyabr 2017-ci ildə yaşadığı Ağsu rayonu, Cəlayır kəndində ürək tutması səbəbindən dünyasını dəyişmişdir. Lakin onun ölümü heç bir dövlət qurumlarında rəsmi qeydə alınmamışdır. Hal-hazırda yaşadığı evin sənədləşdirilməsi üçün oğlu X5 ölüm faktının müəyyən edilməsinə zəruriyyət yaranmışdır. O, oğlunun ölüm haqqında şəhadətnaməsini almaq üçün Ağsu rayon Qeydiyyat şöbəsinə müraciət etmiş və ona məhkəməyə müraciət etməsi bildirilmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Ərizəçi ərizənin məzmunu ilə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə Ağsu rayonu, Cəlayır kəndində anadan olmaqla, atası X9, anası X10r. İş materiallarında olan Ağsu Rayon Qeydiyyat Şöbəsi tərəfindən ərizəçiyə ünvanlanan xx.xx.2023-cü il tarixli, 54 saylı məktubda bildirilmişdir ki, X5 ölümü Şöbəsinin arxivində aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə bir qrup Ağsu rayonu, Cəlayır kəndinin sakinləri və X19 ərazi dairəsi üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Ağsu rayonu, Cəlayır kəndində qeydiyyatda olmuş və orda yaşamış xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2017-ci il tarixdə Cəlayır kəndində vəfat etmiş və kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti başçısının X19 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X4 rayonunun, Cəlayır kəndində qeydiyyatda olmaqla hal-hazırda həmin ünvanda yaşayır. İş materiallarında olan foto şəkildən görünür ki, X5 xx.xx.1974-cü il tarixdə anadan olmaqla xx.xx.2017-ci ildə vəfat etməsini əks etdirən qəbir üstü daşı qoyulmuşdur. X3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Onlar bir kənddə olmuş, səs küyə gəlmişlər və X5 rəhmətə getdiyini görmüşlər. Yas mərasimlərində iştirak etmişdir. Mərhum Cəlayır kənd qəbrstanlığında dəfn olunmuşdur. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, ərizəçinin qardaşı, rəhmətə gedənin dayısıdır. Mərhum xəstə olmuş, 2017-ci ildə rəhmətə getmişdir. O, yas mərasimlərində iştirak etmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin digər materialları ilə Elburus Cəfərovun 02 noyabr 2017-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə hesab edir ki, ölüm faktının müəyyən edilməsinin evə dair hüquqmüəyyənedici sənədlərin əldə edilməsi üçün hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. MPM-in 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X5 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə Elburus Cəfərovun xx.xx.2017-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər dəlilləri ilə sübuta yetirildiyindən, ərizə əsaslıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdə Ağsu rayonu, Cəlayır kəndində ölməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar